22 may 2026 18:40
146

Enerji diplomatiyası Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) çağırışlarının, mahiyyətinin, gələcək şəhərlərin modelinin beynəlxalq ictimaiyyətə çatdırmaqda əhəmiyyətli rol oynadı

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına Azərbaycanın yüksək səviyyədə ev sahibliyi başa çatdı. Təbii ki, bundan sonrakı mərhələ tədbirə ev sahibliyi edən Azərbaycan ilə yanaşı, digər iştirakçı plkələr üçün də önəmlidir. Bu baxımdan ki, uğurlu nəticələr həm Forumun əhəmiyyətini, həm də tədbir çərçivəsində dialoqun hansı səviyyədə qurulduğunu nümayiş etdirir. Azərbaycanın hər zaman əməkdaşlıq və dialoq mərkəzi kimi tanınması və nüfuz qazanması qlobal çağırışları özündə əks etdirən, ümumi həlli yollarının axtarıldığı hər bir tədbirin uğurlu nəticələrlə yadda qalmasını şərtləndirir. Qlobal şəhər gündəliyinin ölkəmizdə müzakirrə olunması bütün məqamlara aydınlıq gətirir. Tədbirin yekunu olaraq BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün Milli Koordinatoru Anar Quliyevin, BMT Baş katibinin müavini xanım Əminə Məhəmmədin, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyeronun iştirakı ilə mətbuat konfransı keçirildi. BMT Baş katibinin müavini xanım Əminə Məhəmmədin fikirlərini qeyd etmək istərdik. O, bildirdi ki, geosiyasi gərginliklər və münaqişələrin dünya liderlərinin gündəmini zəbt etdiyi bir dövrdə Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya və insan məskunlaşmaları üzrə əsas qlobal platforma olduğunu bir daha nümayiş etdirdi. Əminə Məhəmməd Azərbaycana, UN-Habitat-a və bütün tərəfdaşlara WUF13-ün uğurlu təşkilinə görə təşəkkür etdi. Vurğuladı ki, Forum hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli icmaları, gəncləri, qadın qruplarını, akademik dairələri və BMT sistemini ortaq urban gələcək ətrafında bir araya gətirdi. Bakıda keçirilən müzakirələr bir həqiqəti bir daha təsdiqləyib: Mənzil məsələsi yerli fəaliyyət tələb edən qlobal gündəmdir. Mənzilə insan və ləyaqət prizmasından yanaşılmalı, bu sahədə həyata keçirilən siyasətlər dayanıqlılığı gücləndirməli, sosial və iqtisadi həyatı canlandırmalı və insanı mərkəzə qoyaraq gələcəyi formalaşdırmalıdır.

Bakıda 6 gün davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın şəhərsalma sahəsində keçdiyi inkişaf yolunu, həmçinin onun əsas tərkib hissəsi kimi milli irsimizin qorunmasına, qədimliklə müasirliyin sintezinin yaradılmasına nə qədər önəm verdiyini nümayiş etdirdi. Gələcəyin dayanıqlı şəhərlərinin modeli müəyyənləşdirildi və 182 ölkədən 45 mindən artıq iştirakçının vasitəsilə dünyaya çatdırıldı.

Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası hələ bundan sonra daha geniş şəkildə ölkə və dünya mətbuatında geniş şərh olunacaq. Dövlətimizin başçısı İlham Əliyev istər Forumun açılış mərasimində, istərsə də “Euronews” televiziyasına müsahibəsində bu tədbirin əhəmiyyəti ilə bərabər, nələri vəd etdiyini də açıqladı. Sözügedən müsahibəsində “WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq roluna hansı töhfəni verir” sualına cavabında qeyd etdi ki, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. İştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

Bu reallıq da qeyd edildi ki, Forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Prezident İlham Əliyev müsahibəsində, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan işlərin, həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji layihələrinin qlobal şəhər innovasiyalarına verə biləcəyi töhfələri də diqqətə çatdırdı. Qeyd etdi ki, şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik. İlk növbədə, elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib. Dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib. Şəhərlərin Baş planları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.

Cənab İlham Əliyevin hər bir müsahibəsində, çıxışında diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi davamlı töhfələr olur. Beynəlxalq ekspertlər qeyd edirlər ki, Avropa ölkələrinin Azərbaycana marağı davamlı və strateji xarakter daşıyır. Bu marağın əsasını qitənin enerji təhlükəsizliyi ilə bağlı artan narahatlıqları, alternativ mənbə və marşrutlara ehtiyac, eləcə də Azərbaycanın həyata keçirdiyi balanslı xarici siyasət təşkil edir. Reallıq budur ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Bu layihələr ölkələri, xalqları bir araya gətirir, yeni körpülərin qurulmasına yol açır. Avropa enerji xəritəsində baş verən dəyişikliklər fonunda Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi ön plana çıxır. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas aldığını təsdiqləyən Cənub Qaz Dəhlizi yalnız enerji layihəsi deyil, həm də geosiyasi sabitlik amilidir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu illər keçdikcə daha da artır, əməkdaşlıq yeni mərhələyə daxil olub. Enerji ilə yanaşı, sənaye, yüksək texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanı Avropa üçün çoxşaxəli tərəfdaşa çevirir. Bu isə münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, daha geniş iqtisadi platformaya keçdiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır, Azərbaycana yeni tərəfdaşlar qazandırır. Azərbaycanın uğurlarını şərtləndirən amillər daha aydın şəkildə nəzərə çarpır. Ölkəmizin enerji və nəqliyyat imkanları əməkdaşlığı daha da möhkəmləndirir.

