04 iyun 2026 22:36
100

Azərbaycanın enerji siyasəti və qlobal inkişaf modeli

Azərbaycan Respublikasının müasir qlobal iqtisadiyyatda və beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınması təsadüfi xarakter daşımır və bu fundamental uğurların memarı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevdir. Bu gün qlobal enerji səhnəsində aparıcı platformalardan biri hesab olunan Bakı Enerji Həftəsi və onun çərçivəsində ərsəyə gələn çoxsaylı beynəlxalq mərasimlər müasir Azərbaycanın enerji inkifşafının məhz həmin dövrdə qoyulmuş möhkəm bünövrəsindən xəbər verir. Əgər rəsmi enerji strategiyamızın start götürdüyü 1994-cü ilə retrospektiv nəzər salsaq, ölkənin necə dərin bir böhran içərisində olduğunu, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın təxminən 20 faizinin işğal altında qaldığını və ölkədə bir milyon qaçqının müstəqilliyin ilk illərində böyük bir humanitar yük yaratdığını görə bilərik. İqtisadi baxımdan tam bir xaotik vəziyyətin hökm sürdüyü, yoxsulluq səviyyəsinin 50 faizi ötdüyü və daxili enerji tələbatı ödənilmədiyi üçün elektrik enerjisinin və təbii qazın kənardan idxal edildiyi bir şəraitdə Ümummilli Lider Heydər Əliyev böyük cəsarət və dövlətçilik təfəkkürü nümayiş etdirərək Azərbaycanı beynəlxalq sərmayələrə açdı.

Müstəqil dövlət kimi yaşamaq və irəliyə getmək üçün Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarını beynəlxalq neft şirkətlərinin istifadəsinə verən ilk ölkə məhz Azərbaycan oldu və Ulu Öndərin müəllifi olduğu neft strategiyası çərçivəsində, 1996-cı ilin iyununda dünyanın ən iri qaz yataqlarından birini ehtiva edən “Şahdəniz” müqaviləsi imzalandı. Lakin bu uzaqgörən təməlin üzərində müasir, qüdrətli və qlobal miqyasda əvəzedilməz bir Azərbaycan dövləti inşa etmək, resursları real siyasi, diplomatik və hərbi zəfərlərə çevirmək birbaşa Prezident İlham Əliyevin praqmatik, sarsılmaz və milli maraqlara söykənən çoxşaxəli siyasətinin nəticəsidir. Dünya mətbuatının və beynəlxalq analitik mərkəzlərin də xüsusi olaraq qeyd etdikləri kimi, Prezident İlham Əliyev atdığı hər bir taktiki addımı ümumi strateji hədəfə bağlayan müdrik siyasəti sayəsində Azərbaycanı təkcə resurs ixrac edən ölkə statusundan çıxararaq qlobal geosiyasi proseslərin gedişatına birbaşa təsir göstərən rəsmi güc mərkəzinə çevirmişdir. Keçmişdə rəsmi enerji strategiyamızın ilk platforması olan Xəzər Neft və Qaz Sərgisi məhz onun rəhbərliyi dövründə genişlənərək təkcə daxili deyil, dünya mətbuatının da manşetlərinə daşınan, qlobal enerji siyasətinin trendlərini müəyyən edən çoxsaylı forum, konfrans və müqavilə mərasimlərini özündə birləşdirən Bakı Enerji Həftəsinə çevrildi. Bu platformanın qlobal çəkisini və Prezident İlham Əliyevin beynəlxalq legitimliyini və nüfuzunu göstərən ən bariz amil isə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın, habelə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Birləşmiş Krallığın Baş naziri Keir Starmerin ünvanladıqları yüksəksəviyyəli rəsmi məktublardır ki, burada da Bakı Enerji Həftəsinin qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biri olduğu və Azərbaycan rəhbərliyinin qlobal sabitlikdəki müstəsna rolu açıq şəkildə etiraf edilir.

Dünya enerji arxitekturasını və xüsusilə son illərdə neft-qaz hasil edən dövlətlərə qarşı aparılan birtərəfli qarayaxma kampaniyalarını normal məcraya qaytardığına görə Prezident Trampın praqmatik yanaşması xüsusi beynəlxalq əhəmiyyət kəsb edir. Çünki uzun illər boyu hidrokarbon hasilatçıları heç bir real alternativ irəli sürülmədən planetin ekoloji dağıdıcısı kimi damğalanır və süni formalaşdırılmış ictimai rəylə küncə sıxışdırılırdı. Halbuki real dünya iqtisadiyyatının və beynəlxalq sənayenin fundamental qanunları göstərir ki, bəzi iri Qərb şirkətlərinin dırnaqarası müasir trendlərə uyğunlaşmaq xatirinə korporativ adlarını dəyişməsinə baxmayaraq, bəşəriyyət faydalı qazıntılar olmadan yaşaya bilməz və inkişaf edə bilməz.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər zaman bu prinsipial və diktə olunan deyil, milli maraqlara söykənən siyasəti müdafiə etmişdir; əlbəttə, biz planetin qorunmasını və daha təmiz bir iqlim modelini tamamilə dəstəkləyirik, lakin bu gün real dünya iqtisadiyyatı bizdən praqmatik olmağı, enerji təhlükəsizliyini tam zəmanət altına almaqla yanaşı, gələcəyi planlaşdıraraq bərpaolunan enerji mənbələrinə ağıllı sərmayələr yatırmağı tələb edir ki, irəliyə doğru aparan yeganə səmərəli yol da məhz budur. Suveren ölkələr torpaqlarının təkində və ya dənizlərinin dibində neft-qaz resurslarının olmasına görə günahlandırılmalı deyil, çünki bu yataqlar digər adi əmtəələr kimi bir ticarət və inkişaf vasitəsidir; Prezident İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan bəyan etdiyi kimi, dövlətlər neftin varlığına görə deyil, bu resurslardan əldə olunan gəlirləri öz xalqının rifahına, sosial infrastruktura, təhsilə, səhiyyəyə və yaşıl gündəlik məsələlərinə necə sərmayə etdiklərinə görə qiymətləndirilməlidir. Azərbaycan bu mütərəqqi idarəetmə modelinin dünyadakı ən bariz nümunəsidir. Çünki ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq sərmayələrə tamamilə açıq, milli maraqlara əsaslanan müdrik siyasət yürüdərək, həm investorların, həm də ev sahibi ölkənin qazandığı ideal bir balans formalaşdırmış, kənar müdaxilələrə və bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadan tamamilə öz daxili strategiyasına güvənmişdir. Məhz bu müstəqil iqtisadi platforma və resurslardan düzgün istifadə bizə 30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad edən güclü ordu qurmaq imkanı tanıdı. Çünki etiraf etmək lazımdır ki, müharibələrdə qələbəni yüksək döyüş ruhu qazandırsa da, ordunu müasir silahlarla təchiz etmək üçün iqtisadi gücümüz və vəsaitimiz olmasaydı, torpaqlarımız bu gün də işğal altında qala bilərdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi və müasir şəraitdə uğurla davam etdirilən bu makroiqtisadi strategiya sayəsində bu gün Azərbaycan beynəlxalq agentliklər tərəfindən investisiya dərəcəli kredit reytinqləri ilə qiymətləndirilir. Ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi təqribən 5 faiz həddinə endirilmiş, xarici borcun ümumi daxili məhsula olan nisbəti isə dünyada ən aşağı göstəricilərdən birinə, yəni cəmi 6 faiz səviyyəsinə salınmışdır. Beynəlxalq maliyyə institutlarından tamamilə asılı olmamaq üçün borclarını vaxtından əvvəl ödəyən dövlətimiz strateji valyuta ehtiyatlarını Dövlət Neft Fondu və Mərkəzi Bankda cəmləşdirərək xarici borcumuzu 18 dəfədən çox üstələyən böyük bir maliyyə qalxanı yaratmışdır. Coğrafi baxımdan dünya okeanlarına birbaşa çıxışı olmayan bir dövlət üçün öz karbohidrogen resurslarını ixrac etmək qonşu və regional tərəfdaşlarla yüksəksəviyyəli diplomatik kompromislər tələb edirdi və rəsmi Bakı bu sınaqdan uğurla keçərək əvvəlcə Xəzəri Aralıq və Qara dənizlərlə birləşdirən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərini, ardınca isə müasir dövrün ən iddialı transkontinental enerji layihəsi olan Cənub Qaz Dəhlizini ərsəyə gətirdi. Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP xətlərindən ibarət olan, yüksək dağlıq relyeflərdən və dənizin dibinden keçən 3500 kilometrlik bu boru kəməri sistemi bu gün sayı getdikcə artan Avropa ölkələrinin enerji təhlükəsizliyinin əsas qarantıdır və dünya mətbuatının da vurğuladığı kimi, Cənub Qaz Dəhlizi olmadan Avropa enerji bazarının mövcud vəziyyətini təsəvvür etmək olduqca çətindir. Keçən il Bakı Enerji Həftəsində Azərbaycan qazını 12 ölkənin aldığı bəyan edilmişdisə, bu gün Prezident İlham Əliyevin apardığı intensiv və çevik enerji diplomatlığı nəticəsində həmin coğrafiya genişlənərək 16 ölkəyə çatmışdır ki, bunların da 10-u birbaşa Avropa İttifaqının üzvüdür və boru xətti logistikasının ərazi-coğrafi parametrlərinə görə ölkəmiz dünyada birinci yerdə qərarlaşır. Biz hasilat həcmlərimizi daha da artırırıq və Bakı Enerji Həftəsi çərçivəsində imzalanan yeni sənədlər, xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi və “Abşeron” yatağı ölkəmizin qlobal təhlükəsizliyə töhfəsini daha da böyüdəcəkdir. Artıq Azərbaycan yalnız daxili bazara investor cəlb edən deyil, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən institusional islahatlar sayəsində Dövlət Neft Şirkəti – SOCAR vasitəsilə Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatıran, habelə Xəzərin şərq sahilindəki tərəfdaşlarının neftini öz ərazisindən keçirərək beynəlxalq bazarlara çıxaran regional tranzit qovşağıdır və yaxın gələcəkdə eyni modelin təbii qaz üçün də tətbiq edilməsi nəzərdə tutulur. Bununla yanaşı, SOCAR-ın neft emalı gücü 30 milyon tonu ötüb, İtaliyanın "Italiana Petroli" şirkətinin aktivlərinin satın alınması ilə Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlib və sənayemiz neft-kimya, elektrik enerjisi və yüksək keyfiyyətli neft məhsullarının ixracı istiqamətində tam diversifikasiya olunubdur.

Enerji siyasətinin bu cür mütərəqqi şaxələndirilməsi və iqtisadi müstəqillik Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu qlobal miqyasda ən mötəbər humanitar və ekoloji forumların mərkəzinə daşımışdır. Bu kontekstdə ölkəmizin ev sahibliyi etdiyi COP29 qlobal iqlim sammiti Azərbaycanın çoxşaxəli enerji diplomatiyasının və yaşıl transformasiyaya sadiqliyinin ən ali zirvəsidir. COP29 sadəcə ekoloji konfrans deyil, rəsmi Bakının ənənəvi enerji resurslarından əldə etdiyi iqtisadi və siyasi gücü qlobal yaşıl gündəliyin diktə olunmasında, inkişaf etməkdə olan və iqlim böhranından əziyyət çəkən ölkələr üçün ədalətli maliyyə mexanizmlərinin formalaşdırılmasında necə bir idarəedici aktora çevirdiyinin əyani sübutudur. Eyni zamanda, urbanizasiya, inklüziv şəhərsalma və dayanıqlı inkişaf sahəsində BMT-nin ən nüfuzlu qlobal tədbiri olan Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi qərarı bu çoxşaxəli inkişaf zəncirinin ayrılmaz bir həlqəsidir. WUF13 çərçivəsində rəsmi Bakı və işğaldan azad edilərək ən müasir "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında sıfırdan yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur bölgələri qlobal urbanizasiya və ekoloji şəhərsalma modelləri üçün canlı bir nümunə kimi təqdim olunur. Bu mötəbər tədbirlər — istər COP29, istərsə də WUF13 — dünya miqyasında nümayiş etdirir ki, Azərbaycan karbohidrogen resurslarından gələn maliyyə axınını və idarəetmə təcrübəsini ekoloji cəhətdən dayanıqlı şəhərlərin inşasına, bərpaolunan enerjiyə və qlobal humanitar təşəbbüslərə inteqrasiya edərək müasir dövrün çağırışlarına tam və mütərəqqi şəkildə cavab verir.

Müasir dövrün tələbləri, qlobal dekarbonizasiya trendləri və iqlim hədəfləri kontekstində Azərbaycanın mövcud təbii qaz ehtiyatları ən azı növbəti yüz il ərzində həm daxili bazarı, həm də tərəfdaşlarımızı tam təmin etməyə yetərli olsa da və texniki cəhətdən elektrik enerjisi istehsalı üçün alternativ mənbələrə ehtiyacımız olmasa da, Prezident İlham Əliyevin yüksək beynəlxalq ekoloji məsuliyyəti və uzaqgörənliyi dövlətimizi bərpaolunan enerji sektoruna irihəcmli sərmayələr qoymağa sövq edir. Keçən əsrin 90-cı illərində neft sənayesində investorlar üçün yaradılmış əlverişli və etibarlı şərait bu gün onun rəhbərliyi ilə tamamilə yaşıl enerji sektoruna da tətbiq olunur; artıq işğaldan azad edilmiş və Prezident tərəfindən rəsmən “yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində fəal hidroenerji potensialı reallaşdırılaraq 300 meqavatdan çox gücdə elektrik stansiyaları istifadəyə verilmişdir. Onun müəyyən etdiyiyi milli strategiyanın konkret xronologiyasına əsasən, gələn ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi generasiya gücümüz 2 giqavata, 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat səviyyəsinə yüksəldilərək, alternativ enerji potensialımızı neft-qaz ixracını tamamlayan əsas strateji mənbəyə çevirəcəkdir. Bu nəhəng yaşıl enerjinin transkontinental bazarlara ötürülməsi məqsədilə beynəlxalq kabel layihələri onun birbaşa nəzarəti altında sıx şəkildə icra olunur; texniki-iqtisadi əsaslandırılması yekunlaşmaqda olan “Qara Dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan və Qara dənizin dibi vasitəsilə Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək, eyni zamanda qurudan keçəcək Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik xətti və Mərkəzi Asiyadakı müttəfiqlərimizlə Xəzər dənizinin altından çəkiləcək yaşıl enerji kabeli layihələri üzərində fəal hökumətlərarası işlər davam etdirilir.

Azərbaycanın enerji sahəsində qurduğu bu qlobal şəbəkə onun nəqliyyat və kommunikasiya layihələri ilə böyük bir sintez təşkil edərək qitələri əlaqələndirən Şərq-Qərb dəhlizinin uğurlu fəaliyyətini təmin edir və heç şübhəsiz ki, bu şəbəkənin yeni strateji qolu olacaq, Ağ Evdə rəsmi sənədlərlə əsası qoyulmuş Zəngəzur dəhlizi də yaxın gələcəkdə inşa edilərək həm nəqliyyat, həm də enerji sahəsində bu qitələrarası bağlılığı tam zirvəsinə çatdıracaqdır. Dövlət başçısının nümayiş etdirdiyi qətiyyət, ölkəmizin təbii resursları, irəli sürdüyü qlobal təşəbbüslər və birbaşa öz investisiyaları sayəsində ərsəyə gələn bu geniş əməkdaşlıq formatı nümayiş etdirir ki, Bakı Enerji Həftəsi, COP29 və WUF13 çərçivəsində aparılan müzakirələr, qurulan təmaslar və onun rəhbərliyi ilə həyata keçirilən nəticəyönümlü yeni strateji planlar dünya enerji birliyinin bütün iştirakçıları üçün müstəsna və faydalı əhəmiyyət kəsb edir.

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri