04 iyun 2026 23:58
87

Zəfər şəhid Muradın hünər dastanı...

Zəfər şəhidi Murad Vasıf oğlu Abbasov Lənkəranın Şıxəkəran kəndində dünyaya göz açıb. Vətənə sevgi, məhəbbət ruhunda boya-başa çatan Murad 2015-ci ildə orta təhsilini bitirib yağıdan qisas almaq üçün ordu sıralarına yollanıb. O, cəbhə bölgəsində 1il 6 aylıq xidməti bitirib, üzüağ evinə qayıdır.

Murad 2020-ci il sentyabr ayın 27-də İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Vətənin qeyrətli oğulları ilə əlinə silah alıb yağıya qarşı vuruşub. Neçə-neçə qanlı savaşdan zəfərlə çıxan igid döyüşçü 2020-ci il 23 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Bir gün sonra doğma kəndində sevdalandığı Vətən torpağının sinəsinə baş qoyub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə medallarla təltif olunub.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Murad Abbasovun əziz xatirəsinə həsr olunmuş mövlud mərasimi keçirilib. Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndələrin, N. Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin müəllim və şagird kollektivin, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələrin qatıldığı tədbir zamanı ölümsüzlüyə qovuşan Vətən sevdalısının foto və şəxsi əşyalardan ibarət sərgi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .

Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbiri açıb şəhid Murad Abbasovun Vətən uğrunda göstərdiyi şücaətdən, onun qəhrəmanlıq yolundan danışıb, belə igidlərin xatirəsi daim ürəklərdə yaşayacağını vurğulayıb.

Çıxışını bitirən natiq Mərkəzin rəsm kursunda şəhidin yağlı boya ilə çəkilmiş portretini şəhidin anasına təqdim edib.

Çıxış edən natiqlər bildiriblər ki, bu qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının tarixində əbədi yaşayacaq, qərinələr boyunca gələn nəsillər Vətəni sevməyi, torpağını necə qorumağı bu qəhrəmanlardan öyrənəcəklər.

Şəhidin valideynləri də öz növbəsində tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər

Mərasim çərçivəsində məktəblilər vətənpərvərlik mövzusunda şerlər söyləyib və səhnəciklər təqdim olunub, tanınmış ifaçılar tərəfindən şəhidlərə həsr olunmuş mahnılar bir-birini əvəz edib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü