14 iyun 2026 12:14
74

Qurtuluşun davam edən missiyası: 15 İyundan Şuşaya uzanan dövlətçilik zəfəri

Azərbaycanın müasir tarixində elə günlər vardır ki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır, bütöv bir dövlətçilik fəlsəfəsini ifadə edir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə günlərdəndir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyinin deyil, Azərbaycan dövlətinin xilasının, milli iradənin təntənəsinin və gələcək zəfərlərin təməlinin qoyulduğu gün kimi dəyərləndirilir.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan mürəkkəb sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, iqtisadi böhran, daxili siyasi qarşıdurmalar və idarəetmədəki ciddi problemlər ölkəni dövlətçiliyini itirmək təhlükəsinə sürükləyirdi. Həmin dövrdə xalqın taleyi ilə bağlı qərar verilməli idi: ya xaos və parçalanma davam edəcək, ya da Azərbaycan öz xilaskar liderinin ətrafında birləşərək dövlətçilik yolunu seçəcəkdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böhrandan çıxarmağa nail oldu. O, ilk növbədə ölkədə sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və dövlət idarəçiliyində sistemlilik yaratdı. Məhz həmin gündən etibarən Azərbaycanın müasir inkişaf strategiyasının əsasları formalaşmağa başladı.

Ulu Öndər Heydər Əliyev dövlət quruculuğuna yalnız mövcud problemlərin həlli kimi deyil, gələcəyə hesablanmış strateji layihə kimi yanaşırdı. Onun siyasi baxışlarında güclü iqtisadiyyat, milli birlik, peşəkar ordu və balanslaşdırılmış xarici siyasət bir-birini tamamlayan amillər idi. Bu baxımdan Milli Qurtuluş yalnız bir günün hadisəsi deyil, sonrakı onilliklərin uğurlarını müəyyən edən siyasi konsepsiya idi.

Ümummilli Liderin məşhur fikirlərindən biri bu gün də aktuallığını qoruyur: "Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur."

Məhz bu düşüncə Azərbaycanın gələcək inkişaf modelinin ideoloji əsasına çevrildi.

 2003-cü ildə cənab Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi ilə Heydər Əliyev siyasi kursu yeni mərhələyə qədəm qoydu. Bu dövrdə Azərbaycan iqtisadi cəhətdən daha da gücləndi, beynəlxalq nüfuzu artdı və regionun əsas siyasi aktorlarından birinə çevrildi. Enerji layihələri, nəqliyyat dəhlizləri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ölkənin strateji mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Lakin bu siyasətin əsas hədəflərindən biri dəyişməz olaraq qalırdı:  Azərbaycanın ərazi bütövlüyünün bərpası.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir: "Qarabağ Azərbaycandır və nida işarəsi!"

Bu ifadə təkcə siyasi bəyanat deyil, dövlətin qətiyyətinin və xalqın iradəsinin ifadəsi idi. Uzun illər ərzində aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, diplomatik və hərbi baxımdan tarixi missiyasını yerinə yetirməyə hazır vəziyyətə gətirildi.

2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi isə bu hazırlığın real nəticəsini ortaya qoydu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqları azad etdi və tarixi ədaləti bərpa etdi. Xüsusilə Şuşa şəhərinin azad olunması yalnız hərbi deyil, həm də mənəvi və siyasi qələbə kimi tarixə yazıldı. Əslində, 2020-ci ilin Zəfəri 1993-cü ilin Qurtuluşunun məntiqi davamı idi. Çünki dövlətçilik xilas edilməsəydi, güclü iqtisadiyyat qurulmasaydı, peşəkar ordu yaradılmasaydı və milli birlik təmin olunmasaydı, Qarabağ Zəfəri də mümkün olmazdı.

Bu mənada 15 İyun ilə 8 Noyabr arasında görünməz, lakin çox möhkəm tarixi bağ mövcuddur. Birincisi dövlətçiliyin xilası, ikincisi isə həmin dövlətçiliyin qüdrətinin təntənəsidir. Tarixi simvolizm baxımından diqqət çəkən məqamlardan biri də Şuşa Bəyannaməsinin məhz 15 iyun tarixində imzalanmasıdır. 2021-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Şuşada imzaladığı bu sənəd iki qardaş ölkə arasında münasibətləri yeni müttəfiqlik mərhələsinə yüksəltdi. Bununla həm də dünyaya mühüm mesaj verildi: Qurtuluşla başlayan yol artıq Zəfər və regional liderlik mərhələsinə qədəm qoymuşdur.

Şuşa Bəyannaməsi yalnız diplomatik sənəd deyil, Azərbaycanın son otuz ildə keçdiyi yolun siyasi yekunu kimi də qiymətləndirilə bilər. Bu sənəddə müstəqilliyini qoruyan, ərazi bütövlüyünü bərpa edən və regionda yeni reallıqlar yaradan Azərbaycanın gücü öz əksini tapmışdır. Bu gün Azərbaycan vətəndaşı 15 İyuna nəzər salarkən sadəcə keçmişi xatırlamır. O, eyni zamanda dövlətçiliyin necə qorunduğunu, milli maraqların necə təmin edildiyini və xalqın arzularının necə gerçəyə çevrildiyini görür. Milli Qurtuluş Günü bizə xatırladır ki, tarixi uğurlar təsadüflərin deyil, uzaqgörən siyasətin, güclü liderliyin və milli birliyin nəticəsidir.

Azərbaycanın son otuz illik inkişaf yolu bir həqiqəti təsdiqlədi: Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi dövlət, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etdi, qalib ölkəyə çevrildi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Şuşadan yüksələn zəfər sədaları, əslində, 1993-cü ilin 15 iyununda başlanan böyük dövlətçilik yolunun davam edən əks-sədasıdır. Milli Qurtuluş Günü isə həmin yolun başlanğıcı kimi Azərbaycan tarixində daim yaşayacaq və gələcək nəsillərə dövlətçilik dərsi olaraq ötürüləcəkdir.

Çünki 15 İyun sadəcə tarix deyil – Azərbaycanın qurtuluşdan zəfərə uzanan taleyinin adıdır.

Vüsal Məmmədzadə,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı