İordaniyanın “Jordan Daily”, “Nayrouz”, “Al Balad News”, “cleopatranews” və digər xəbər portallarında Bakı şəhərində keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla başa çatması və forum çərçivəsində qəbul olunmuş “Bakı Fəaliyyətə Çağırış” sənədi geniş şəkildə işıqlandırılıb.
“İki sahil” xəbər verir ki, məqalələrdə WUF13-ün Dünya Şəhərsalma Forumunun 24 illik tarixində ən genişmiqyaslı sessiya olduğu xüsusi vurğulanır.
Eyni zamanda, bildirilir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə “Dünya üçün yaşayış: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forumda 176 ölkədən 58 mindən artıq nümayəndə iştirak edib, o cümlədən minlərlə şəxs tədbirlərə onlayn qatılıb. Tədbir çərçivəsində dayanıqlı şəhərsalma, mənzil siyasəti, iqlim davamlılığı, inklüziv urbanizasiya və şəhərlərin gələcəyi ilə bağlı yüzlərlə sessiya və yüksəksəviyyəli müzakirələr təşkil olunub.
Yazılarda forumun əsas nəticələrindən biri kimi “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul olunduğu diqqətə çatdırılır. Qeyd olunur ki, sənəd hökumətlər, beynəlxalq təşkilatlar, şəhərlər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələrinin qlobal mənzil böhranı və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi ilə bağlı ortaq baxışını əks etdirir.
Məqalələrdə, həmçinin forumun bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyevin Bakının şəhərlərin gələcəyi, iqlim davamlılığı və inklüziv inkişaf üzrə beynəlxalq dialoq mərkəzinə çevrildiyini bildirdiyi qeyd olunur. Onun çıxışında WUF13-ün mənzil məsələlərini yenidən qlobal siyasi gündəliyin əsas mövzularından birinə çevirdiyi vurğulanır.
Bununla yanaşı, yazılarda diqqətə çatdırılır ki, UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax forumun rekord sayda iştirakçını bir araya gətirdiyini və qlobal mənzil böhranının həlli istiqamətində beynəlxalq həmrəyliyin gücləndiyini bildirib. BMT Baş katibinin müavini Amina Mohammed isə Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etdiyini qeyd edərək, postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və dayanıqlı inkişaf layihələrini beynəlxalq əhəmiyyətli nümunə kimi dəyərləndirib.
Yazılarda forum çərçivəsində ilk dəfə təqdim olunmuş “Baku Urban Award”, “Business and Innovation Hub”, “WUF Academy” və “Practices Hub” təşəbbüslərinin tədbirin innovativ xarakterini daha da gücləndirdiyi bildirilir. Xüsusilə “Baku Urban Award” mükafatının gələcəkdə Dünya Şəhərsalma Forumu çərçivəsində daimi beynəlxalq təşəbbüs kimi fəaliyyət göstərəcəyi vurğulanır.
Məqalələrdə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin, humanitar minatəmizləmə fəaliyyətinin və dayanıqlı məskunlaşma siyasətinin forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandığı qeyd olunur. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin postmünaqişə inkişaf modelinin uğurlu nümunəsi kimi təqdim edildiyi diqqətə çatdırılır.