11 iyun 2026 19:19
105

Dünyamızı şagirdlərinə real şəkildə göstərə bilən müəllim əsl coğrafiya müəllimidir

Müəllim kimi qazandığım ən böyük sərvət məhz yetişdirdiyim o gənclərin işıqlı gələcəyi və mənə olan sonsuz ehtiramıdır

Şagirdin coğrafi təfəkkürünü və coğrafi düşünməsini təşviq edə bilən müəllim yaxşı müəllimdir

Müasir dövrdə cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən ən əsas amillərdən biri təhsildir. Təhsil yalnız biliklərin ötürülməsi prosesi deyil, eyni zamanda insanın şəxsiyyət kimi formalaşmasını təmin edən, onun dünyagörüşünü genişləndirən, həyata baxışını zənginləşdirən və sosial bacarıqlarını inkişaf etdirən kompleks bir sistemdir. Bu sistemin mərkəzində isə müəllim dayanır. Müəllim cəmiyyətin gələcəyini formalaşdıran, gənc nəslin düşüncə tərzini istiqamətləndirən və onlara həyat yolunda bələdçilik edən ən ali və məsuliyyətli peşə sahibidir.

Xüsusilə coğrafiya fənni müasir təhsil sistemində mühüm yer tutur. Bu fənn şagirdlərə yalnız xəritələr, ölkələr və təbii obyektlər haqqında məlumat vermir, həm də onların qlobal dünyanı dərk etməsinə, təbiət hadisələrini anlamağa, ekoloji problemlərə həssas yanaşmağa və insan–təbiət münasibətlərini düzgün qiymətləndirməyə imkan yaradır. Coğrafiya həm təbii, həm də ictimai elmlərin sintezini özündə birləşdirən universal bir sahədir və şagirdlərin analitik düşünmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır.

Belə bir fənnin tədrisi isə yüksək pedaqoji ustalıq, geniş dünyagörüşü, müasir tədris metodlarını tətbiq etmə bacarığı və ən əsası, peşəyə dərin sevgi tələb edir. Coğrafiya müəllimi şagirdlərə yalnız nəzəri biliklər verməklə kifayətlənmir, həm də onları müşahidə aparmağa, müqayisə etməyə, nəticə çıxarmağa və real həyatla əlaqə qurmağa istiqamətləndirir. Bu isə təhsilin keyfiyyətini yüksəldən əsas amillərdəndir.

Təqdim olunan bu müsahibə Həşimova Nərgiz Füzuli qızının pedaqoji fəaliyyəti, müəllimlik təcrübəsi və təhsil sahəsindəki baxışlarına həsr olunmuşdur. O, Bakı Türk Anadolu Liseyinin məzunu olmaqla yanaşı, iki ali təhsilə malik yüksək ixtisaslı bir mütəxəssisdir. İlk ali təhsilini yüksək nəticə ilə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə başa vurmuş, daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya müəllimliyi ixtisası üzrə ikinci ali təhsil almışdır.

Hazırda o, Bakı şəhərində yerləşən Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti dövründə şagirdlərinə yalnız akademik biliklər deyil, həm də həyat dəyərləri, vətənpərvərlik hissi, məsuliyyət və düşüncə mədəniyyəti aşılayan bir pedaqoq kimi formalaşmışdır. Onun dərsləri şagirdlər üçün yalnız tədris prosesi deyil, eyni zamanda dünyanı daha dərindən anlamaq üçün bir yol xəritəsidir.

Bu müsahibə onun pedaqoji baxışlarını, tədris metodlarını, müəllimlik fəlsəfəsini və şagirdlərlə qurduğu səmimi ünsiyyəti daha yaxından tanımağa imkan verir.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Coğrafiya müəllimi olmağa aparan yolunuz necə başlayıb?

-Mən Həşimova Nərgiz Fizuli qızı Baki Türk Anadolu Lisesinin məzunuyam.İki Ali təhsilim var.İlk olaraq 640 balla Azərbaycan Dövlət İqtisad Universiteyi İqtisadiyyatın Dövlət Tənzimlənməsi faküıtəsini bitirib daha sonra Azərbaycan Dövlət Pedoqoji Universiteti Coğrafiya müəllimliyi fakültəsində təhsil almışam.Bu sahəyə gəlişim uzum zaman tələb edib. Hazırda Rüfət Məmmədov adına 269 saylı tam orta məktəbdə çalışıram.

-Niyə məhz coğrafiya fənnini və müəllimlik peşəsini seçdiniz?

-Mən düşünürəm ki,müəllim olmursan, müəllim doğulursan.Sadəcə bəzi insanlar bunu tez anlayır və o yolla gedir,bəzi insanlar isə bunu sonradan anlayır mənim kimi uzun yol keçir.Ali təhsil almaq üçün ömrümün 9 ilini həsr etmişəm. Ancaq coğrafiya sevgisi tam başqa sevgidir. Bu fəndə özümü tapdım,bəlkə də fərqli ölkələrə səyahətlərim və səyahət eşqim məni bu fənlə bağladı.

-İlk dərs gününüzü necə xatırlayırsınız? Həmin gündən bu günə pedaqoji fəaliyyətinizdə hansı dəyişiklikləri yaşamısınız?

-İlk dərs günü 6-cı sinfə dərsə girdim və dərsin çox sürətli keçdiyini ancaq bu qısa zamanda ilk gördüyün fərqli qəlblərlə birbaşa gözəl bir bağ yarandığını hiss etdim.Bu fərqli xoşbəxtlikdir.Bəlkə də müəllimliyi müqəddəs peşə edən o saf qəlblərə toxuna bilməkdir. Əlbəttə illər keçdikcə təcrübə və metodika dəyişir lakin o toxunuş heç dəyişmir.

-Sizcə, coğrafiya fənni şagirdlərin dünyagörüşünün, ekoloji düşüncəsinin və qlobal prosesləri anlama bacarığının formalaşmasında hansı rolu oynayır?

-Məncə birbaşa rolu var. Çünki coğrafiya həm keçmişimiz, həm indimiz, həm gələcəyimizdir.Hətta gələcəyimizin necə olacağı indiki hərəkət və yanaşmamızdan asılıdır.Lakin bu fənn siniflə çərçivələnməməlidir.Kitabda oxuduğun real həyatda da görüb öyrənmək şansları olmalıdır şagirlərimizin.Bu təşkil edilə bilsə məncə daha böyük nailiyyətlərə çatmaq olar.

-Coğrafiya dərslərini şagirdlər üçün daha maraqlı və praktik etmək məqsədilə hansı metodlardan istifadə edirsiniz?

-Mən fərqli məktəb və liseylərdə çalışmışam. Liseylərin orta məktəbdən bir fərqi var ki, orada texnologiya daha əlçatandır. Ümid edirəm ki, gələcəkdə bu bizim bütün məktəbləri əhatə edəcək. Əlbəttə ki, bir sinifdə elektron lövhə varsa, elektron lövhə ilə uşağı həyatı canlı göstərmək demək olar mümkün olur, tam olmasa belə. Amma dövlət məktəblərində proyektorlarla biz bu işi tamamlaya bilirik. Proyektorlarla danışdığımız, onların təsəvvüründə yaranan görüntülə real görüntünü birləşdirmək şansımız olur. Bundan başqa coğrafiya ilə bağlı çox fərqli, gözəl proqramlar var ki, biz onları sinifdə tətbiq edə bilirik. Və coğrafiyanın ayrılmaz hissəsi xəritə öyrənilməsidir. Uşaqlar bunu çox böyük həvəslə kontur üzərində edirlər, hətta özləri belə fərqli yollar tapa bilirlər. Bizim uşaqların ümumiyyətlə dünyagörüşü çox genişdir. Sadəcə onlara işıq yolu açmaq lazımdır, mən belə düşünürəm.

-Coğrafiyanın tədrisində fakt və məlumatların öyrədilməsi daha vacibdir, yoxsa təbiət və cəmiyyət arasındakı əlaqələrin izahı?

-Bayaq qeyd etdiyim kimi, məncə, bunlar ayrılmazdır. Bunlar hər ikisi birlikdə davam edəndə nəticə əldə etmək mümkündür.

