09 iyun 2026 23:20
125

Yayda uşaqların sağlamlığı niyə xüsusi diqqət tələb edir? - Pediatrdan MƏSLƏHƏT

Pediatr: Uşaqlar tətilə yollanmazdan əvvəl mütləq pediatr müayinəsindən keçməli, onların fiziki və ortopedik inkişafı qiymətləndirilməlidir

Yay mövsümü uşaqlar üçün istirahət, əyləncə və yeni təəssüratlar dövrü olsa da, bu müddət onların sağlamlığına xüsusi diqqət yetirilməsini də zəruri edir. Məktəb və bağça həyatından uzaqlaşan uşaqlar daha çox açıq havada vaxt keçirir, səyahətlərə çıxır, dəniz və hovuzlardan istifadə edirlər. Bu isə həm sağlamlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır, həm də müəyyən riskləri gündəmə gətirir. Mütəxəssislər hesab edirlər ki, yay ayları uşaqların tibbi müayinədən keçirilməsi, vitamin və mineral balansının qiymətləndirilməsi, eləcə də təhlükəsiz istirahətin təşkili baxımından ən əlverişli dövrlərdən biridir.

Bəs valideynlər yay tətili ərəfəsində hansı məqamlara diqqət yetirməlidirlər? Uşaqların yay mövsümünü sağlam və təhlükəsiz keçirməsi üçün hansı tədbirlər görülməlidir?

Yay tətilinə çıxmazdan öncə həkim yoxlaması vacibdir

Pediatr Gülnar Abdullayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamsında bildirdi ki, yay mövsümü uşaqların sağlamlığının dəyərləndirilməsi üçün ən əlverişli dövrlərdən biridir: “Məktəb və bağça dövrü başa çatdıqdan sonra valideynlərin uşaqlarına daha çox vaxt ayırmaq imkanı yaranır. Buna görə də yay aylarında qan analizlərinin yoxlanılması, ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və mümkün problemlərin vaxtında aşkarlanması tövsiyə olunur.

İlk növbədə, uşaq pediatr müayinəsindən keçməlidir. Müayinə zamanı boy və çəki göstəriciləri, fiziki inkişaf səviyyəsi, yeniyetmələrdə cinsi inkişaf mərhələsi qiymətləndirilir. Eyni zamanda qızlarda skoliozun olub-olmaması, oğlanlarda ayaqaltı düzlük və digər ortopedik problemlər yoxlanılır. Uşaqların tətilə yollanmazdan əvvəl bu müayinələrdən keçmələri vacibdir. Çünki vitamin və ya dəmir çatışmazlığı, ferritin səviyyəsinin aşağı olması kimi problemlər aşkarlandıqda, yay dövründə onların aradan qaldırılması daha asan olur”.

Günəşli hava vitaminlərin unudulması demək deyil

Pediatr qeyd etdi ki, bəzən valideynlər yay aylarında vitaminlərin qəbulunun dayandırılmasının lazım olduğunu düşünürlər. Lakin bu yanaşma doğru deyil: “Xüsusilə D vitamini ilə bağlı belə bir qərar həkim məsləhəti olmadan verilməməlidir. Son dövrlərdə hava şəraitində dəyişikliklər müşahidə olunur, yağışlı günlərin sayı artıb və günəşli günlər hər zaman kifayət etmir. Buna görə də bir çox uşaqlarda D vitamininin qəbulu davam etdirilməlidir. Valideynlər bəzən uşağın günəşdən kifayət qədər D vitamini aldığını düşünərək preparatı dayandırırlar. Halbuki bu, əzələ və sümük sisteminin inkişafına mənfi təsir göstərə bilər.

Eyni qayda dəmir preparatlarına və digər həkim təyinatlı vasitələrə də aiddir. Bəzən “yayda dərman vermək olmaz” kimi fikirlərlə rastlaşırıq. Əslində isə belə bir qayda yoxdur. Həkim tərəfindən təyin olunan preparatlar ilin bütün fəsillərində düzgün doza və qaydalara uyğun şəkildə qəbul edilə bilər”.

Xarici səfərlərdə infeksion risklərə diqqət

G. Abdullayeva vurğuladı ki, yay istirahətinin planlaşdırılması zamanı seçilən məkan da xüsusi əhəmiyyət daşıyır: “Burada ilk növbədə uşağın yaşı nəzərə alınmalıdır. Körpə və azyaşlı uşaqlarla istirahətə gedərkən onların qidalanma ehtiyaclarına uyğun şəraitin olub-olmamasına diqqət yetirilməlidir. Dəniz sahilinin təhlükəsizliyi, suyun təmizliyi və ümumi sanitar vəziyyət də vacib amillərdir.

Əgər istirahət xarici ölkədə planlaşdırılırsa, həmin bölgədə yayılan infeksion xəstəliklər barədə əvvəlcədən məlumat əldə etmək lazımdır. Müxtəlif dövrlərdə bəzi turizm bölgələrində qusma və ishal ilə müşayiət olunan virus infeksiyalarının yayılması müşahidə olunur. Buna görə də valideynlər səfər edəcəkləri ölkənin epidemioloji vəziyyətini diqqətdə saxlamalıdırlar.

Hovuz əyləncədir, dəniz isə sağlamlığa əlavə töhfədir

Peadiatr sonda diqqətə çatdırdı ki, uşaqlar adətən hovuzda üzməyi daha çox sevsələr də, dənizdə çimmək daha çox məsləhət görülür. Belə ki, onlara dənizdə suyunun dəri ilə təması, açıq havada hərəkətlilik və günəş şüaları ilə birlikdə orqanizmə göstərdiyi müsbət təsirlər uşağın sağlamlığı üçün faydalıdır. Dəniz mühiti immun sisteminin möhkəmlənməsinə, uşağın ümumi fiziki inkişafına və yay mövsümünü daha sağlam keçirməsinə dəstək verir.

Nigar Orucova, "İki sahil"