18 may 2026 11:42
162

Kamerunlu şəhərsalma mütəxəssisi: Bakı memarlığı ilə məni heyran etdi

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının  (WUF13) ikinci günündə tədbir iştirakçıları şəhərsalma, dayanıqlı inkişaf və urban mühitlə bağlı təklif və fikirlərini bölüşürlər. Forum çərçivəsində müxtəlif ölkələrdən gələn mütəxəssislər və ekspertlər Azərbaycanın paytaxtı Bakı ilə bağlı təəssüratlarını da ifadə edirlər.

WUF13-ün iştirakçılarından biri Kamerundan  olan şəhərsalma mütəxəssisi, Expertise France təşkilatında çalışan Qay Tçakam (Guy TCHAKAM) “İki sahil”ə özəl açıqlamasında Bakı haqqında müsbət fikirlər səsləndirib. O, forumda ilk dəfə iştirak etdiyini və Azərbaycana da ilk səfərinin olduğunu bildirib.

Qay Tçakam Bakıda ona göstərilən qonaqpərvərlikdən məmnun qaldığını qeyd edib: “Bakıya ilk dəfə gəlirəm və bu, Ümumdünya Şəhərsalma Forumunda da ilk iştirakımdır. Azərbaycanlıların qonaqpərvərliyindən çox razıyam. Şəhərin memarlığı həm ənənəvi, həm də müasir üslubda tikililər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə şəhər mərkəzindəki müasir binalar və qüllələr diqqət çəkir”.

O, həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətini xüsusi qeyd edərək bildirib ki, bu cür platformalar müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirərək təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, forum şəhərlərin dayanıqlı inkişafı, innovativ şəhər planlaşdırılması və qlobal problemlərə birgə həll yollarının tapılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda Qay Tçakam forumdan gözləntilərini də ifadə edib. O, bu cür beynəlxalq tədbirlərin daha çox əməkdaşlıq imkanları yaratmasını, ölkələr arasında şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsinin güclənməsini arzuladığını bildirib. Onun fikrincə, forumun nəticələri gələcəkdə daha yaşıl, daha dayanıqlı və daha inklüziv şəhərlərin formalaşmasına töhfə verə bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”