15 may 2026 23:23
107

Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub. Zirvə görüşü yeni yaranan texnologiyaların transformasiyası potensialından istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqələrin gücləndirilməsi istiqamətində Türk dövlətləri arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov "İki sahil"ə bildirib ki, TDT çərçivəsində son illərdə süni intellekt (Sİ), rəqəmsallaşma və texnoloji inteqrasiya istiqamətində ciddi addımlar atılır. Bu proses xüsusilə 2024–2026-cı illərdə sürətlənib. 2024-cü ildə Bişkek şəhərində ilk dəfə  “Türk Dövlətlərinin Süni İntellekt Sammiti” keçirilib. Sammitdə Sİ strategiyalarının hazırlanması, ortaq rəqəmsal platformalar, dövlət idarəçiliyində Sİ tətbiqi, kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyat məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib ki, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb.

2025-ci ildə Azərbaycanda Süni İntellekt Strategiyası qəbul edilib. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.

Hazırda rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

İlyas Hüseynov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türk dünyasının mənəvi paytaxtı Türküstanda keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və rəqəmsal baxımdan gücləndirilmiş gələcəyin qurulması istiqamətində ortaq baxışın güclü simvolu kimi çıxış edir. Zirvənin Türk dövlətləri arasında birlik, həmrəylik və nəticəyönümlü əməkdaşlığı daha da gücləndirəcəyi gözlənilir. TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Türküstan şəhərindəki “Həzrət Sultan” Muzey-Qoruğunun və Xoca Əhməd Yasəvi məqbərəsinin ziyarət edilməsi zəngin tarixi irsə hörməti ifadə edir.

TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.