11 iyun 2026 16:49
183

Kürdəmirdə “15 iyun–Müstəqil Azərbaycanı davamlı inkişafa aparan yol” mövzusunda dəyirmi masa keçirib

Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatı “Şəhərsalma və Memarlıq İli”  çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “15 iyun–Müstəqil Azərbaycanı davamlı inkişafa aparan yol” mövzusunda dəyirmi masa keçirib.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, ərazi partiya təşkilat sədrləri, rayon təşkilatı aparatının əməkdaşları, partiya veteranları və fəalları  iştirak ediblər.

   Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon təşkilatının inzibati binasında davam edən tədbirdə  Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov açaraq bildirib ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və  ölkəmizi bəlalardan xilas etdi. Həmin gün böyük qurtuluşa doğru mühüm addım atıldı. Ümummilli Lider iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında  səs çoxluğu ilə Ali Sovetin Sədri seçildi. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Həmin ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Ulu Öndərin layiqli davamçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əsaslı tədbirlər görülür. Bu inkişaf xəttinin zirvəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər olmuşdur. Beləliklə, Qurtuluşdan başlanan yol güclü dövlətə, güclü orduya və nəhayət,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə aparan uğurlu inkişaf yoluna çevrildi.

Çıxışçılardan “Milli Qurtuluş Günü – Azərbaycanın Dönüş Nöqtəsi” mövzusunda partiyanın veteran üzvü Vaqif Alıyev, “Heydər Əliyev və Milli Mənəvi Dəyərlərimiz” mövzusunda  Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, “Heydər Əliyev Müasir Azərbaycan Səhiyyəsinin Qurucusudur”    mövzusunda ərazi partiya təşkilatının sədr müavini,   “Kürdəmir Mərkəzi Rayon  Xəsətəxanası” publik hüquqi şəxsin hüquqşünası Əliabbas Abdulxalıqov  vurğulayıblar ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması,elm, təhsil, səhiyyə, mədəniyyət sahələrinin fundamental inkişafı, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni qazandırdı. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.