18 may 2026 13:14
96

Mourinyo növbəti mövsümdən “Real Madrid”ə rəhbərlik edəcək

İspaniyanın "Real Madrid" klubu ilə portuqaliyalı mütəxəssis Jose Mourinyo arasında baş məşqçi təyinatı ilə bağlı razılıq əldə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında iki illik müqavilə imzalanacaq. Rəsmi anlaşmanın yaxın günlərdə elan ediləcəyi gözlənilir. Mourinyo “Real”ın mövsümdəki son oyunundan sonra — mayın 23-də Madridə gələcək.

Portuqaliyalı mütəxəssis baş məşqçi postunda Álvaro Arbeloanı əvəz edəcək. Mourinyonun 2026-cı ilin sentyabrından rəhbərlik etdiyi "Benfica" klubu isə bu keçidə görə 6 milyon avro kompensasiya alacaq.

63 yaşlı Joze Mourinyo daha əvvəl 2010–2013-cü illərdə də “Real Madrid”in baş məşqçisi olub. Onun rəhbərliyi altında Madrid klubu İspaniya çempionu olub, həmçinin ölkə kuboku və superkubokunu qazanıb.

Mourinyo karyerası ərzində "Porto", "Celsi", "İnter" Milan, "Manchester Yunayted", "Tottenhem" və "Roma" kimi komandaları da çalışdırıb.

O, baş məşqçi kimi iki dəfə UEFA Çempionlar Liqasını və iki dəfə UEFA Avropa Liqasını qazanıb. 2017-ci ildə isə UEFA Mourinyonu 1954-cü ildən bəri Avropa futbolunun inkişafına ən çox təsir göstərmiş on məşqçidən biri kimi siyahıya daxil edib.