02 iyun 2026 10:45
464

Pasiyentlərimiz nahaq yerə cərrahi müdaxilədən bu qədər çox qorxurlar - Mütəxəssis

Əgər bir xəstənin əməliyyat olunaraq sağalmaq şansı varsa, bunun özü də böyük avantajdır. Pis odur ki, xəstə o şansı da qaçırmış ola

Sağlamlıq insan həyatının ən dəyərli sərvətlərindən biridir. Müasir dövrdə tibbin sürətli inkişafı, yeni texnologiyaların tətbiqi və müalicə üsullarının təkmilləşdirilməsi bir çox xəstəliklərin daha effektiv şəkildə aradan qaldırılmasına imkan yaradır. Bu sahələr arasında cərrahiyyə xüsusi yer tutur. Çünki cərrahi müdaxilə bir çox hallarda insan həyatının xilas edilməsində, sağlamlığın bərpasında və həyat keyfiyyətinin yüksəldilməsində həlledici rol oynayır.

Bu gün cərrahiyyə yalnız əməliyyat aparmaqla məhdudlaşmır, eyni zamanda, erkən diaqnostika, profilaktika, innovativ texnologiyaların tətbiqi və pasiyentlərin əməliyyatdan sonrakı reabilitasiyası kimi mühüm istiqamətləri də əhatə edir. Cəmiyyətdə cərrahi müdaxilələrlə bağlı müxtəlif suallar, narahatlıqlar və yanlış təsəvvürlər mövcuddur. Məhz buna görə də bu sahənin mütəxəssislərinin fikirləri və tövsiyələri xüsusi əhəmiyyət daşıyır.

Budəfəki həmsöhbətimiz 30 nömrəli Şəhər Poliklinikasının həkim-cərrahı Gülşən Əliyevadır. Onunla müasir cərrahiyyənin imkanları, pasiyentlərin ən çox yol verdikləri səhvlər, vaxtında qoyulan diaqnozun əhəmiyyəti, sağlam həyat tərzinin rolu və sahənin inkişaf perspektivləri barədə söhbət etdik.

-Müasir dövrdə cərrahiyyə sahəsində ən çox rast gəlinən xəstəlik və əməliyyatlar hansılardır? İnsanlar hansı hallarda mütləq cərraha müraciət etməlidirlər?

-Ümumiyyətlə, qeyd edim ki, 10-dan artıq cərrahi profilli həkim ixtisası mövcuddur. Buraya ürək-damar cərrahiyyəsi, torakal cərrahiyyə, travmatologiya və ortopediya, urologiya, neyrocərrahiyyə, ginekologiya, onkologiya və s. aiddir. Ümumi cərrahiyyə də ayrıca bir sahə olaraq bura daxildir.  Ümumi cərrahiyyə daxili orqan xəstəliklərinin diaqnostikası, preoperasion, operativ və postoperasion müalicəsi ilə məşğul olan geniş və çoxşaxəli bir sahədir. Buraya həzm sistemi (qida borusu, mədə, bağırsaqlar), öd kisəsi, öd yolları, həmçinin qaraciyər, eyni zamanda endokrin (qalxanvari vəz (zob) böyrəküstü vəz və s.), bariatrik (piylənmə zamanı mədəkiçiltmə) cərrahiyyə, yanaşı olaraq damar cərrahiyyəsini (varikoz genişlənmiş ayaq və düz bağırsaq venaları-babasil) şamil etmək olar. Bu sadalanan sahələrə müvafiq şikayətləri özündə hiss edən xəstələr ümumi cərraha müraciət edə bilər. Bu normal haldır ki,  çox zaman insanlar xəstəliklərin hansı əlamət və simptomlarla özünü büruzə verdiyi barədə yetərli biliklərə sahib olmaya bilər. Belə olan halda, sağlamlığında hər hansı bir narahatlıq hiss edən vətəndaşlara tövsiyəm ondan ibarətdir ki, konkret  olaraq hansı  həkimə müraciət edəcəkləri mövzusunda çıxılmaz durumda qalsalar təşvişə düşməsinlər. İlkin olaraq ümumi terapevtə və ya sahə həkiminə müraciət etsinlər.  Terapevt lazımı ilkin müayinə və anamnestik məlumatları toplayandan sonra  xəstəyə istiqamət verərək, göstəriş əsasında onu ən uyğun həkim-mütəxəssisə yönləndirəcək.

Ümumi cərrahiyyə sahəsində ən çox icra olunan əməliyyatlar mövzusuna gəlincə, bu siyahıda "Laparoskopik Xolesistektomiya" (öddaşı və ya  polipi səbəbilə öd kisəsinin  xaric olunması), "Appendektomiya" (kəskin Appendisit zamanı appendiksin çıxarılması), "Hernioplastika"  ( yırtıqların bərpa olunması) ön sıralarda yer alır.

