12 iyun 2026 10:30
181

Aqrar sektorun inkişafında yeni mərhələ

Prezident İlham Əliyev 2026-2030-cu illərdə bu sahənin inkişafı ilə bağlı yeni hədəfləri müəyyənləşdirərək konkret tapşırıqlar verdi: “Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq”.

Müasir çağırışlar dönəmində Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi inkişaf strategiyasının əsas hədəfi qeyri-neft sektorunun inkişafının təmin edilməsi, kənd təsərrüfatının bu sektorda payının artırılması, ölkəmizin ixrac imkanlarının daha da genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin daha da yüksəldilməsidir.

 Azərbaycanda kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biridir. Öz növbəsində daxili bazarın əsas ərzaq məhsulları ilə yerli istehsalın sayəsində təmin olunması əsas hədəflərdəndir. Son illərdə bu istiqamətdə reallaşdırılan irimiyaslı layihələrin sayəsində mühüm nailiyyətlər qazanılıb. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbul edilməsi heyvandarlığın, baramçılığın, pambıqçılığın, fındıqçılığın, taxılçılığın, üzümçülüyün və kənd təsərrüfatının digər sahələrinin inkişafına ciddi təkan verib. Bu proqramların uğurla reallaşdırılıması regionların mənzərəsini tamamilə dəyişib, ayrı-ayrı bölgələrdə müasir standartlara uyğun infrastrukturun qurulmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfələr verib. 2025-ci ildə kənd təsərrüfatı istehsalı ümum daxili məhsulun 5,9 faizini təşkil edib. Qeyri-neft ümum daxili məhsulunda isə 8,3 faiz paya malik olub. Ötən il aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat təşkil edib. Bir sıra ərzaq məhsulları da var ki, onunla yerli təminat 100 faizə yaxın, bəzilərində isə daha çoxdur. Son illər Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. Dövlət dəsətyi ilə yaradılan müasir suvarma sistemləri hazırda 130 min hektarda tətbiq olunur. Əsas hədəf isə bu göstəricini 2030-cu ilə qədər 300 min hektara çatdırmaqdır. Bu gün respublikamızda 1500 hektarı əhatə edən istixanalar mövcuddur. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir.

Kənd təssərrüfatında qazanılan nailiyyətlər dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dərin elmi əsaslara söykənən qətiyyətli siyasətin və gərgin zəhmətin bəhrəsidir. Ancaq əldə edilən uğurlu nəticələrlə kifayətlənmək inkişafı dayandırar. Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizin başçısı aqrar sektorda nəzərdə tutulmuş vəzifələrin icra olunduğunu diqqətə çatdırmaqla yanaşı, bu sahənin qarşısında yeni vəzifələr qoydu, aidiyyəti qurumlara konkret tapşırıqlar verdi: “Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir”.

Müşavirədə qeyd edildi ki, aqrar sektorun inkişafında su təchizatı məsələləri mühüm rol oynayır. Ölkəmizin başçısı son illər bu istiqamətdə mühüm layəhələrin icra edildiyini diqqətə çatdırdı: “Burada da bir çox önəmli layihələr icra edildi. Su anbarları-Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək”.

 Göründüyü kimi, aqrar sektorun inkişaf hədəflərinə, yeni çağırışlara uyğun olaraq qarşıda ciddi vəzifələr dayanır. Ölkə başçısı müşavirədə qeyd etdi ki, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı qəbul edildikdən dərhal sonra ciddi tədbirlər həyata keçirilməlidir. Təxmini hesablamalara görə, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait tələb olunacaq. Burada özəl sektorun payı isə təxminən 3 milyard manatdan çox olacaq. Bütün bunların fonunda əminliklə demək olar ki, aqrar sektorun inkişafı ilə bağlı qarşıda dayanan vəzifələr ölkəmizin başçısının rəhbərliyi ilə layiqincə yerinə yetiriləcək, bu sahədə böyük nailiyyətlər əldə olunacaq.

Zahid Rza, “İki sahil”