Azərbaycanda Məhərrəm ayı iyunun 16-na, Aşura günü isə 25 iyuna təsadüf edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində qeyd edilib.
Bildirilib ki, Qazılar Şurası olaraq dindarlar xatırladılır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir:
"Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, qazılar və imamlar AR "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir".
Fətvada qeyd edilib ki, Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri qanvermə aksiyasıdır:
"Bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək".