25 may 2026 21:40
92

Avropada birbaşa xarici investisiyalar kəskin azalıb

Avropada birbaşa xarici investisiyalar 2025-ci ildə 7% azalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ernst & Young (EY) konsaltinq şirkətinin hesabatında bildirilir.

Tədqiqatda deyilir ki, qlobal miqyasda geosiyasi qeyri-sabitlik və makroiqtisadi qeyri-müəyyənlik investorların ehtiyatlı davranmasına səbəb olub: "Bu, Avropada da özünü göstərir: Respondentlərin 41%-i geosiyasi gərginlikləri və münaqişələri Avropanın investorlar üçün cəlbediciliyinə əsas risk kimi göstərib, halbuki bu rəqəm 2025-ci ildə 35%, 2024-cü ildə isə 27% təşkil edib".

Respondentlərin üçdə birindən çoxu (35%) iqtisadi artımın yavaşlamasını, dövlət borcunun artmasını və enerji qiymətlərinin artmasının yaratdığı inflyasiya təzyiqlərini əsas problemlər kimi qeyd edirlər.

Lakin, qeyri-müəyyən qlobal mühitə baxmayaraq, Avropa xarici investisiyalar üçün davamlı və cəlbedici bir məkan olaraq qalır. 2025-ci ildə Avropa regionu 5000-dən çox yeni layihə cəlb edib və sorğuda iştirak edən rəhbərlərin əksəriyyəti (60%) Avropanın cəlbediciliyinin növbəti üç il ərzində yaxşılaşacağını gözləyirlər".