10 iyun 2026 14:50
140

Kimyanı sevdirmək, əslində həyatı daha dərindən anlamağı öyrətməkdir

Vəfa İmamverdiyeva: Şagirdlərdə elmə maraq oyatmaq, onları araşdırmağa və düşünməyə sövq etmək müəllim olaraq ən böyük məqsədimdir

Təhsil hər bir cəmiyyətin gələcəyini müəyyənləşdirən ən mühüm sahələrdən biridir. Bu gələcəyin formalaşmasında isə müəllimlərin rolu danılmazdır. Xüsusilə təbiət elmlərinin tədrisi gənc nəslin dünyagörüşünün formalaşmasında, elmi təfəkkürünün inkişafında və müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlara yiyələnməsində mühüm əhəmiyyət daşıyır. Təbiətin sirlərini öyrənən, maddələrin quruluşunu və çevrilmələrini araşdıran kimya elmi isə insan həyatının demək olar ki, bütün sahələri ilə sıx bağlıdır. Müasir dövrdə alternativ enerji mənbələrinin əldə olunması, ətraf mühitin qorunması, yeni materialların hazırlanması, kənd təsərrüfatının inkişafı, səhiyyədə istifadə olunan innovativ preparatların yaradılması kimi mühüm istiqamətlərin hamısında kimya elminin xüsusi rolu var. Bu baxımdan kimyanın şagirdlərə sevdirilməsi və onların elmi araşdırmalara həvəsləndirilməsi olduqca vacibdir. Bu dəfə həmsöhbətimiz Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin kimya müəllimi Vəfa İmamverdiyevadır. O, müəllimlik peşəsinə gəliş yolundan, kimya elminin cəmiyyətdəki rolundan, müasir tədris metodlarından, şagirdlərlə iş təcrübəsindən və gələcək planlarından danışıb.

 – Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Kimya müəllimi olmağa aparan yolunuz necə başlayıb?

– Mən İmanverdiyeva Vəfa, Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində kimya fənnini tədris edirəm. Kimyaya olan marağım məktəb illərindən başlayıb. Hələ şagird olarkən təbiətdə baş verən hadisələrin səbəblərini öyrənməyə çalışır, ətrafımızda gördüyümüz maddələrin necə əmələ gəldiyini, bir maddənin digərinə necə çevrildiyini böyük maraqla araşdırırdım. İnsan təbiətin sonsuz sirlərinin izinə düşdükcə anlayır ki, bu sirləri açmağın ən etibarlı yolu elmdir. Elm inkişaf etdikcə insanın dünyaya baxışı dəyişir, hadisələrə yanaşması fərqlənir. Məndə də bu maraq zamanla daha da gücləndi və müəllimlik peşəsini seçməyimə səbəb oldu. İstədim ki, qazandığım bilikləri gələcək nəsillərlə bölüşüm və onlarda da elmə maraq oyadım.

– Niyə məhz kimya fənnini seçdiniz?

– Kimya mənim üçün sadəcə bir fənn deyil. Bu elm ətrafımızda baş verən hadisələrin mahiyyətini anlamağa imkan verir. İnsan nəfəs alarkən, qidalanarkən, dərman qəbul edərkən, hətta gündəlik istifadə etdiyi əşyalarla təmasda olarkən belə kimya ilə qarşılaşır. Kimyanı öyrəndikcə insan yaşadığı dünyanın necə mürəkkəb və eyni zamanda necə mükəmməl qurulduğunu anlayır. Müəllimlik isə mənə bu gözəllikləri və bilikləri şagirdlərlə paylaşmaq imkanı verdi. Mən hesab edirəm ki, müəllim olmaq sadəcə peşə seçimi deyil, həm də cəmiyyət qarşısında böyük məsuliyyətdir.

– İlk dərs gününüzü necə xatırlayırsınız?

– İlk dərs günüm bu gün də yadımdadır. Böyük həyəcan hissi keçirirdim. Qarşımda oturan şagirdlərin baxışları mənə həm məsuliyyət, həm də motivasiya verirdi. Düşünürdüm ki, onların yaddaşında necə müəllim kimi qalacağam. İllər keçdikcə təcrübə qazandım, müxtəlif təlimlərdə iştirak etdim, yeni metodikalar öyrəndim. Bu gün dərs prosesinə daha fərqli yanaşıram. Çalışıram ki, şagird yalnız dinləyici deyil, eyni zamanda araşdıran, düşünən və nəticə çıxaran tərəf olsun.

– Sizcə, kimya fənni şagirdlərin elmi dünyagörüşünün formalaşmasında hansı rolu oynayır?

– Kimya müşahidə etməyi, araşdırma aparmağı və nəticə çıxarmağı öyrədir. Ətrafımızda baş verən saysız-hesabsız proseslərin arxasında kimyəvi hadisələr dayanır. Şagird bu hadisələri öyrəndikcə dünyaya daha elmi yanaşmağa başlayır. Kimya dərsləri uşaqlarda analitik təfəkkürü, məntiqi düşüncəni və problem həll etmə bacarıqlarını inkişaf etdirir. Bu xüsusiyyətlər isə təkcə dərs üçün deyil, həyatın bütün sahələri üçün vacibdir.

– Kimya dərslərini daha maraqlı etmək üçün hansı üsullardan istifadə edirsiniz?

– Müasir təhsil şagirdin fəal iştirakını tələb edir. Mən dərslərdə müxtəlif təcrübələrdən, layihələrdən, təqdimatlardan, müzakirələrdən və gündəlik həyat nümunələrindən istifadə edirəm. Şagird öz gözləri ilə gördüyü təcrübəni daha yaxşı yadda saxlayır. Buna görə də çalışıram ki, mövzular yalnız nəzəri formada təqdim olunmasın. Onlar özləri araşdırsın, sual versin və nəticə əldə etsinlər.

 – Müasir dövrdə kimya müəlliminin əsas missiyası nədir?

– Müasir müəllimin missiyası sadəcə məlumat ötürmək deyil. Bu gün informasiya hər yerdə mövcuddur. Əsas məsələ həmin informasiyanı düzgün seçmək, təhlil etmək və tətbiq etməyi öyrətməkdir. Kimya müəllimi şagirdlərdə tədqiqatçılıq ruhu formalaşdırmalı, onları elmi düşüncəyə istiqamətləndirməli və həyati bacarıqlar qazandırmalıdır.

 – Kimyanın tədrisində laboratoriya məşğələlərinin rolu nə qədər önəmlidir?

– Laboratoriya məşğələləri kimya tədrisinin ayrılmaz hissəsidir. Şagird nəzəriyyədə öyrəndiyi məlumatları praktik olaraq müşahidə etdikdə mövzunu daha yaxşı qavrayır. Laboratoriya təcrübələri həm də şagirdlərdə məsuliyyət, diqqətlilik və dəqiqlik kimi keyfiyyətlər formalaşdırır. İstərdim ki, gələcəkdə məktəblərdə laboratoriya imkanları daha da genişləndirilsin.

– Müəllimlik peşəsinin ən çətin və ən dəyərli tərəfi hansıdır?

– Ən çətin tərəfi böyük məsuliyyət daşımasıdır. Müəllim yalnız fənn öyrətmir, eyni zamanda şəxsiyyət formalaşdırır. Ən dəyərli tərəfi isə şagirdlərin uğurlarını görməkdir. Onların ali məktəblərə qəbul olması, müxtəlif sahələrdə nailiyyət qazanması müəllim üçün ən böyük sevinc mənbəyidir.

 –Bu gün müəllimlik peşəsinin cəmiyyətdəki rolunu necə qiymətləndirirsiniz?

– Müəllim cəmiyyətin gələcəyini formalaşdıran şəxsdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini ona etibar edir.” Bu fikir müəllim peşəsinin mahiyyətini tam əks etdirir. Çünki gələcəyin həkimi, mühəndisi, alimi, müəllimi məhz məktəbdə yetişir.

 – Kimya bilikləri gündəlik həyatda insanlara nə qazandırır?

– Kimya həyatımızın ayrılmaz hissəsidir. İstifadə etdiyimiz qida məhsulları, dərmanlar, kosmetik vasitələr, məişət təmizləyiciləri və digər məhsullar kimya ilə bağlıdır. Kimya bilikləri insanlara bu məhsullardan düzgün istifadə etməyə, təhlükəsizlik qaydalarına əməl etməyə və sağlam həyat tərzi qurmağa kömək edir.

 –Kimya sahəsində hansı istiqamətləri daha perspektivli hesab edirsiniz?

– Alternativ enerji mənbələri, hidrogen enerjisi, bioyanacaqlar, yeni materialların hazırlanması və yaşıl texnologiyalar gələcəyin ən perspektivli istiqamətlərindəndir. Bu sahələr həm ətraf mühitin qorunmasına, həm də enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verə bilər.

– Şagirdlərinizə həyat dərsi olaraq hansı əsas fikirləri aşılayırsınız?

– Çalışıram ki, onlar dürüst, məsuliyyətli, zəhmətkeş və vətəninə faydalı insanlar olsunlar. Həmçinin daim öyrənməyin vacibliyini vurğulayıram. Çünki öyrənmək heç vaxt bitməyən bir prosesdir.

-Pedaqoji fəaliyyətinizə nəzər saldıqda ən böyük qazancınız nədir?

– Ən böyük qazancım şagirdlərimin savadlı, vətəninə və millətinə faydalı insanlar kimi formalaşmasını görməkdir. Müəllim üçün bundan böyük mükafat yoxdur.

 


Vəfa İmamverdiyeva ilə aparılan bu müsahibə bir daha göstərir ki, əsl müəllimlik sadəcə fənn öyrətmək deyil, həm də bir şəxsiyyət formalaşdırmaq missiyasıdır. O, kimya elmini şagirdlər üçün yalnız nəzəri biliklər toplusu kimi deyil, həyatın özü ilə birbaşa bağlı olan, hər gün qarşılaşdığımız hadisələri izah edən canlı bir elm kimi təqdim edir. Məhz bu yanaşma şagirdlərdə həm fənnə marağı artırır, həm də onların dünyaya daha elmi və analitik baxmasına şərait yaradır. Vəfa müəllimin fikirlərindən aydın olur ki, onun pedaqoji fəaliyyətində əsas məqsəd şagirdlərə hazır bilik vermək deyil, onlara düşünməyi, araşdırmağı, sual verməyi və nəticə çıxarmağı öyrətməkdir. Bu isə müasir təhsilin ən vacib istiqamətlərindən biri sayılır. O, dərslərində laboratoriya təcrübələrinə, gündəlik həyat nümunələrinə və interaktiv metodlara geniş yer verməklə kimya fənnini şagirdlər üçün daha anlaşıqlı və maraqlı edir. Eyni zamanda, müəllimin vurğuladığı kimi, kimya yalnız məktəb divarları arasında qalan bir fənn deyil. O, insan həyatının bütün sahələrinə nüfuz edir — sağlamlıqdan sənayeyə, kənd təsərrüfatından ətraf mühitin qorunmasına qədər hər yerdə kimyanın izləri görünür. Bu baxımdan şagirdlərin bu fənni dərindən öyrənməsi onların gələcək həyatında daha düzgün qərarlar verməsinə, elmi düşüncə tərzinin formalaşmasına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə böyük töhfə verir. Vəfa müəllimin xüsusilə vurğuladığı dəyərlər — dürüstlük, məsuliyyət, zəhmətkeşlik və daim öyrənməyə açıq olmaq — onun pedaqoji fəlsəfəsinin əsasını təşkil edir. O hesab edir ki, bu keyfiyyətlər təkcə şagirdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün vacibdir. Müəllimin hər bir şagirdinin uğurunu öz nailiyyəti kimi qəbul etməsi isə onun peşəsinə olan dərin bağlılığını göstərir.

Bugünkü sürətlə dəyişən dünyada müəllimlərin rolu daha da artır. Xüsusilə də elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə şagirdlərə düzgün istiqamət vermək, onları tədqiqatçı düşüncəyə yönəltmək və gələcəyə hazırlamaq böyük əhəmiyyət daşıyır. Vəfa İmamverdiyeva kimi müəllimlər bu missiyanı yüksək peşəkarlıqla yerinə yetirərək təhsilin inkişafına mühüm töhfə verirlər. Sonda qeyd etmək lazımdır ki, müəllimlik peşəsi bir ömürlük iz buraxan, gələcək nəsillərin taleyini formalaşdıran ən müqəddəs sahələrdən biridir. Vəfa müəllimin fəaliyyəti də bu həqiqəti bir daha təsdiqləyir — o, yalnız kimya öyrətmir, həm də həyat dərsi verir, düşünən, araşdıran və məsuliyyətli gənclər yetişdirir. Vəfa İmamverdiyevaya bu səmimi və dəyərli müsahibəyə görə təşəkkür edir, ona pedaqoji fəaliyyətində davamlı uğurlar, möhkəm can sağlığı, tükənməz enerji və yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, onun yetişdirdiyi şagirdlər gələcəkdə ölkəmizin elmi, təhsili və inkişafı naminə mühüm rol oynayacaq, müəllimlərinin onlara aşıladığı dəyərləri layiqincə davam etdirəcəklər. Elm yolunda şam kimi yanaraq başqalarını işıqlandıran belə müəllimlər təhsil sistemimizin ən böyük sərvətidir.