23 may 2026 21:47
85

Mustafa Çiftçi: Təbii fəlakətlər nəticəsində Hatayda 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb

Türkiyənin Hatay vilayətində baş verən sel, torpaq sürüşməsi və uçqunlar nəticəsində 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, Samandağ rayonunda itkin düşdüyü ehtimal edilən bir nəfərin axtarış-xilasetmə işləri isə fasiləsiz davam etdirilir.

Türkiyə daxili işlər naziri Mustafa Çiftçinin sözlərinə görə, mayın 20–22-də yağan güclü yağışlar Hatayın Antakya, Defne, Samandağ, Dörtyol və Reyhanlı rayonlarında ciddi sel və su basqınlarına səbəb olub:

"Vilayət üzrə ümumilikdə 1894 müraciət daxil olub. Bunlardan 1888-nin su basqını ilə bağlı olduğu müəyyən edilib. Hadisələrə müdaxilə məqsədilə 2 261 nəfərlik şəxsi heyət, 867 nəqliyyat vasitəsi və xüsusi texnika cəlb olunub.

Bundan əlavə, Kahramanmaraş, Qaziantep, Adana, Ankara, Malatya, Kilis, Osmaniye, Şanlıurfa, Niğde, Konya və Mersin vilayətlərindən suüstü və sualtı axtarış-xilasetmə qrupları, qayıqlar və dron dəstəyi Hataya göndərilib",- məlumatda vurğulanıb.

Nazir bildirib ki, güclü yağışlar səbəbindən 495 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub, 32 nəfər isə müvəqqəti sığınacaqlarda yerləşdirilib. Elektrik kəsintilərinin tam şəkildə aradan qaldırıldığı vurğulanıb.