23 may 2026 10:01
119

Quterreş nüvə silahının yaylmaması üzrə konfransın nəticələrindən məyus olub

BMT-nin baş katibi Antonio Quterreş nüvə silahlarının yayılmaması müqaviləsi üzrə icmal konfransının yekun sənəd üzərində konsensusa gələ bilməməsindən məyus olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik bildirib.

"Baş katib nüvə silahlarının yayılmaması müqaviləsi üzrə on birinci icmal konfransının iştirakçılarının məzmunlu yekun sənəd üzərində konsensusa gəlməməsi və dünyamızı daha təhlükəsiz bir yerə çevirmək üçün bu vacib fürsətdən istifadə etməməsindən məyus olduğunu bildirir", - bəyanatda deyilir.

Quterreş qeyd edib ki, yüksək gərginlik və artan nüvə riskləri ilə xarakterizə olunan mövcud beynəlxalq mühit təcili tədbirlər tələb edir.

O, dövlətləri gərginliyi və nüvə təhdidlərini azaltmaq üçün bütün mövcud dialoq, diplomatiya və danışıqlar kanallarından istifadə etməyə çağırıb.

Bəyanatda həmçinin nüvə silahısız dünyanın BMT-nin tərksilah məsələsində əsas prioritet olaraq qaldığı vurğulanıb.

Baş katib konfransın sədri, Vyetnamın BMT-dəki daimi nümayəndəsi Do Xunq Vyetə yekun razılaşmaya çatmaq üçün yorulmaz səylərinə görə təşəkkür edib.