ABŞ-ın “SpaceX” şirkəti mayın 22-də “Starship” kosmik gəmisinin prototipini və gücləndirici raketi 12-ci sınaq uçuşu çərçivəsində orbitə göndərib.
“İki sahil” xəbər verir ki, buraxılış “X” sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.
Raket Texas ştatında yerləşən “Starbase” kosmodromundan ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:30-da, Bakı vaxtı ilə isə saat 02:30-da havaya qalxıb. “Starship S39” modeli “SpaceX”in üçüncü nəsil V3 raket seriyasının ilk nümunəsi hesab olunur. Hündürlüyü 124 metr, çəkisi isə təxminən 8 min ton olan raket tarixdə ən iri kosmik daşıyıcılardan biri sayılır. Sınaq uçuşunun təxminən bir saat davam etməsi planlaşdırılır.
Şirkət uçuş zamanı “Starlink” rabitə şəbəkəsinə aid 20 peyk simulyatorunu gəmidən çıxarmağı nəzərdə tutur. Bundan əlavə, daha iki peyk vasitəsilə “Starship”in istilikdən qoruyucu örtüyünün skan edilərək əldə olunan məlumatların Yerə ötürülməsi planlaşdırılır.
“SpaceX” həmçinin “Raptor” mühərriklərindən birini kosmosda yenidən işə salmağı hədəfləyir. Missiyanın sonunda gəminin Hind okeanına eniş etməsi gözlənilir.
Bu, “Starship”in 2026-cı ildə həyata keçirilən ilk sınaq missiyasıdır. Bundan əvvəlki uçuş 2025-ci ilin oktyabr ayında baş tutmuşdu.
Şirkətin planına əsasən, “Starship” sistemi gələcəkdə pilotlu kosmik uçuşlar, peyklərin orbitə çıxarılması, eləcə də Ay, Mars və digər göy cisimlərinə missiyalar üçün istifadə olunacaq. Layihə çərçivəsində həm “Super Heavy” sürətləndiricisinin, həm də “Starship” gəmisinin təkrar istifadə edilə bilən və şaquli eniş edə bilən formada işlənməsi nəzərdə tutulur.