Məncə, bu peşəni həm çətin, həm də dəyərli edən əsas amil onun birbaşa insanla, insanın qəlbi və ruhu ilə bağlı olmasıdır

-Sizcə, yaxşı coğrafiya müəllimini fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

-Mən düşünürəm ki, dünyamızı uşaqlara həqiqətən real şəkildə göstərə bilən müəllim əsl coğrafiya müəllimidir. Şagirdin coğrafi təfəkkürünü və coğrafi düşünməsini təşviq edə bilən müəllim yaxşı müəllimdir.

-Müəllimlik peşəsinin ən çətin və ən dəyərli tərəfləri hansılardır?

-Məncə, bu peşəni həm çətin, həm də dəyərli edən əsas amil onun birbaşa insanla, insanın qəlbi və ruhu ilə bağlı olmasıdır. Bizim o qəlbdə, o ruhda buraxacağımız hər bir iz ömür boyu silinmədən davam edəcək. Bir müəllim olaraq hər zaman çalışırıq ki, bu iz yalnız gözəllikdən ibarət olsun, gələcəyə işıqlı bir yol açsın. Müəllim — o saf körpələrin, uşaqların və gənclərin həyatda daha doğru istiqamət tapmasında sadəcə bir vasitəçidir. Peşəmizi çətin edən məhz bu böyük məsuliyyətdir. Lakin şübhəsiz ki, bu çətinlik peşəmizə həm də ən böyük şərəfi və aliliyi qazandırır.

Mmüəllim nüfuzunun yüksək olduğu hər bir cəmiyyətdə parlaq bir gələcək mövcuddur

-Bu gün müəllimlik peşəsinin cəmiyyətdəki nüfuzunu necə qiymətləndirirsiniz?

-Müəllimlik, şübhəsiz ki, ali və nüfuzlu bir peşədir, lakin cəmiyyətin bu peşəyə yanaşması fərqli ola bilər. Çünki cəmiyyətlərin hər biri eyni deyil. Fərqli dövlətlər, fərqli sosioloji mühitlər var. Amma bir həqiqət var ki, müəllim nüfuzunun yüksək olduğu hər bir cəmiyyətdə parlaq bir gələcək mövcuddur. İnanır və ümid edirəm ki, gələcəkdə bu nüfuz öz layiqli yerini tamamilə bərpa edəcək. Çünki sabahımız həqiqətən də bugünkü təhsilimizdən, indiki müəllimlərimizdən asılıdır. Cəmiyyətlər bir günə qurulmadığı kimi, bu hörmət də bir günə qazanılmır. Düşünürəm ki, bunun üçün müəyyən bir zamana ehtiyac var və zamanla biz bu məsuliyyətli işin öhdəsindən gələ biləcəyik.

Müəllimlik, şübhəsiz ki, ali və nüfuzlu bir peşədir, lakin cəmiyyətin bu peşəyə yanaşması fərqli ola bilər. Çünki cəmiyyətlərin hər biri eyni deyil, fərqli dövlətlər, fərqli sosioloji mühitlər var. Amma bir həqiqət var ki, müəllim nüfuzunun yüksək olduğu hər bir cəmiyyətdə parlaq bir gələcək mövcuddur. İnanır və ümid edirəm ki, gələcəkdə bu nüfuz öz layiqli yerini tamamilə bərpa edəcək. Çünki sabahımız həqiqətən də bugünkü təhsilimizdən, indiki müəllimlərimizdən asılıdır. Cəmiyyətlər bir günə qurulmadığı kimi, bu hörmət də bir günə qazanılmır. Düşünürəm ki, bunun üçün müəyyən bir zamana ehtiyac var və zamanla biz bu məsuliyyətli işin öhdəsindən gələ biləcəyik.

-Şagirdlərin coğrafiyaya marağını artırmaq üçün tədris prosesində hansı yeniliklərin tətbiqinə ehtiyac görürsünüz?

-Bu sahədə, daha əvvəl də vurğuladığım kimi, müasir texnologiyaların tətbiqi mütləq şəkildə artırılmalıdır. Texnologiyanın tətbiqi dedikdə isə mən ilk növbədə müəllimin istiqamətləndirici rolunu nəzərdə tuturam. Müəllim şagirdi düzgün yönəldə bilməlidir ki, o, hansı etibarlı resurslardan istifadə etməli olduğunu, axtarış sistemlərində informasiyanı necə süzgəcdən keçirməli və doğru axtarışı necə aparmalı olduğunu öyrənsin. Coğrafiya elmi ilə texnologiyanın sintezi məktəb divarları arasında başlamalı və evdə də harmonik şəkildə davam etməlidir. Əlbəttə ki, bu hədəfə çatmaq üçün maddi-texniki təminat çox vacib faktordur. İnanıram ki, yaxın gələcəkdə bütün məktəblərimiz bu cür müasir texnoloji imkanlarla tam təmin olunacaqdır

-Uzun illər ərzində qazandığınız nailiyyətlər və yetirmələrinizin uğurları müəllim kimi fəaliyyətinizə necə təsir edib?

-Əlbəttə, geridə qalan uzun illər ərzində çoxsaylı nailiyyətlərimiz olub. Fənn olimpiadalarında medal qazanan, qəbul imtahanlarında coğrafiya fənni üzrə bütün sualları doğru cavablandıraraq ali təhsil müəssisələrinə daxil olan və gələcək həyat yolunun formalaşmasında müsbət rol oynadığımız onlarla şagirdimiz var. Şübhəsiz ki, bu uğurların hər biri bizi sonsuz dərəcədə sevindirir. Lakin açığını desəm, məni ən çox qürurlandıran məqam tam fərqlidir; illər keçdikdən, şagirdlərimiz cəmiyyətdə müəyyən mövqelər tutduqdan sonra belə, onların geri dönüş etməsi, öz müəllimlərini hələ də böyük bir sevgi və ehtiramla xatırlamasıdır. Məncə, bir pedaqoqun ən böyük uğuru məhz budur. Çünki bu, heç bir maddi resursla əldə edilməsi mümkün olmayan unikal bir sevgi növüdür. Əgər biz bu sevgini qazana biliriksə, deməli, peşəmizin ali və fərqli missiyasını yerinə yetirə bilmişik

-Şagirdlərinizə yalnız coğrafiya deyil, həyat dərsi kimi hansı əsas fikirləri aşılamağa çalışırsınız?

-Mən hər zaman şagirdlərimə deyirəm: bu dünya fundamental olaraq çox gözəl yaradılıb, lakin bu dünyada gözəl yaşamağı öyrənmək bir məsuliyyətdir. Biz həm özümüz fərd olaraq gözəl yaşamağı, həm də ətrafımızdakı dünyanı daha da gözəlləşdirməyi bacarmalıyıq. Bunun üçün isə insan, ilk növbədə, özü xoşbəxt olmağı bacarmalıdır. Çünki xoşbəxtlik də öyrənilə bilən bir məfhumdur, sənət, hətta deyərdim ki, bir incəsənətdir. İlk olaraq bu daxili harmoniyanı axtarıb tapmaq və mənimsəmək lazımdır. Biz özümüz xoşbəxtliyi kəşf etdikdə, dünyanı da gözəlləşdirməyə başlayırıq. Xüsusilə vurğulamalıyam ki, bizim Vətənimiz — Azərbaycan dünyanın ən unikal coğrafi məkanlarından biridir. İstər əlverişli iqlimimiz, istər bərəkətli torpağımız, istərsə də zəngin təbii ehtiyatlarımız bənzərsizdir. Lakin bizim ən böyük və əsas sərvətimiz insanımızdır. Bu Vətəni canlandıran və daha da gözəlləşdirən məhz bizim insanımızdır. Mən hər bir fərdin xoşbəxt olmasını, bu hissi dərk etməsini çox arzulayıram və düşünürəm ki, bu təfəkkürün təməli məhz erkən yaşlardan qoyulmalıdır. İnsanlar əllərində olan dəyərlərin fərqinə vararaq xoşbəxt ola bilərlər. Əsas odur ki, bizə bəxş edilən bu gözəllikləri və imkanları zamanında görməyi və qiymətləndirməyi bacaraq.

-Təcrübəli pedaqoq kimi gənc coğrafiya müəllimlərinə hansı tövsiyələri vermək istərdiniz?

-Mən buna sadəcə bir tövsiyə kimi baxmazdım. Daha əvvəl də qeyd etdiyim kimi, müəllimlik olduqca şərəfli bir peşədir. Lakin hər bir sahədə olduğu kimi, burada da müasir dövrün çağırışları ilə ayaqlaşmaq mütləqdir. Müəllim qlobal miqyasda baş verən yenilikləri təhsil prosesinə çevik şəkildə tətbiq etməyi bacarmalı, dünyada gedən elmi-texnoloji proseslərdən geri qalmamalıdır. Meydana çıxan innovasiyaları tədrisə sürətlə inteqrasiya edə bilmək isə birbaşa müəllimin fərdi inkişafından asılıdır. Ona görə də gənc mütəxəssislər daim və dayanmadan öz üzərlərində işləməyi, peşəkar bacarıqlarını təkmilləşdirməyi özləri üçün bir vəzifə və həyat norması hesab etməlidirlər.

-Yaddaşınızda silinməz iz qoyan şagirdiniz olubmu? Pedaqoji fəaliyyətinizdəki xatirələrinizi bölüşməyinizi istərdik…

-Uzun illər ərzində yaddaşımda silinməz izlər qoyan şagirdlərimin sayı həqiqətən çox olub. Lakin onlardan biri var ki, o, yalnız mənim yaddaşımda deyil, bütöv cəmiyyətimizin tarixində və qəlbində iz buraxacaq bir qəhrəmanlığa imza atdı. Kiçik yaşlarından dərs dediyim əkiz qardaşlar var idi. Bu qardaşlardan birinin coğrafiyadan daha çox, hərb sənətinə böyük marağı və həvəsi var idi; hər zaman böyüyəndə hərbçi olmaq istədiyini deyirdi. Və zaman gəldi... İkinci Qarabağ müharibəsi başlayanda, o, cəbhəyə yollanmaq üçün könüllü olaraq ilk sıralara yazılan fədakar Azərbaycan oğullarından biri oldu. Savaşda mərdliklə iştirak etdi və böyük Zəfərlə geri döndü. Müharibədən sonra onunla yenidən qarşılaşanda ona dediyim ilk söz bu oldu: 'Sən yalnız müəllimindən deyil, bütün Azərbaycandan əla qiymət — '5' aldın! Hər kəsin oxuya, hər kəsin keçə bilməyəcəyi ən çətin həyat dərsini sən uğurla keçdin.' Bir pedaqoq üçün bundan daha böyük qürur, bundan daha böyük xoşbəxtlik anı təsəvvür edə bilmirəm."

-Əgər dünyanın hər hansı bir coğrafi bölgəsinə və ya təbiət hadisəsinə yaxından şahidlik etmək imkanınız olsaydı, hansını seçərdiniz və niyə?

-Bu suala bir coğrafiya müəllimi kimi deyil, sadəcə səyahət etməyi ürəkdən sevən bir fərd, bir səyyah kimi cavab vermək istərdim. Mənim ən böyük arzularımdan biri qütb parıltılarını — Aurora Borealis-i canlı olaraq görməkdir. Bu, tamamilə fərqli və unikal bir təcrübədir. Bildiyimiz kimi, qütb parıltıları yalnız yüksək enliklərdə, soyuq iqlimə malik bölgələrdə baş verir. İnsanlar bu soyuq ölkələrə səfərlərini aylarla planlaşdırsalar belə, getdikləri anda bu təbiət möcüzəsi ilə qarşılaşmaya da bilərlər. Bu mənada, qütb parıltısını tutmaq həm də böyük bir şans məsələsidir. Həmin sehrli mənzərəni dünya gözü ilə görməyi çox arzulayıram.

Dünyada məni valeh edən ikinci bir möhtəşəm məkan isə Avstraliya sahillərində yerləşən Böyük Sədd Rifidir. Bura Qırmızı dənizdəki mərcan riflərinin qat-qat böyük, bənzərsiz və nəhəng bir formasıdır. Okeanın o rəngarəng sualtı dünyasını yaxından təcrübə etmək, zənnimcə, hər bir səyyahın daxilində yaşayan ən böyük arzudur. Mən də bir səyahətsevər kimi bu arzuları qəlbimdə yaşadırım və ümid edirəm ki, bir gün bu möhtəşəm coğrafi gözəlliklərə şahidlik etmək mənə də nəsib olacaq.

-Sizcə, coğrafi biliklərə kifayət qədər sahib olmayan cəmiyyət hansı problemlərlə üzləşə bilər?

-Siz, yəqin ki, böyük mütəfəkkir Nəsirəddin Tusinin rəsədxana tikilməsi ilə bağlı o məşhur tarixi hekayəsini bilirsiniz. Tusi Marağa rəsədxanasını tikdirmək istədiyini bildirəndə, Hülakü xan bunun xərc aparan və əhəmiyyətsiz bir iş olduğunu düşünürdü. Alim öz fikrini sübut etmək üçün maraqlı bir təcrübə təklif edir: gecə qaranlığında içi daşla dolu nəhəng bir tası dağın zirvəsindən aşağı yuvarlayırlar. Tasın çıxardığı dəhşətli səs-küydən və uğultudan xəbərsiz olan ordu və xalq böyük bir panikaya düşür, vahimələnir. Lakin hadisəni əvvəlcədən bilən xan və Tusi heç bir qorxu hissi keçirmir. Bu zaman dahi alim deyir: 'Biz bu səsin səbəbini bildiyimiz üçün rahatıq, lakin xalq bilmədiyi üçün qorxu içindədir.' Deməli, insan yalnız bildiyi, mahiyyətinə bələd olduğu şeydən qorxmur. Bilmək üçün isə öyrənmək və araşdırmaq lazımdır.

Bu gün coğrafi biliklərə sahib olmayan bir cəmiyyət də təbiət hadisələri, ekoloji böhranlar və ya qlobal dəyişikliklər qarşısında eyni vahiməni yaşayır. Biz dünyanı dərk etmək, qorxmamaq və gələcəyimizi düzgün idarə etmək üçün coğrafi biliklərə dərindən sahib olmalıyıq. Üstəlik, bu biliklər sayəsində bir çox təbiət prosesini sadəcə anlamaqla qalmır, həm də onları bəşəriyyətin xeyrinə dəyişə bilirik. Məhz buna görə də coğrafi savadlılıq cəmiyyətin təhlükəsizliyi və tərəqqisi üçün fundamental əhəmiyyət kəsb edir.

-Müasir texnologiyalar, xəritə proqramları və peyk görüntüləri coğrafiya tədrisinə hansı yenilikləri gətirib?

-Müasir texnologiyalar coğrafiya tədrisinə, sözün əsl mənasında, inqilabi yeniliklər gətirib. Bu gün bir şagirdimiz Azərbaycandakı sinif otağından belə çıxmadan, sadəcə bir toxunuşla dünyanın istənilən nöqtəsinə virtual olaraq səyahət edə bilir. Coğrafi obyektləri virtual şəkildə, həm də vizual olaraq görmək təhsilin keyfiyyətini tamamilə dəyişir. Artıq uşaqlar kitabdakı quru mətnlərdən oxuyub öz təxəyyüllərində mücərrəd bir məkan yaratmağa məcbur deyillər; biz onlara Google Earth və bənzəri proqramlar, müasir texnoloji alətlər vasitəsilə həmin ərazilərin realda necə göründüyünü əyani şəkildə təqdim edə bilirik. Bu yanaşma şagirdlərdə yanlış təfəkkürün və ya təhrif olunmuş xəyalların yox, obyektlər haqqında birbaşa, real və doğru təsəvvürün yaranmasını təmin edir.

-Azərbaycanın zəngin təbii sərvətləri və müxtəlif iqlim şəraiti haqqında biliklərin gənc nəslə aşılanması niyə vacibdir?

-Əvvəlki suallarda da vurğuladığım kimi, Azərbaycan yerləşdiyi geosiyasi və coğrafi mövqeyinə, iqlim müxtəlifliyinə, torpaq örtüyünə və təbii ehtiyatlarına görə həqiqətən unikal bir ölkədir. Lakin hər hansı bir coğrafiyanı qüdrətli və unikal edən onun təkcə yeraltı və ya yerüstü sərvətləri deyil, ilk növbədə o torpağın sahibləri — yəni onun intellektual və vətənpərvər insanlarıdır. Gənc nəslin Azərbaycanın təbii potensialı və iqlim şəraiti haqqında geniş, elmi təsəvvürə malik olması, gələcəkdə bu zənginliklərə daha dərindən sahib çıxmağa və onlardan doğru istiqamətdə istifadə etməyə zəmin yaradır. Dünya əhalisinin sürətlə artdığı müasir dövrdə ekoloji və aqrar biliklər sayəsində torpaqlarımızdan səmərəli istifadə edib bol məhsul yetişdirə bilərik. Eyni zamanda, daxili xammalımızı və təbii ehtiyatlarımızı sadəcə ixrac etmək deyil, yüksək texnologiyalarla hazır məhsula çevirərək ölkəmizin böyük iqtisadi yüksəlişinə nail ola bilərik. Məhz bu səbəbdən coğrafi savadlılıq gənclərimiz üçün sadəcə bir fənn biliyi deyil, dövlətimizin gələcək tərəqqisinin təməl daşıdır.

-Coğrafiya fənninin digər elmlərlə əlaqəsini şagirdlərə necə izah edirsiniz?

-Coğrafiya öz təbiəti etibarilə digər fənlərlə mütləq şəkildə qarşılıqlı əlaqədə olmalı bir elmdir. Çünki onun daxili strukturunda fizika da var, kimya da var. O, bir tərəfdən ədəbiyyatı və humanitar düşüncəni ehtiva edirsə, digər tərəfdən tarixi və riyazi hesablamaları özündə birləşdirir. Məhz bu səbəbdən coğrafiyanın digər elmlərdən təcrid olunmuş şəkildə, təkbaşına mövcudluğu təsəvvüredilməzdir. Şagirdin coğrafiya fənnindən yüksək nəticə əldə etməsi və mövzunu dərindən qavraması üçün mütləq şəkildə digər fənlərdən də fundamental anlayışları olmalıdır. Yəni, eynilə üzərində yaşadığımız dünya kimi, təhsil də vahid bir sistem şəklində qurulanda real və uğurlu nəticələr verməyə başlayır. Coğrafiya fundamental elmlər arasında birbaşa və qırılmaz körpü rolunu oynayan universal bir fəndir.

-Müəllimlik fəaliyyətinizə nəzər saldıqda, ən böyük qazancınızın nə olduğunu düşünürsünüz?

-Əlbəttə ki, təmənnasız sevgiyə və yüksək savada malik olan şagirdlərin rəğbəti, eyni zamanda, onların uğurlu gələcəyə doğru atdıqları addımlarda, həyat yollarında oynadığımız müsbət rol müəllimlik fəaliyyətinə əsl dəyərini qatan ən vacib, ən müqəddəs nüansdır. Geriyə boylanarkən bir müəllim kimi qazandığım ən böyük sərvət və ən ali mükafat məhz yetişdirdiyim o gənclərin işıqlı gələcəyi və mənə olan sonsuz ehtiramıdır.

Fərqli ölkələrdə uğur qazanmış müəllimlərin pedaqoji yanaşmalarını dərindən öyrənərək, onları öz cəmiyyətimizin mentalitetinə və ehtiyaclarına uyğunlaşdırıb tətbiq etmək bizim ümumi inkişafımızı xeyli sürətləndirər

-Gələcəkdə təhsil sistemində və ya müəllimlik fəaliyyətinizdə reallaşdırmaq istədiyiniz ən böyük hədəf və ya layihə nədir?

-Mənim ən böyük istəyim qabaqcıl təhsil sisteminə malik ölkələrin mütəxəssisləri, xüsusilə də həmkarlarım olan coğrafiya müəllimləri ilə yaxından əməkdaşlıq etmək şansını qazanmaqdır. Düşünürəm ki, fərqli ölkələrdə uğur qazanmış müəllimlərin pedaqoji yanaşmalarını dərindən öyrənərək, onları öz cəmiyyətimizin mentalitetinə və ehtiyaclarına uyğunlaşdırıb tətbiq etmək bizim ümumi inkişafımızı xeyli sürətləndirər. Bizim gəncliyimiz fundamental olaraq çox intellektual, savadlı və dinamik öyrənmə potensialına malikdir. Əgər biz bu cür beynəlxalq təcrübə mübadiləsini tam reallaşdıra bilsək, həmin şagirdlərlə daha böyük hədəflərə doğru addımlaya və qat-qat yüksək nəticələr əldə edə bilərik. Ümumiləşdirsəm, əsas məqsədim uğurlu təhsil modelləri formalaşdıran ölkələrin müəllim heyəti ilə sıx əlaqələr qurmaqdır. Əlbəttə, bu miqyasda bir layihəni fərdi hədəf olaraq təyin etmək çətindir, çünki bu, daha çox dövlətlərarası platformalar səviyyəsində həll olunur. Lakin gələcəkdə bu istiqamətdə qlobal və uğurlu addımların atılacağına böyük ümid bəsləyirəm.

Bu müsahibənin ümumi mənzərəsi bir daha göstərir ki, müəllimlik sadəcə bir peşə deyil, cəmiyyətin gələcəyini formalaşdıran, insan həyatına istiqamət verən və nəsillər arasında bilik körpüsü yaradan müqəddəs bir missiyadır. Müəllim şagirdin həyatında yalnız dərs keçən şəxs deyil, həm də onun xarakterini formalaşdıran, düşüncə tərzini inkişaf etdirən və onu həyata hazırlayan əsas bələdçidir.

Xüsusilə coğrafiya müəllimləri bu prosesdə xüsusi rol oynayırlar. Onlar şagirdlərə dünyanın bütöv mənzərəsini təqdim edir, təbiət hadisələrinin mahiyyətini izah edir, qlobal prosesləri anlamağa kömək edir və ekoloji şüurun formalaşmasına mühüm töhfə verirlər. Bu isə müasir dövr üçün olduqca vacib bir məsələdir.

Nərgiz Həşimova kimi təcrübəli və fədakar müəllimlərin fəaliyyəti göstərir ki, əsl pedaqoq şagirdin qəlbində iz buraxan, onun gələcək həyatına təsir edən və illər keçsə belə hörmətlə xatırlanan bir şəxsdir. Onun pedaqoji yanaşması müasir təhsil standartlarına uyğun olmaqla yanaşı, həm də insani dəyərlərə əsaslanır. Şagirdlərinə yalnız bilik deyil, həm də həyat dərsi verməsi onun müəllimlik fəaliyyətini daha da dəyərli edir.

Eyni zamanda bu müsahibə təhsilin yalnız məktəb divarları ilə məhdudlaşmadığını, insan həyatının bütün mərhələlərinə təsir edən geniş bir proses olduğunu bir daha sübut edir. Şagirdlərə ötürülən hər bir bilik onların gələcək həyat yolunda istiqamətverici rol oynayır.

Sonda qeyd etmək lazımdır ki, belə müəllimlərin fəaliyyəti cəmiyyət üçün böyük mənəvi sərvətdir. Onların əməyi sayəsində gələcək nəsillər daha savadlı, daha analitik düşünən, daha məsuliyyətli və daha vətənpərvər yetişir. Bu isə birbaşa ölkənin gələcəyinə verilən ən böyük töhfədir.

Bu dəyərli müsahibəyə görə təşəkkür edir, Nərgiz müəlliməyə pedaqoji fəaliyyətində davamlı uğurlar, yeni nailiyyətlər və şagirdlərinin həyatında daim işıqlı izlər buraxmasını arzulayırıq. Arzumuz budur ki, onun kimi fədakar müəllimlərin sayı artsın və təhsilimiz daim inkişaf edərək daha güclü, daha müasir və daha parlaq gələcəyə doğru inamla irəliləsin.