25 may 2026 13:13
411

Müəllimlik mənim üçün sadəcə dərs keçmək deyil, gələcəyi formalaşdırmaq deməkdir

Nərgiz Rəhimova: Şagirdlərimə hər zaman özlərinə inanmağı, məqsədli olmağı və daim öyrənməyi tövsiyə edirəm

Müəllimlik bəşər tarixinin ən qədim, ən müqəddəs və ən şərəfli peşələrindən biridir. Çünki müəllim cəmiyyətin gələcəyini formalaşdıran, insanlara elm və mənəviyyat işığı bəxş edən müqəddəs missiya sahibidir. Hər bir insanın həyat yolunda onun düşüncə tərzinə, dünyagörüşünə və şəxsiyyət kimi formalaşmasına təsir edən bir müəllim olur. Müəllim yalnız dərs keçən insan deyil, o, insan qəlbinə yol tapan, ümid verən, inam aşılayan və gələcəyə doğru istiqamət göstərən mənəvi rəhbərdir. Məhz buna görə də müəllim adı hər zaman böyük hörmət və ehtiramla çəkilir. Bir millətin inkişafı, gələcəyi və mənəvi gücü müəllim əməyinin nəticəsində formalaşır. Çünki sabahın həkimi, mühəndisi, alimi, hüquqşünası, müəllimi və dövlət xadimi bu gün məktəb partası arxasında əyləşən şagirdlərdir. Onların elmli, savadlı, vətənpərvər və mənəviyyatlı vətəndaş kimi yetişməsində müəllimin əməyi danılmazdır. Müəllimin söylədiyi hər fikir, aşıladığı hər dəyər və göstərdiyi hər doğru yol gələcək cəmiyyətin formalaşmasına təsir edir. Buna görə də müəllimlik yalnız peşə deyil, böyük məsuliyyət, sonsuz səbir, yüksək mədəniyyət və güclü mənəviyyat tələb edən şərəfli həyat yoludur. Əsl müəllim şagirdlərinin yaddaşında yalnız öyrətdiyi fənn ilə deyil, davranışı, münasibəti, qayğıkeşliyi və insanlığı ilə qalır. O, şagirdlərinə yalnız kitab biliyi vermir, eyni zamanda onları həyata hazırlayır, çətinliklər qarşısında mübariz olmağı, düzgün qərar verməyi və insanlara faydalı olmağı öyrədir. Müəllim şagirdinin uğuruna öz uğuru kimi sevinən, onun uğursuzluğuna isə bir valideyn həssaslığı ilə yanaşan müqəddəs peşə sahibidir. Bu peşənin ən böyük mükafatı isə illər sonra yetişdirdiyi şagirdlərin cəmiyyətdə layiqli yer tutduğunu görməkdir.

Məhz belə müəllimlər öz zəhməti, biliyi və fədakarlığı ilə cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar gənc nəslin həm savadlı, həm də yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişməsinə böyük töhfə verirlər. Belə dəyərli, nümunəvi və peşəsinə ürəkdən bağlı pedaqoqlardan biri də Rəhimova Nərgiz Məhərrəm qızıdır. O, uzun illərdir ki, bütün bilik və bacarığını gənc nəslin təlim-tərbiyəsinə həsr edən, müəllimlik peşəsinə sevgi və məsuliyyətlə yanaşan, şagirdlərinin uğurlarını öz uğuru hesab edən fədakar ziyalı müəllimlərdəndir. Nərgiz müəllim 15 sentyabr 1978-ci ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən elmə, biliyə və təhsilə xüsusi maraq göstərmiş, ilk təhsilini Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli məktəbdə almışdır. Məktəb illərində çalışqanlığı, məsuliyyəti və fəallığı ilə seçilən Nərgiz müəllim, xüsusilə biologiya və təbiət elmlərinə böyük maraq göstərmişdir. Elmə olan sevgisi onu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinə gətirmiş, ali təhsilini uğurla başa vurduqdan sonra isə ömrünü müəllimlik peşəsinə həsr etmişdir. Nərgiz müəllim əmək fəaliyyətinə 2000-ci ildən Binəqədi rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində başlamışdır. Burada təşkilatçı və dərnək rəhbəri vəzifələrində çalışaraq rayonun müxtəlif məktəblərində təhsil alan istedadlı şagirdlərlə çoxsaylı layihələr həyata keçirmişdir. O, hər zaman uşaqların yaradıcı düşüncəsinin inkişafına, onların istedad və bacarıqlarının üzə çıxarılmasına xüsusi diqqət yetirmişdir. Şagirdlərlə qurduğu səmimi münasibət, onların hər birinə fərdi yanaşması və daim motivasiya verməsi Nərgiz müəllimi həm uşaqların, həm də valideynlərin sevimli müəllimlərindən birinə çevirmişdir. Onun təşkilatçılığı ilə həyata keçirilən layihələr və tədbirlər rayon ictimaiyyəti tərəfindən daim maraq və rəğbətlə qarşılanmışdır. Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə rayon üzrə təşkil olunan genişmiqyaslı “Bilik yarışı”nın həm təşkilatçısı, həm də aparıcısı olmuşdur. Bu layihə gənclərin bilik səviyyəsinin artırılması, onların intellektual inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Nərgiz müəllimin yüksək təşkilatçılıq bacarığı və fəallığı bu tədbirin uğurla həyata keçirilməsində xüsusi rol oynamışdır. Bununla yanaşı, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Dənizkənarı Milli Parkda keçirilən “Gül bayramı” tədbirində şagirdlərlə birlikdə əl işlərindən ibarət böyük sərgi təşkil etmişdir. Şagirdlərin yaradıcılıq bacarıqlarını nümayiş etdirdiyi bu sərgi böyük maraqla qarşılanmış və Nərgiz müəllim bu fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunmuşdur. Həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Novruz bayramı” tədbirində rayonun istedadlı şagirdlərinin iştirakı ilə maraqlı proqram hazırlanmasında və tədbirin təşkilində fəal iştirak etmişdir. 2007-ci ildən etibarən Nərgiz müəllim Nəsimi rayonu Texniki-Humanitar Liseyində biologiya müəllimi kimi fəaliyyət göstərir. O, biologiya fənnini şagirdlərinə sadəcə nəzəri bilik kimi deyil, insan həyatı, təbiət və ətraf mühitlə bağlı mühüm bir elm sahəsi kimi sevdirərək tədris edir. Onun dərsləri maraqlı izahlar, həyati nümunələr və interaktiv yanaşma ilə seçilir. Şagirdləri onun dərslərində yalnız biologiyanı deyil, eyni zamanda araşdırma aparmağı, düşünməyi və həyata daha geniş baxmağı öyrənirlər. Nərgiz müəllim pedaqoji fəaliyyəti boyunca şagirdlərinə yalnız bilik verməklə kifayətlənməmiş, onları vətənini sevən, milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi yetişdirməyə çalışmışdır. O, müəllim nüfuzunu daim qoruyan, şagirdlərinin uğuruna öz uğuru kimi sevinən, onların problemlərinə həssas yanaşan və hər zaman dəstək olan ziyalı pedaqoqlardandır. Məhz bu xüsusiyyətlərinə görə həm şagirdləri, həm valideynlər, həm də həmkarları tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır. Nərgiz müəllim pedaqoji fəaliyyəti dövründə bir çox uğurlara imza atmış, təşkil etdiyi layihələr və tədbirlərlə daim fərqlənmişdir. Onun rəhbərliyi və təşkilatçılığı ilə keçirilən bilik yarışları, yaradıcılıq sərgiləri və bayram tədbirləri şagirdlərin inkişafında mühüm rol oynamışdır. Şagirdlərinin müxtəlif müsabiqə və layihələrdə qazandıqları nailiyyətlər Nərgiz müəllimin zəhmətinin və peşəkarlığının bariz nümunəsidir. O, hər zaman yenilikçi yanaşması, yüksək təşkilatçılıq bacarığı və müəllim adına layiq fəaliyyəti ilə seçilmişdir. Uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyət, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri və pedaqoji uğurları ona həm şagirdlərinin, həm valideynlərin, həm də həmkarlarının böyük hörmətini qazandırmışdır. Nərgiz müəllim üçün ən böyük uğur isə yetişdirdiyi şagirdlərin həyatda öz yerlərini tapması, savadlı və layiqli vətəndaş kimi cəmiyyətə fayda verməsidir. Bu gün də Nərgiz müəllim öz peşəsinə ilk günkü sevgi və məsuliyyətlə yanaşır, biliyini və təcrübəsini gənc nəslə böyük həvəslə ötürür. O, müəllimlik peşəsinin müqəddəsliyini daim qoruyan, fəaliyyəti və şəxsiyyəti ilə ətrafına nümunə olan dəyərli pedaqoqlardandır. Şagirdlərinin qəlbində sevgi və hörmət qazanan belə müəllimlər cəmiyyətin ən böyük mənəvi sərvətlərindən biridir. Çünki əsl müəllim yalnız sinif otağında deyil, yetişdirdiyi insanların qəlbində və taleyində yaşayır.

