17 may 2026 20:13
174

Azərbaycan ən qlobal WUF tədbirinə uğurla ev sahibliyi edir

Müasir dünyada dayanıqlı inkişafın, ekoloji balansın və innovativ idarəetmənin təməli məhz düzgün planlaşdırılmış şəhərsalma siyasətinə söykənir. Bu gün müstəqil Azərbaycan beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəniyyət layihələrinin mərkəzi olmaqla yanaşı, həm də müasir urbanizasiya tendensiyalarının müəyyənləşdiyi strateji məkana çevrilib. Bu kontekstdə Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür.

Mayın 17-dən 22-dək Bakı Olimpiya Stadionunun ərazisində təşkil ediləcək və “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə fərqlənir.

Yüksək hazırlıq prosesi və mükəmməl koordinasiya

WUF13 kimi irimiqyaslı, qlobal əhəmiyyətli tədbirin yüksək səviyyədə, qüsursuz və təhlükəsiz keçirilməsini təmin etmək məqsədilə ölkəmizdə xüsusi Təşkilat Komitəsi yaradılıb. Forumun hazırlıq mərhələsindən başlayaraq infrastrukturun qurulmasına, logistik fəaliyyətin uzlaşdırılmasına qədər görülən hər bir iş Təşkilat Komitəsinin rəhbərliyi tərəfindən daim ciddi nəzarətdə saxlanılıb. Əməliyyatların sinxron şəkildə aparılması, dövlət qurumları ilə beynəlxalq tərəfdaşlar arasında səmərəli koordinasiyanın qurulması məhz bu nəzarətin nəticəsidir. WUF13-ün Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar respublikamızın qlobal miqyasda mühüm tədbirləri idarəetmə bacarığına olan sonsuz etimadın və Azərbaycanın şəhərsalma modelinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətində modern şəhərsalma fəaliyyəti Prezident İlham Əliyev tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Ölkəmizdə memarlıq ənənələrinin qorunması, eyni zamanda, müasir urbanizasiya çağırışlarına cavab verən ekosistemlərin qurulması dövlət siyasətinin prioritet xəttini təşkil edir. Ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu sahəyə göstərilən ali diqqətin və verilən böyük əhəmiyyətin daha bir ifadəsidir.

Azərbaycan qlobal şəhərsalma proseslərini daim diqqət mərkəzində saxlayan ölkə kimi bu istiqamətdə təkcə nəzəri konsepsiyalar hazırlamır, həm də innovativ yanaşmalar irəli sürərək onları praktiki müstəvidə uğurla tətbiq edir. Öz miqyasına, əhatə dairəsinə və icra sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi bunun ən parlaq və bariz təzahürüdür. Bu mənada, Bakıda keçirilən WUF13 Azərbaycanın formalaşdırdığı konseptual şəhərsalma yanaşmasının, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən unikal praktiki təcrübənin beynəlxalq arenada təqdimatı üçün əvəzolunmaz qlobal platformadır.

53 hektarlıq ərazidə inteqrasiya olunmuş vahid əməliyyat sistemi

Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi, ümumilikdə, 53 hektar sahəni təşkil edir. Forumun logistik və infrastruktur bölgüsü yüksək beynəlxalq standartlara uyğun olaraq xırdalıqlarına qədər planlaşdırılıb:

Ərazilərin bölgüsü - 53 hektarlıq sahənin 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi ayrılıb.

Vahid əməliyyat sistemi - Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri tam inteqrasiya olunmuş vahid sistem kimi təşkil edilib.

Yüksəksəviyyəli qonaqlar üçün xüsusi zonalar - Dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi xidmət məkanları qurulub.

Böyük tədbir zalı - Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi əsas zal eyni vaxtda 6 min nəfərə qədər iştirakçını qəbul etmək imkanına malikdir.

Sessiyanın əsas müzakirələrin aparıldığı və paralel tədbirlərin keçirildiyi xüsusi zona 3,55 hektar sahəni əhatə edir. İclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulan bu zonada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün mükəmməl şərait yaradılıb. Tədbir çərçivəsində gündə təxminən 300-ə yaxın paralel sessiya, görüş və müzakirələr keçiriləcək.

