15 may 2026 22:13
82

Frontex: Aİ-yə qeyri-qanuni keçidlərin sayı 40 faiz azalıb

Bu ilin ilk dörd ayında Avropa İttifaqı (Aİ) sərhədlərindən qeyri-qanuni keçidlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalaraq 28 min 500-dən bir qədər çox olub.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) məlumatında qeyd edilib. Bildirilib ki, azalma tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsi, əsas çıxış ölkələrində qabaqlayıcı tədbirlərin görülməsi və ilin əvvəlində müşahidə olunan əlverişsiz hava şəraiti ilə bağlıdır.

Frontex-in məlumatına görə, Mərkəzi Aralıq dənizi marşrutu ilin ilk dörd ayında Aİ-yə qeyri-qanuni miqrasiyanın ən intensiv istiqaməti olub. Bu marşrut üzrə təxminən 8500 keçid qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 46 faiz azalma deməkdir. Əsas çıxış nöqtəsi yenə də Liviya olub.

Ən kəskin azalma isə Qərbi Afrika marşrutunda qeydə alınıb. Burada qanunsuz keçidlərin sayı 78 faiz azalaraq təxminən 2300-ə düşüb. Frontex bunu Mavritaniya, Seneqal və Qambiyanın İspaniya və Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə əlaqələndirib.

Bununla yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2026-cı ilin əvvəlindən indiyədək Aralıq dənizində 1200-dən çox insan həyatını itirib. Frontex hazırda Aİ-nin xarici sərhədlərində 3800-dən çox əməkdaşının fəaliyyət göstərdiyini bildirib.