BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan Urban Expo sərgisi iştirakçılar üçün həm şəhərsalma, həm də inklüziv inkişaf sahəsində yeni yanaşmaların təqdim olunduğu mühüm platformaya çevrilib. Müxtəlif ölkələrdən olan qonaqlar burada innovativ layihələr, sosial təşəbbüslər və yaradıcı təqdimatlarla yaxından tanış olurlar.
“İki sahil” forum iştirakçılarının təəssüratlarını öyrənməyə davam edir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Anara Məmmədova “İki sahil”ə özəl açıqlamasında bildirib ki, WUF13 həm təşkilatçılığı, həm də beynəlxalq iştirakçıların fəallığı ilə onda olduqca müsbət təəssürat yaradıb:
“Ümumiyyətlə, forumu çox bəyəndim. Burada çoxlu əcnəbi qonaqlar iştirak edir, maraqlı stendlər və fərqli təqdimatlar nümayiş olunur. Düşünürəm ki, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük irəliləyişdir”.
Anara Məmmədova forum çərçivəsində yaradılan müsbət atmosferi də xüsusi vurğulayıb: “Həm əhvali-ruhiyyə çox gözəldir, həm də insanlar bir-birilərini maarifləndirirlər. Buraya gələn hər kəs müəyyən bilik və təcrübə qazanır. Mən özüm də müxtəlif stendlərlə tanış olduqca yeni məlumatlar əldə etdim”.

O qeyd edib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin pavilyonu da Urban Expo sərgisində böyük maraqla qarşılanıb. Pavilyonda mərkəzin benefisiarlarının əl işləri, rəsm əsərləri və müxtəlif yaradıcılıq nümunələri nümayiş etdirilib.
Anara Məmmədovanın sözlərinə görə, artıq beş ildir fəaliyyət göstərən mərkəz həssas qrupdan olan şəxslərin müxtəlif istiqamətlər üzrə inkişafına dəstək verir: “Mərkəzdə musiqi, rəssamlıq, fotoqrafiya, toxuculuq, xalçaçılıq, floristika və digər sahələr üzrə fəaliyyət göstərilir. Forum çərçivəsində pavilyonumuzun təqdim olunması mərkəzin daha geniş auditoriyaya tanıdılması baxımından mühüm rol oynadı”.
O bildirib ki, pavilyona həm yerli, həm də xarici qonaqlar böyük maraq göstəriblər. Mərkəzin əməkdaşları və benefisiarları ziyarətçilərə Azərbaycan, ingilis və rus dillərində məlumat təqdim ediblər: “Bizim fəaliyyətimiz haqqında əvvəllər məlumatı olmayan insanlar da burada maarifləndilər. Əcnəbi qonaqlar xüsusilə inklüziv inkişaf və əlçatanlıq məsələlərinə böyük maraq göstərirdilər”.
Anara Məmmədova forum günlərində mərkəzin musiqi istiqaməti üzrə benefisiarlarının müxtəlif çıxışlarla iştirak etdiyini də diqqətə çatdırıb. O qeyd edib ki, təşkil olunan musiqi proqramları və ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb: “Əcnəbi qonaqlar musiqi proqramlarında çox aktiv iştirak edir, rəqs edir və əylənirdilər. Bu proqramlar həm sosial mediada böyük maraq yaratdı, həm də benefisiarlar üçün unudulmaz xatirəyə çevrildi”.
Sonda Anara Məmmədova bildirib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Urban Expo-dakı əsas məqsədi inklüzivlik, şəhərlərin əlçatanlığı və sosial bərabərlik məsələlərinə diqqət çəkmək olub:
“Pavilyonumuza göstərilən maraq onu deməyə əsas verir ki, bu mesajları ictimaiyyətə çatdıra bilmişik”.
Yaqut Ağaşahqızı,”İki sahil”