İştirakçı axınının səmərəli idarə edilməsi məqsədilə tədbir ərazisi üzrə məkanlarda və açıq hava zonalarında 35-dən çox iaşə məntəqəsi yerləşdirilib ki, bu da qonaqların xidmətlərə əlçatanlığını maksimum dərəcədə təmin edir.

Forumun işıqlandırılması üçün ayrılan 2 hektarlıq sahədə “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. Ümumi tutumu 600 nəfər olan müasir “Media mərkəzi”ndə eyni vaxtda 400 jurnalistin sərbəst işləməsi üçün iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi fəaliyyət göstərir.

İştirakçıların Bakının gözəl mühitindən zövq alması üçün 2,5 hektar ərazidə açıq hava formatlı “WUF13 Bulvarı” da yaradılıb. Bu unikal məkan iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında real şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub.

WUF13 zamanı könüllülər qlobal miqyaslı tədbirin iştirakçılarını qarşılayır, qeydiyyat və informasiya dəstəyi göstərir, müxtəlif sessiya və sərgilərdə təşkilati işlərə yardım edir, həmçinin mədəni proqramların həyata keçirilməsində iştirak edirlər. Könüllülər WUF13-ün hazırlıq mərhələsi və tədbir günlərində mühüm rol oynamaqla yanaşı, dayanıqlı şəhərlərin gələcək inkişafına həsr olunmuş aparıcı dünya platformalarından birinin fəaliyyətinə töhfə verirlər.

Tədbirin ən maraqlı və vizual baxımdan zəngin hissələrindən biri də 3,5 hektar sahəni əhatə edən “Urban Expo zonası”dır. Sabah fəaliyyətə başlayacaq “Urban Expo” miqyasına görə WUF tarixinin ən böyük sərgisi olacaq. Burada ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, QHT-lər, fondlar, təhsil və tədqiqat qurumları öz layihələrini nümayiş etdirəcəklər. “Urban Expo”da dünyanın müxtəlif ölkələrindən 217 təşkilat iştirak edəcək, 66 ölkə isə milli pavilyonlarla təmsil olunacaq. Bir sözlə, sərgi Bakı Olimpiya Stadionunu mənzil həlləri, innovasiya və əməkdaşlığın qlobal nümayişi məkanına çevirəcək.

Nəqliyyatın idarə olunması üçün ayrılmış 10 hektarlıq xüsusi zona ümumi əməliyyat ərazisinə tam inteqrasiya edilib. Avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi prosesləri burada yüksək dəqiqliklə idarə olunur. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, ekoloji təmiz elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları vahid nəqliyyat planı əsasında tənzimlənir.

Məkana daxil olan qonaqların qeydiyyatı sahəsində eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı mövcuddur. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları təşkil edilib. Bu əməliyyatlar Azərbaycanın peşəkar əməliyyat komandası tərəfindən idarə olunur. Həmçinin sessiyanın fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyən rəqəmsal əməliyyat mərkəzi fəaliyyətdədir.

WUF13: rekord iştirakçı sayı, tarixi yenilik və Bakının qlobal uğuru

Bakının ev sahibliyi etdiyi bu beynəlxalq tədbir artıq indidən WUF tarixində rekordlarla yadda qalır. Belə ki, tədbirdə iştirak etmək üçün 180-dən çox ölkədən 40 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstəricidir. Həmçinin WUF13 qlobal şəhərsalma forumları tarixində ilk dəfə olaraq proqrama Liderlər Sammiti seqmentinin daxil edilməsi baxımından da müstəsna və tarixi əhəmiyyət kəsb edir.

Bu beynəlxalq tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və müasir şəhərsalma modeli – "Böyük Qayıdış" proqramının uğurları da dünyaya təqdim olunur. İşğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, eləcə də bu regionların tamamilə yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya, ekoloji bərpa və post-münaqişə dövrünün yenidənqurma fəaliyyəti sahəsində qabaqcıl və unikal nümunə kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Beləliklə, WUF13 sessiyasının Bakıda uğurla keçirilməsi Azərbaycanın dünya miqyaslı problemlərin həllində aparıcı qüvvə olduğunu, təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına verdiyi qlobal töhfəni bir daha bütün dünyaya nümayiş etdirir.