26 may 2026 00:37
98

ABŞ İrana Hörmüz boğazındakı minaların təmizlənməsi üçün 30 gün vaxt verməyi planlaşdırır

ABŞ və İran arasında hərbi münaqişəyə son qoyulmasına dair memorandum layihəsində Tehrana Hörmüz boğazında naviqasiya təhlükəsizliyini tam bərpa etmək üçün 30 gün vaxt verilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbəyə istinadla məlumat yayıb.

ABŞ və İran arasında müzakirə olunan plana əsasən, tərəflər münaqişənin dayandırılması barədə razılığa gəldikdən təxminən 30 gün sonra Hörmüz boğazının açılması nəzərdə tutulur. Nəşrin mənbəsinin sözlərinə görə, İran tərəfi boğazda yerləşdirilmiş minaların təmizlənməsi üçün 30 gün vaxt istəyib. Yalnız bundan sonra normal gəmiçiliyin texniki baxımdan bərpası mümkün olacaq.

Bəzi media orqanları daha əvvəl mümkün razılaşmanın Hörmüz boğazının açılmasını da əhatə edəcəyini bildirmişdilər. Lakin həmin məlumatlarda mərhələli açılışdan bəhs olunurdu. “Nikkei”nin yaydığı versiyada isə yalnız minaların təmizlənməsi üçün 30 günlük müddət göstərilir və boğazın mərhələli şəkildə açılmasından danışılmır.

Yaponiya qəzeti memorandum layihəsində İranın Hörmüz boğazından tranzit haqqı almayacağının da qeyd olunduğunu vurğulayıb.