-Özünüzü oxucularımıza necə təqdim edərsiniz? 

-Mən Rəhimova Nərgiz Məhərrəm qızı 1978-ci il Gəncə şəhərində dünyaya göz açmışam. Orta və ali təhsilimi Bakı şəhərində almışam. İlk iş stajım Binəqədi rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində təşkilatçı və dərnək rəhbəri vəzifəsində olub. Bu illər ərzində Binəqədi rayonu ərazisində yerləşən bütün orta məktəblərin istedadlı şsgirdləri ilə birgə işləmişəm. Gördüyüm işlərlə əlaqədar Gənclər İdman Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamələrlə təltif olunmuşam. 2007-ci ildən Nəsimi rayonu Texniki Humanitar Liseydə biologiya müəllimi vəzifəsində çalışıram. Yeniliklərə açıq insanam. Bu illər ərzində şagirdlərlə birgə bir çox geniş miqyaslı layihələrə, tədbirlərə imza atmışıq. Daim öz üzərimdə işləməyi sevirəm. Bir çox maarifləndirici, inkişafetdirici seminarlara, təlimlərə qoşulmuşam. Pedaqoji fəaliyyətim boyunca çalışmışam ki, hər bir şagird özünü dəyərli hiss etsin və öyrənməyə maraq göstərsin. Müasir təlim metodlarından istifadə etməyi, oyun əsaslı və praktik yanaşmaları dərslərə tətbiq etməyi sevirəm. Bununla yanaşı, məktəbdaxili layihələrdə, tədbirlərdə və şagirdlərin sosial inkişafına yönələn fəaliyyətlərdə fəal iştirak etməyə çalışıram. Həyat prinsipim isə daim öyrənmək və öyrətməkdir. İnanıram ki, müəllim özü inkişaf etdikcə şagirdlərinə daha çox fayda verə bilir. İnsanlarla ünsiyyət qurmağı, komanda ilə işləməyi və yeni ideyalar üzərində çalışmağı sevirəm. Mənim üçün ən böyük uğur şagirdlərimin qazandığı nailiyyətlər və onların gözündə buraxdığım müsbət izdir.

-Niyə məhz müəllim olmaq istərdiniz? Müəllimlik sizin üçün nə ifadə edir və bu sahəyə marağınız neca yaranıb?

-Müəllimlik peşəsinə marağım uşaqlıq illərindən yaranıb. Həmişə insanlara bildiklərimi öyrətməyi, faydalı olmağı sevmişəm. Məktəb illərində müəllimlərimin şagirdlərin həyatında necə böyük rol oynadığını gördükcə bu peşəyə daha çox bağlandım. Mən də gələcəkdə uşaqların inkişafına töhfə verən, onların həyatında müsbət iz buraxan bir müəllim olmaq istədim. Müəllimlik mənim üçün sadəcə dərs keçmək deyil, gələcəyi formalaşdırmaq deməkdir. Müəllim həm bilik verən, həm də şagirdə yol göstərən, motivasiya edən bir şəxsdir. Bu sahəyə marağım insanlarla işləməyi, öyrətməyi və uşaqların inkişaf prosesini izləməyi sevdiyim üçün yaranıb. Şagirdlərin kiçik uğurlarında belə pay sahibi olmaq mənə böyük motivasiya verir.

 -Sizcə, yaxşı müəllim necə olmalıdır?

-Məncə, yaxşı müəllim ilk növbədə səbirli, ədalətli və anlayışlı olmalıdır. O, şagirdlərini dinləməyi, onların fərdi xüsusiyyətlərini nəzərə almağı bacarmalıdır. Yaxşı müəllim daim öz üzərində işləməli, yeni təlim metodlarını öyrənməli və dərsləri maraqlı şəkildə təqdim etməlidir. Eyni zamanda, şagirdlərə yalnız bilik yox, həyat dəyərləri də aşılamalıdır. Şagirdin müəllimdən çəkinməsi deyil, ona inanması və güvənməsi daha vacibdir.Düşünürəm ki, yaxşı müəllim olmağa çalışan və daim öz üzərində işləyən bir müəlliməm. Mənim üçün müəllimlikdə ən vacib məsələ şagirdlə düzgün münasibət qurmaq, onların marağını oyatmaq və hər birinə fərdi yanaşa bilməkdir. Əlbəttə, hər gün öyrəndiyim yeni təcrübələr olur və hesab edirəm ki, müəllim daim inkişaf etməli olan bir peşə sahibidir

-İlk dərs gününüzü necə xatırlayırsınız? 

