Ekspert: İlin ikinci yarısında həm sığorta haqları, həm də sığorta ödənişləri üzrə artım tempinin davam edəcəyi gözlənilir
Bu ilin ilk yarısında Azərbaycanın sığorta bazarında müsbət dinamika davam edib. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya görə, yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.
Rəqəmlər göstərir ki, sığorta sektorunda artım yalnız toplanan haqlarla məhdudlaşmayıb. Hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi daha yüksək templə artaraq 549,682 milyon manata çatıb. Bu isə illik müqayisədə 27,2 faizlik artım deməkdir.
Ödənişlərin artım tempinin sığorta haqlarının artımını xeyli üstələməsi bazarda diqqət çəkən əsas məqamlardan biridir. Bu tendensiya sığorta hadisələrinin sayının və ya ödəniş məbləğlərinin artması ilə yanaşı, sığorta şirkətlərinin öhdəliklərini daha fəal şəkildə yerinə yetirdiyini də göstərir.
Statistikaya əsasən, bu ilin ilk altı ayında bazarda toplanan hər 100 manat sığorta haqqının 63,4 manatı müştərilərə ödəniş kimi geri qaytarılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 52,9 manat idi. Başqa sözlə, ödəniş əmsalı bir il ərzində 10,5 manat artıb. Digər tərəfdən, ödənişlərin sürətlə artması sığorta şirkətlərinin risklərin düzgün qiymətləndirilməsi, tarif siyasəti və maliyyə dayanıqlılığı baxımından daha ehtiyatlı fəaliyyət göstərməsini zəruri edir. Çünki bazarda ödəniş yükünün artması gələcəkdə sığorta portfellərinin idarə edilməsində daha çevik yanaşmalar tələb edə bilər.

Ümumilikdə, ilk yarımilin nəticələri göstərir ki, Azərbaycanın sığorta bazarında artım davam edir. Toplanan sığorta haqlarının yüksəlməsi bazarın inkişafını əks etdirirsə, ödənişlərin daha sürətlə artması sığorta xidmətlərinin praktik effektivliyini və vətəndaşların kompensasiya alma imkanlarının genişləndiyini nümayiş etdirir. Qarşıdakı aylarda bu dinamikanın necə davam edəcəyi isə həm iqtisadi aktivlikdən, həm də sığorta məhsullarına olan tələbdən asılı olacaq.
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov mövzu ilə bağlı “İki sahil”ə açıqlamsında bildirdi ki, həm sığorta haqlarının, həm də sığorta ödənişlərinin artması bazarın bütün iştirakçıları üçün müsbət göstəricidir: "Toplanan sığorta haqlarının artması vətəndaşların sığortaya inamının yüksəldiyini göstərir. Bu, sığorta xidmətlərindən istifadə edənlərin və müxtəlif sığorta növlərinə müraciət edənlərin sayının artması ilə birbaşa bağlıdır. Eyni zamanda, sığorta ödənişlərinin artması da onu göstərir ki, sığorta şirkətləri öz öhdəliklərini yerinə yetirir və sığorta hadisəsi baş verdikdə vətəndaşlara ödənişlər vaxtında həyata keçirilir. Bu isə sektora etimadı daha da gücləndirir.
Bu gün bazarda toplanan hər 100 manat sığorta haqqının təxminən 63 manatı ödəniş kimi geri qaytarılır. Bu, kifayət qədər yüksək göstəricidir və sığorta şirkətləri üçün ciddi öhdəliklər və risklər formalaşdırır. Əgər bu tendensiya ilin ikinci yarısında da davam edərsə, sığorta şirkətlərinin daha çox sığorta haqqı toplaması vacib olacaq. Çünki artan ödənişlərin maliyyələşdirilməsi üçün yığım həcminin də paralel şəkildə yüksəlməsi zəruridir.
Hesab edirik ki, sığortaya olan etimadın artması fonunda ilin ikinci yarısında da həm sığorta haqları üzrə yığımların, həm də sığorta ödənişlərinin artacağı gözlənilir”.
Nigar Orucova, "İki sahil"