Hazırda yaşıl enerjiyə keçid prioritetdir. Ölkənin karbohidrogen ehtiyatları ilə yanaşı, bərpaolunan enerji mənbələrinə (külək və Günəş enerjisi) yatırılan sərmayələr və Xəzər dənizindən Avropaya yaşıl enerji körpüsünün yaradılması təşəbbüsləri beynəlxalq aləmdə rəğbətlə qarşılanır. Enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi ölkəmizin dünyəvi güc amilini və geosiyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı bu sahədə əlaqələrin genişləndirilməsini təmin edir. Bunun üçün 2024-cü ildə COP24 iqlim konfransının keçirilməsindən sonra yaşıl enerjiyə keçid istiqamətində atılan addımlara, yeni əməkdaşlıq formatlarına diqqət yetirmək kifayətdir. Azərbaycan ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji sahəsində də mühüm uğurları ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində Avropanın enerji mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın rolunun necə inkişaf edəcəyini şərh edərkən bildirdi ki, biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır. Prezident İlham Əliyev onu da qeyd etdi ki, xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur.

Müsahibədə Azərbaycanın diplomatiyanın və sabitliyin fəal tərəfdarlarından olduğu xüsusi qeyd edildi. Təbii ki, bugünümüzün uğurları hər zaman Azərbaycanın enerji sektorunda qazandığı uğurların təhlilini bir zərurət kimi qarşıya qoyur. İlk növbədə sabitlik hər bir inkişafın əsası kimi önə çəkilir. Reallıq budur ki, hər bir dövlət əməkdaşlıq qurmaq istədiyi ölkədə ilk olaraq sabitliyə, təhlükəsizliyin təminatına xüsusi diqqət yetirir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı. Ölkəmizdə sabitliyin möhkəmləndirilməsi fonunda Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün investisiyaların həcmi 350 milyard dollardır. Bu, Azərbaycanın bugününə və gələcəyinə inamın göstəricidir. Sonrakı mərhələlərdə Cənub Qaz Dəhlizinin təməli qoyuldu, “Yeni əsrin müqaviləsi” imzalandı, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması növbəti layihələri şərtləndirir. Azərbaycan enerji diplomatiyası davamlı uğurlara yol açır. Bu baxımdan ölkəmiz qarşıya çıxan hər bir çətinlikdən, böhrandan az itki ilə çıxır. Eyni zamanda, həmin dövrdə dəiqtisadi artımı ilə dünyanın diqqətində olur. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin qarşısında yeni imkanlar yaradır.

Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində “Hazırda Hörmüz böhranı regional və qlobal iqtisadiyyata təsir göstərir. Azərbaycan bu vəziyyətə necə yanaşır və bunun öhdəsindən necə gəlir” sualını çavablandırarkən bildirdi ki, təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq. O da vurğulandı ki, enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın: “Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq”.

Göründüyü kimi, Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə nümunədir. Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı, müsahibəsi, görüşü yoxdur ki, Azərbaycanın sülhlə yanaşı, enerji təcrübəsindən də bəhs etməsin. Uğurlu enerji siyasətimiz nəticəsində qazanılan təcrübə regional sabitlik, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından təkmil model kimi dəyərləndirilir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Forumun çağırışlarını və mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaqda əhəmiyyətli rol oynadı. Enerji amili bütün tədbirlərdə müzakirə edilən əsas məsələr sırasındadır. Ümumdünya Şəhərsalma Forumunun məqsəd və məramına diqqət yetirdikdə enerji diplomatiyasının uğurlarının təhlilini zəruri edən səbəblər açıqlanır. WUF platformasında şəhərlərin gələcəyinin əsası kimi iqlim dəyişiklikləri, yaşayış məskənlərinin inkişafı, “ağıllı şəhər”lər, sosial inklüzivlik, ekoloji dayanıqlılıq və digər aktual məsələlər əsas müzakirə predmetinə çevrilir. COP-lar ilə Ümumdünya Şəhərsalma forumları arasında daha sıx əlaqə yaratmaq məqsədilə “Bakı Davamlılıq Koalisiyası” adlı yeni təşəbbüs formalaşdırılıb. Bu təşəbbüs çərçivəsində Azərbaycan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və UN-Habitat arasında müvafiq niyyət sənədi imzalanıb. Sənəd innovasiya, beynəlxalq əməkdaşlıq və iqlim fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, şəhərlərin dayanıqlı gələcəyinin formalaşdırılması istiqamətində tərəflərin ortaq öhdəliyini təsdiqləyir və bu sahədə qlobal tərəfdaşlığın dərinləşdirilməsinə dair mühüm mesaj verir. Müasir şəhərlərin əsas problem iqlim dəyişikliyi ilə mübarizədir. Bunun üçün tərəfdaşlığın möhkəmləndirilməsi, yeni körpülərin qurulması əsasdır. Şübhə yoxdur ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası uğurlu nəticələri ilə yeni dostların, tərəfdaşların qazanılmasında, körpülərin qurulmasında öz sözünü deyəcək.

Yeganə Əliyeva, “İki sahil”