-İlk dərs günüm mənim üçün həm həyəcanlı, həm də unudulmaz olub. Sinfə ilk daxil olduğum an böyük məsuliyyət hiss etmişdim. Şagirdlərin maraqla mənə baxması, onların diqqətini qazanmağa çalışmaq xüsusi bir duyğu idi. Həm sevinc, həm həyəcan, həm də bir az narahatlıq yaşayırdım. Amma dərs irəlilədikcə şagirdlərlə ünsiyyət qurduqca özüməinamım artdı və həmin gün müəllimlik sevgimi daha da gücləndirdi.

-Pedaqoji fəaliyyətinizin ilk illərində şagirdlərlə münasibətdə sizə ən böyük təcrübəni qazandıran hadisə hansı olub?

-İlk illərdə daha aktiv və dərslərə marağı az olan bir şagirdlə işləmək mənim üçün böyük təcrübə oldu. Əvvəlcə onun niyə bu dərəcədə aktiv və maraqsız yanaşma səbəbini öyrənməyə çalışdım. Bunun üçün  onunla fərdi söhbətlər etməyə, maraq dairəsini öyrənməyə başladım Zaman keçdikcə həmin şagirdin dərslərə münasibəti dəyişdi və özünəinamı artdı. Bu hadisə mənə göstərdi ki, hər şagirdə fərdi yanaşmaq və onu anlamağa çalışmaq müəllimlikdə çox vacibdir

-Müəllimlik peşəsinin görünməyən və ən çətin tərəfi nədir?

-Məncə, müəllimlik peşəsinin görünməyən tərəfi onun böyük mənəvi məsuliyyət daşımasıdır. Müəllim yalnız dərs keçmir, eyni zamanda şagirdlərin psixoloji durumuna, davranışına və gələcək düşüncə tərzinə təsir edir. Ən çətin tərəflərdən biri isə hər bir şagirdə eyni diqqət və motivasiya ilə yanaşa bilməkdir. Bəzən müəllimin gördüyü zəhmət dərhal görünmür, amma illər sonra şagirdlərin uğurunda bunun nəticəsini görmək ən böyük qazanc olur.

 -2000-ci ildən etibarən Binəqədi rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərmisiniz. İstedadlı şagirdlərlə həyata keçirdiyiniz layihələr, “Bilik yarışı”, “Novruz bayramı” tədbirləri və müxtəlif sərgilər sizə hansı təcrübələri qazandırıb? Bu uğurların şagirdlərin inkişafına təsirini necə qiymətləndirirsiniz?

 -Bu fəaliyyət illəri mənim üçün çox dəyərli təcrübələrlə yadda qalıb. İstedadlı şagirdlərlə işləmək onların potensialını üzə çıxarmağın nə qədər vacib olduğunu bir daha göstərdi. “Bilik yarışı”, “Novruz bayramı” tədbirləri və sərgilər şagirdlərin yalnız akademik biliklərini deyil, həm də yaradıcı düşüncəsini, özünüifadə bacarığını və komanda ilə işləmək qabiliyyətini inkişaf etdirirdi. Xüsusilə tədbirlərdə iştirak edən uşaqların səhnədə sərbəst çıxış etməsi, ideyalarını təqdim etməsi onların gələcək inkişafına müsbət təsir göstərirdi. Məncə, bu cür fəaliyyətlər şagirdlərin şəxsiyyət kimi formalaşmasında çox böyük rol oynayır.

-2007-ci ildən Nəsimi rayonu Texniki-humanitar liseyində biologiya müəllimi kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzində şagirdlərdə və təhsil mühitində hansı dəyişiklikləri müşahidə etmisiniz?

 -Bu illər ərzində təhsil mühitində və şagirdlərin düşüncə tərzində ciddi dəyişikliklər müşahidə etmişəm. Müasir texnologiyaların inkişafı şagirdlərin informasiyaya çıxış imkanlarını artırıb və onların daha araşdırıcı olmasına şərait yaradıb. Bugünkü şagirdlər daha sərbəst fikir yürüdür, sual verməyə və müzakirə aparmağa daha çox meyillidirlər. Eyni zamanda, müəllimdən gözləntilər də dəyişib. Artıq müəllim yalnız məlumat verən deyil, həm də istiqamət göstərən, motivasiya edən və şagirdin fərdi inkişafını dəstəkləyən bir şəxs olmalıdır. Müasir təhsil mühiti müəllimdən daim yenilənməyi və innovativ yanaşmaları tətbiq etməyi tələb edir.

-Sizcə, biologiya fənni şagirdlərin dünyagörüşünün, ekoloji düşüncəsinin və həyata baxışının formalaşmasında hansı rolu oynayır?

 -Biologiya fənni şagirdlərin təbiəti, insan orqanizmini və canlı aləmi daha dərindən anlamasında mühüm rol oynayır. Bu fənn vasitəsilə şagirdlər canlılara və ətraf mühitə qarşı daha həssas və məsuliyyətli yanaşma formalaşdırırlar. Ekoloji problemlərin artdığı müasir dövrdə biologiya şagirdlərdə təbiəti qorumaq, sağlam həyat tərzi keçirmək və ekoloji tarazlığın əhəmiyyətini dərk etmək baxımından çox vacibdir. Məncə, biologiya yalnız məktəb fənni deyil, həm də həyatı anlamağa kömək edən bir elm sahəsidir. Bu fənn şagirdlərdə müşahidə aparmaq, səbəb-nəticə əlaqələrini anlamaq və elmi düşünmək bacarıqlarını inkişaf etdirir.

-Müasir dövrdə biologiya dərslərini daha maraqlı və effektiv keçmək üçün hansı metod və texnologiyalardan istifadə edirsiniz?

 -Müasir dövrdə şagirdlərin diqqətini və marağını dərsə yönəltmək üçün interaktiv və innovativ metodlardan istifadə etməyə çalışıram. Dərslərdə təqdimatlar, videoçarxlar, elektron resurslar,müxtəlif əyani vasitələrdən istifadə biologiya mövzularını daha anlaşıqlı edir. Eyni zamanda, qrup işi, debat, layihə üsulu, “beyin həmləsi”, rollu oyunlar və tədqiqat yönümlü tapşırıqlar şagirdlərin fəallığını artırır. Təcrübələr və müşahidələr biologiya dərslərində xüsusilə böyük maraq yaradır. Mən çalışıram ki, şagirdlər mövzunu sadəcə əzbərləməsin, onu həyatda müşahidə edib əlaqələndirə bilsinlər.

-Siz şagirdlərinizə həyat və təhsil yolunda ən çox nəyi tövsiyə edirsiniz?

 -Şagirdlərimə hər zaman özlərinə inanmağı, məqsədli olmağı və daim öyrənməyi tövsiyə edirəm. Məncə, insanın uğur qazanması üçün yalnız bilik deyil, zəhmətkeşlik, məsuliyyət və düzgün münasibət də çox vacibdir. Onlara deyirəm ki, səhv etməkdən qorxmasınlar. Çünki insan ən böyük təcrübəni bəzən məhz səhvlərindən qazanır. Ən önəmlisi isə yaxşı insan olmaq, ətrafdakılara hörmətlə yanaşmaq və cəmiyyətə faydalı fərd kimi yetişməkdir.

-Sağlam təhsil mühitinin formalaşmasında müəllim–şagird–valideyn əməkdaşlığının rolu haqqında nə düşünürsünüz?

-Sağlam təhsil mühitinin əsasını qarşılıqlı əməkdaşlıq və etibar təşkil edir. Müəllim, şagird və valideyn bir komanda kimi fəaliyyət göstərdikdə təlim-tərbiyə prosesi daha uğurlu olur. Valideynin məktəblə əlaqədə olması, müəllimin şagirdi düzgün istiqamətləndirməsi və şagirdin özünü dəstəklənmiş hiss etməsi onun inkişafına müsbət təsir göstərir. Məncə, uşağın uğurunda həm ailənin, həm də məktəbin rolu böyükdür və bu əlaqə nə qədər sağlam qurularsa, nəticələr də bir o qədər uğurlu olar.

-Pedaqoji fəaliyyətiniz boyunca yaddaşınızda xüsusi iz qoyan bir şagird və ya hadisə varmı?

 -Pedaqoji fəaliyyətim boyunca yaddaşımda iz qoyan çox hadisə olub. Xüsusilə öz sinfimdə oxuyan bir şagirdin inkişafı mənim üçün unudulmazdır. İlk vaxtlar özünəinamı zəif olan və dərslərdə fəal iştirak etməsinə baxmayaraq , öz fikrini ifadə etməkdə çətinlik çəkən çoox utancaq bir şagird vardı. Onunla fərdi söhbətlər aparmağa, kiçik uğurlarını belə qiymətləndirməyə çalışdım. Zaman keçdikcə həmin şagird daha fəal, özünəinamlı və təşəbbüskar oldu. Sonradan müxtəlif tədbirlərdə uğur qazanması mənim üçün böyük sevinc idi. Bu hadisə mənə bir daha göstərdi ki, müəllimin dəstəyi şagird həyatında çox böyük dəyişiklik yarada bilər.

-Uzun illər təhsil sahəsində çalışmağınız sizdə hansı məsuliyyət hissini və yeni məqsədləri formalaşdırıb?

 -Uzun illər təhsil sahəsində çalışmaq məndə daha böyük məsuliyyət hissi formalaşdırıb. Müəllim cəmiyyətin gələcəyini yetişdirən insan olduğu üçün hər sözü və davranışı ilə nümunə olmalıdır. Bu məsuliyyət mənə daim öz üzərimdə işləməyi və yenilənməyi öyrədib.

-Bu günün gənclərində ən çox görmək istədiyiniz əsas keyfiyyətlər hansılardır?

 -Bu günün gənclərində ən çox görmək istədiyim keyfiyyətlər məsuliyyət, vətənpərvərlik, savadlılıq, mərhəmət və özünüinkişaf istəyidir. Müasir dövrdə informasiya çoxdur, amma doğru seçim etmək və düzgün düşünmək bacarığı daha vacibdir.

-Təcrübəli biologiya müəllimi kimi gənc müəllimlərə hansı tövsiyələri vermək istərdiniz?

 -Gənc müəllimlərə ilk növbədə səbirli olmağı və öz üzərlərində daim çalışmağı tövsiyə edərdim. Müəllimlik elə bir peşədir ki, burada öyrənmək heç vaxt bitmir. Şagirdlərlə səmimi münasibət qurmaq, onları dinləmək və fərdi xüsusiyyətlərini nəzərə almaq çox vacibdir. Eyni zamanda, dərsləri yalnız kitab üzərində qurmaq deyil, müasir metodlardan və texnologiyalardan istifadə etmək də önəmlidir. Ən əsası isə bu peşəni sevərək çalışmaqdır. Çünki müəllimin sevgisi və enerjisi birbaşa şagirdə ötürülür.

-Azərbaycan təhsilinin bugünkü vəziyyətini və gələcək inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?

 -Düşünürəm ki, Azərbaycan təhsilində son illərdə müsbət dəyişikliklər və yeniliklər həyata keçirilir. Müasir təlim metodlarının tətbiqi, rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası və şagirdyönümlü yanaşmanın güclənməsi inkişafın göstəricisidir.

-Gələcək planlarınız və həyata keçirmək istədiyiniz yeni layihələr barədə nə deyə bilərsiniz?

 -Gələcəkdə biologiya fənnini şagirdlər üçün daha maraqlı və praktik şəkildə təqdim edən layihələr həyata keçirmək istəyirəm. Xüsusilə ekoloji maarifləndirmə, sağlam həyat tərzi və elmi-tədqiqat yönümlü fəaliyyətlərə daha çox diqqət ayırmağı planlaşdırıram. Şagirdlərin yaradıcılıq və araşdırma bacarıqlarını inkişaf etdirən layihələr, seminarlar və interaktiv tədbirlər təşkil etmək əsas məqsədlərimdəndir. Eyni zamanda, müəllim kimi öz peşəkar inkişafımı davam etdirmək və yeni tədris metodlarını öyrənmək istəyirəm.

-Uzun illərini təhsilə və şagirdlərin inkişafına həsr etmiş bir müəllim kimi necə xatırlanmaq istərdiniz?

 -İstərdim ki, məni yalnız dərs deyən bir müəllim kimi deyil, şagirdlərinə yol göstərən, onları anlayan və hər zaman dəstək olan bir insan kimi xatırlasınlar. Mənim üçün ən böyük uğur şagirdlərimin həyatında kiçik də olsa müsbət iz buraxmaqdır. Əgər illər sonra şagirdlərim məni hörmət və sevgi ilə xatırlayırsa, deməli müəllimlik missiyamı doğru yerinə yetirmişəm.

-Son dərs gününüzü necə təsəvvür edirsiniz? Şagirdlərinizə demək istədiyiniz ən vacib söz nə olardı?

 -Son dərs günümü həm qürurlu, həm də duyğulu şəkildə təsəvvür edirəm. Uzun illər birlikdə olduğum şagirdlərə baxıb onların böyüdüyünü, formalaşdığını görmək müəllim üçün ən böyük xoşbəxtlikdir.

 Həmin gün şagirdlərimə demək istədiyim ən vacib söz belə olardı: “Həyatda hansı yolu seçməyinizdən asılı olmayaraq, hər zaman yaxşı insan olun, öyrənməkdən imtina etməyin və özünüzə inanın.”

Söhbətimizin sonuna yaxınlaşdıqca bir daha aydın olur ki, Nərgiz müəllimə üçün müəllimlik sadəcə bir peşə deyil, ömrünün mənasına çevrilmiş müqəddəs bir həyat yoludur. Bu yol zəhmət, səbir, məsuliyyət və böyük mənəvi dəyərlərlə yoğrulmuş bir missiyadır. Onun pedaqoji fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, Nərgiz müəllimə müəllim adını yalnız daşıyan deyil, bu ada dəyər qazandıran, onu öz şəxsiyyəti və əməli ilə ucaldan nadir pedaqoqlardandır.

O, şagirdlərinə yalnız biologiya elminin nəzəri əsaslarını deyil, həm də həyatın özünü öyrədir. Təbiətin qanunauyğunluqlarını izah etməklə yanaşı, onlarda müşahidə qabiliyyəti, düşünmə bacarığı, məsuliyyət hissi və ən əsası insanlıq dəyərləri formalaşdırır. Onun dərslərində elm sadəcə məlumat deyil, düşüncə tərzinə çevrilir. Nərgiz müəllimə üçün hər bir şagird fərdi bir dünyadır və o, həmin dünyanın inkişafına diqqətlə, qayğı ilə və böyük pedaqoji ustalıqla yanaşır.

Onun fəaliyyəti göstərir ki, həqiqi müəllimlik yalnız bilik ötürmək deyil, şəxsiyyət formalaşdırmaqdır. O, şagirdlərinin uğurunu öz uğuru kimi qəbul edən, onların sevincini yaşayan, çətinliklərini isə öz məsuliyyəti kimi görən fədakar bir pedaqoqdur. Nərgiz müəllimənin yetişdirdiyi gənclər bu gün müxtəlif sahələrdə uğur qazanır və bu uğurların arxasında onun zəhməti, diqqəti və peşəsinə olan sarsılmaz sədaqəti dayanır.

Bu həyat yolu bir daha sübut edir ki, müəllimlik zamanla ölçülməyən, lakin izləri ömür boyu yaşayan ən ali peşələrdən biridir. Nərgiz müəllimə öz fəaliyyəti ilə bu həqiqəti təsdiqləyən, cəmiyyətə dəyərli insanlar qazandıran nümunəvi bir ziyalıdır. Onun adı təkcə bir müəllim kimi deyil, eyni zamanda işıqlı yol göstərən, mənəvi dayaq olan bir şəxsiyyət kimi yaddaşlarda qalır.

Siz müəllim adını yalnız daşıyan deyil, onu öz fəaliyyəti, insani keyfiyyətləri və pedaqoji ustalığı ilə ucaldan dəyərli bir ziyalısınız.

Hər bir şagirdiniz üçün siz yalnız müəllim deyil, eyni zamanda yol göstərən, inam verən və həyata hazırlayan mənəvi bir dayaqsınız. Onların uğuru sizin zəhmətinizin, səbrinizin və peşənizə olan sarsılmaz sevginizin ən gözəl nəticəsidir.

Sizə gələcək fəaliyyətinizdə daim uğurlar, möhkəm can sağlığı, tükənməz enerji və yeni nailiyyətlər arzulayırıq. Arzu edirik ki, yetişdirdiyiniz hər bir şagird ölkəmizin gələcəyinə işıq saçan savadlı, vətənpərvər və dəyərli insanlar kimi formalaşsın.