-Son illərdə cərrahiyyə sahəsində tətbiq olunan yeni texnologiyalar və minimal invaziv üsullar xəstələrin müalicə prosesinə necə təsir göstərib ?

-Doğru vurğulayırsınız, artıq cərrahiyyədə minimal invaziv əməliyyatlar uğurla və geniş tətbiq olunmaqdadır. Əvvəllər cərrahi əməliyyatların həcmi, ağırlığı cərrahın  apardığı kəsiyin ölçüsü ilə dəyərləndirilirdi. "Böyük cərrah-böyük kəsik"- deyə bir deyim var idi, hətta. Lakin bu fikirlər və yanaşmalar artıq keçmişdə qalıb. Müasir cərrahiyyə artıq çox xırda kəsiklər vasitəsilə, hətta kəsik aparılmadan icra olunan qəliz əməliyyatlar erasına qədəm qoyub. Artıq laparoskopik, endoskopik və robotik cərrahiyyə dövrüdür.

Laparoskopik əməliyyatlar zamanı olduqca kiçik kəsiklərdən (1-2 santimetr) qarın boşluğuna giriş əldə  olunur və monitor nəzarəti altında bütün  əməliyyat icra olunaraq tamamlanır. Bu cür əməliyyatların üstünlüyü toxumaların minimum zədələnməsi, əməliyyatdan sonrakı reabilitasiya dövrünün açıq əməliyyatla müqayisədə çox rahat keçməsi və xəstələrin qısa zamanda öz normal həyatlarına qayıda bilmək imkanı qazanmasıdır. Öz şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, 15-16 il əvvələ kimi biz aşağı ətrafın varikoz genişlənmiş venalarını açıq üsulla kəsib xaric edirdik.  Bunun üçün xəstəyə anestezioloq tərəfindən spinal narkoz verilirdi. Əməliyyatdan sonra xəstə bir neçə gün xəstəxana rejimində qalırdı.Təbii olaraq kəsik aparılan yerlər bir müddət xəstələri narahat edirdi. Bir sözlə, reabilitasiya mərhələsi uzun çəkirdi. Lakin 2010-cu illərin əvvəlindən ölkəmizdə fleboloji cərrahiyyə sahəsində inqilabi dönüş baş verdi. Lazer texnologiyası dövrü start götürdü. Artıq heç bir narkoz verilmədən, heç bir kəsik aparılmadan sadəcə yerli keyitmə altında genişlənmiş damarlar incə lazer kateterləri vasitəsilə ultrasəs cihazı nəzarəti altında yandırılaraq qapadılır. Ölkəmizdə və dünyada geniş miqyasda tətbiq olunan bu metod Endovenoz Lazer Ablasiya adlanır. Əməliyyatdan dərhal sonra xəstələrimiz ayağa qalxır və gəzərək evlərinə qayıdır. Heç bir ağrı-acı hiss etmir. Bu durum xəstə üçün də, həkim üçün də böyük avantaj deməkdir.

-Bir çox insanlar əməliyyatdan qorxur və cərrahi müdaxiləni gecikdirir. Vaxtında edilməyən əməliyyatların hansı ciddi fəsadları ola bilər?

-Ümumiyyətlə, istər cərrahi xəstəlik olsun, istərsə də olmasın, hər biri vaxtında və adekvat yanaşma tələb edir. Bəzən bir terapevtik xəstəlik belə gecikdirildiyi təqdirdə cərrahi müdaxiləyə ehtiyac yarada bilir. Pasiyentlərimiz nahaq yerə cərrahi müdaxilədən bu qədər çox qorxurlar. Əgər bir xəstənin əməliyyat olunaraq sağalmaq şansı varsa, bunun özü də böyük avantajdır. Pis odur ki, xəstə o şansı da qaçırmış ola. Bəli, bəzən belə də olur. Cərrahi  xəstəlikdən əziyyət çəkən bəzi xəstələrimiz düşünür ki, nə zaman olsa  əməliyyat olunub sağlamlıqlarına qovuşa biləcəklər. Lakin xəstəlik inkişaf etdikcə orqanizmdə daha dərin və geridönməz dəyişikliklərə səbəb olur. Təəssüf hissi ilə qeyd edəcəyəm ki, belə olan halda vaxtında edilməyən düzgün cərrahi müdaxilə xəstəni ya ölümlə ya da praktik əlilliklə üz-üzə qoyur.

-Cərrah seçərkən insanlar ən çox hansı məqamlara diqqət etməlidirlər? Pasiyentin düzgün həkim seçimi üçün əsas meyarlar nələrdir?

-Təbii ki, həkimin peşəkarlığı və insani yanaşması çox önəmlidir. Lakin konkret meyarlar insana görə dəyişir. Bəzi vətəndaşlar pafoslu reklam arxasınca qaçdığı halda, bəziləri öz məntiqi və intuitiv seçiminə arxalanır. Hesab edirəm ki, hər bir vətəndaş əvvəlcə doğru seçim etmək mövzusunda özünü formalaşdırmalıdır. Kimi və niyə seçdiyini doğru analiz etməyi bacarmalıdır. Eyni zamanda, müalicə prosesində xəstənin həkiminə inamı da vacib faktordur. Xəstə və həkim həmrəy olaraq xəstəliklə birgə mübarizə aparmalıdırlar. Bir sözlə, xəstə özünün güvəndiyi həkimi seçməlidir.

-Bəzi insanlar ağrı və ya narahatlığı uzun müddət görməzdən gəlir. Hansı simptomlar təhlükəli hesab olunur və təcili cərrahi müdaxilə tələb edə bilər?

-Əslində, xəstəni həkimə müraciət etməyə vadar edən əsas meyar ağrı simptomudur. Beləliklə, xəstələr ağrıya qarşı daha həssas olur. Lakin mən simptomları təhlükəli və ya təhlükəsiz deyə qruplara bölmək istəməzdim. Bəzən çox adi və əhəmiyyətsiz kimi görünən elə bir əlamət ola bilər ki, ciddi bir xəstəliyin gizli gedişindən xəbər verir. Ona görə vətəndaşlara tövsiyəm ondan ibarətdir ki, sağlamlıqları  bağlı ən xırda narahatlığa belə ciddi yanaşsınlar.

-Əməliyyatdan sonrakı bərpa dövründə pasiyentlərin ən çox etdikləri yanlış davranışlar hansılardır və sağalma prosesini sürətləndirmək üçün hansı qaydalara əməl olunmalıdır?

-Cərrahi xəstələklərin sağalma dövründə postoperasion reabilitasiya  çox əhəmiyyətli bir mərhələdir. Əməliyyat nə qədər uğurlu və vaxtında icra olunsa da, xəstənin əməliyyatdan sonrakı dövr üçün həkim tövsiyələrinə ciddi riayət etməməsi alınacaq nəticənin effektivliyini əhəmiyyətli dərəcədə azalda bilər. Əməliyyatdan sonrakı dövrdə düzgün yara baxımı, protokol üzrə requlyar dərman qəbulu, doğru pəhriz, lazım olanda yataq rejimi, bəzən isə əksinə həkim təyinatına uyğun olaraq aktivlik halı, ehtiyac olduğu hallarda kompression vasitələrin, korsetlərin istifadəsi və s. hər biri önəmli nüanslardır. Bu dövrə xəstələr kifayət qədər məsuliyyətli yanaşmalı və həkim təlimatlarına diqqətlə əməl etməlidirlər.

- Xəstələr arasında cərrahi əməliyyatların yalnız xəstəxanalarda icra olunması barədə fikirlər mövcuddur. Bəs hansı cərrahi problemlər zamanı xəstələr poliklinikalara müraciət edə bilər?

-Poliklinikaların, yəni ambulatoriyaların cərrahi kabinetlərində yerli keyitmə altında icra oluna biləcək demək olar ki, bütün əməliyyatlar üçün şərait mövcuddur. Buraya epidermoid və trixodermal kistlərin eksiziyası, irinli-infiltrativ proseslər, trofik xoralar, xroniki şəkər yaraları, ətə girən dırnaq durumları, bədənin müxtəlif nahiyyələrini əhatə edən  travma səbəbi ilə yaranan açıq yaralar, yanıq yaraları və s. aiddir. Vətəndaşlarımızın məlumatı olmalıdır ki, bu cür cərrahi əməliyyat və manipulyasiyalar ambulatoriyalarda da uğurla icra olunur. Poliklinikalar sahə-ərazi prinsipi ilə fəaliyyət göstərdiyi üçün insalara daha əlçatandır. Əməliyyatdan sonrakı dövrün də ambulator həkim nəzarətində keçməsi poliklinikaları xəstələrə daha da yaxınlaşdırır.

-Sağlamlığını qorumaq və əməliyyat riskini minimuma endirmək istəyən insanlara profilaktik baxımdan hansı tövsiyələri verərdiniz?

-Əslində, demək olar bütün xəstələklərin profilaktikası oxşardır və eyni prinsiplərə əsaslanır: İmmun sistemini mümkün qədər gücləndirmək. Bunun üçün  stresdən uzaq durmaq, yuxu rejiminə əməl etmək vacibdir. Belə ki, axşam saat 11-dən gec olmamaq şərtilə yuxuya getmək, eyni zamanda, sağlam qidalanmaq, zərərli vərdişlərdən uzaq durmaq, maksimum aktiv və dinamik həyat tərzi keçirmək ən başlıca faktorlardır.

Mən bütün insanlara  sağlamlıq arzu edirəm. Sağlam bədən, sağlam ruh, sağlam düşüncə…

Yaqut Ağaşahqızı, “İki sahil”