04 iyun 2026 23:14
103

Rəqəmsal məkanda vahid koordinasiya dövrü başlayır

Ekspert: Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın güclənməsi Azərbaycanın regional mövqeyini daha da möhkəmləndirəcək

Rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə kibertəhlükəsizlik artıq təkcə informasiya texnologiyaları mütəxəssislərinin deyil, dövlətlərin milli təhlükəsizlik strategiyalarının da əsas istiqamətlərindən birinə çevrilib. Elektron hökumət xidmətlərinin genişlənməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, onlayn maliyyə əməliyyatlarının artması və milyonlarla şəxsi məlumatın rəqəmsal mühitdə emalı kiberrisklərin miqyasını və təsir gücünü əhəmiyyətli dərəcədə artırır. Belə bir şəraitdə dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri rəqəmsal məkanın etibarlı qorunmasını təmin edən çevik və effektiv idarəetmə mexanizmlərinin formalaşdırılmasıdır.

Məhz bu baxımdan Prezident İlham Əliyevin imzaladığı Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkənin rəqəmsal təhlükəsizlik sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Yeni qurumun fəaliyyəti dövlət informasiya resurslarının müdafiəsinin gücləndirilməsi, kiberhücumlara qarşı operativ cavab mexanizmlərinin qurulması, fərdi məlumatların qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs Agentliyin yaradılması kibertəhlükəsizlik ekosisteminə hansı yenilikləri gətirəcək, vətəndaşların rəqəmsal təhlükəsizliyinə necə təsir göstərəcək və ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsində hansı rolu oynayacaq?

Rəqəmsal məkanda vahid komanda mərkəzi formalaşır

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması rəqəmsal dünyada hər birimizin təhlükəsizliyinə birbaşa təsir edən və ölkənin kiberfəzasında oyunun qaydalarını dəyişən strateji bir struktur islahatıdır. Bank hesablarımızdan dövlət xidmətlərinə, şəxsi telefonlarımızdan sosial şəbəkələrə qədər demək olar ki, bütün fəaliyyətlərin onlayn mühitə daşınması, kibertəhlükəsizliyi sırf texniki bir İT sahəsi olmaqdan çıxarıb gündəlik təhlükəsizlik ehtiyacına çevirmişdir. Dövlətin bu addımı rəqəmsal sahədəki dağınıqlığı aradan qaldırmaq, tənzimləməni mərkəzləşdirmək, həmçinin vahid koordinasiya və nəzarət mexanizmi yaratmaq zərurətindən irəli gəlir.

Təhlükə qapını döyməmiş...

İdarəetmə və fəaliyyət mexanizmi baxımından Agentlik baş vermiş kiberhücumların sadəcə fəsadlarının ardınca qaçmaqla (reaktiv) kifayətlənməyib, potensial riskləri əvvəlcədən təsbit edən preventiv (qabaqlayıcı) tədbirlərə fokuslanacaq. Qurumun publik hüquqi şəxs statusu və özünümaliyyələşdirmə modeli isə ona bürokratik asılılıqdan kənar idarəetmə çevikliyi qazandırır. Bu struktur həm də ölkədəki mövcud koordinasiya boşluğunu qapatmaq missiyasını daşıyaraq, dövlət qurumları, maliyyə-bank sektoru, internet provayderləri və operatorlar arasında operativ məlumat mübadiləsini təmin edən vahid bir mərkəz (Milli CERT) qismində çıxış edəcək və subyektlərin fəaliyyətini əlaqələndirəcəkdir.

Məlumatın sahibi kim olacaq?

E. Abbasov onu da qeyd etdi ki, vətəndaş müstəvisində isə qurum rəqəmsal hüquqların, fərdi məlumatların qanunsuz toplanması və işlənilməsinə nəzarəti həyata keçirməklə yanaşı, internet informasiya ehtiyatlarında yayılması qadağan olunan informasiyalara qarşı tədbirlər görəcək və əhalinin maarifləndirilməsini təmin edəcəkdir.

Transmilli kiberhücumlarla mübarizədə xarici tərəfdaşlarla qurulacaq beynəlxalq əməkdaşlıq isə Azərbaycanın regional çəkisini və rəqəmsal suverenliyini gücləndirəcəkdir.

Eyni zamanda, bu yeni idarəetmə arxitekturasının real nəticələri və effektivliyi qurulacaq daxili infrastrukturun və məlumat mübadiləsi sisteminin yaxın dövrdə nə dərəcədə çevik işləyəcəyindən birbaşa asılı olacaqdır.

Nigar Orucova, "İki sahil"