16 iyun 2026 11:38
78

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

Şuşa Bəyannaməsi regionda sülh, sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır. 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir tariximizin ən mühüm siyasi hadisələrindən biridir. Milli Qurtuluş Günündə imzalanan bu sənəd iki qardaş dövlət arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək strateji tərəfdaşlığı rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Şuşada imzalanan Bəyannamə təkcə iki dövlət üçün deyil, bütövlükdə regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm geosiyasi sənəd kimi tarixə düşdü.

   Dövlətimizin başçısı İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında vurğuladığı kimi, Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Reallıq budur ki, dünya hər zaman Azərbaycan-Türkiyə münasibətlərinin timsalında dostluğun, qardaşlığın nümunəsini görür. Bütün anlarda bir-birinin yanında olan iki qardaş ölkə əməkdaşlıq əlaqələrini hər bir sahədə uğurla davam etdirir. Şuşa Bəyannaməsində bu əlaqələrin dünəninə, bu gününə baxış əsasında gələcəyi özünün aydın ifadəsini tapır. Belə ki, tarixə əsaslanan bu Bəyannamədə  xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”  kəlamları öz əksini tapıb. Bu çağırışlar iki dost ölkənin  münasibətlərinin əsasını təşkil edir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan, iki dost və qardaş ölkə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Tarix, mədəniyyət, dil və milli-mənəvi dəyərlərlə bağlı olan iki xalqın münasibətləri bu sənədlə daha da möhkəmləndirildi. İki dövlət arasında əməkdaşlıq ortaq tarixi köklərə, qarşılıqlı etimada və uzunmüddətli strateji hədəflərə əsaslanır. Bəyannamənin Şuşada imzalanması sənədə xüsusi rəmzi məna qazandırdı. Qarabağın mədəniyyət paytaxtında imzalanan bu sənəd Zəfərin siyasi nəticələrinin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilir.

    Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT,  TDT, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

     Sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır. Bəyannamədə diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və media sahəsində əməkdaşlığın gücləndirilməsi də xüsusi yer tutur. Xaricdə yaşayan türk və azərbaycanlı icmaların birgə fəaliyyət göstərməsi, beynəlxalq informasiya məkanında ortaq maraqların müdafiə olunması və diplomatik təşəbbüslərin koordinasiyası bu qardaş dövlətlərin potensialını daha da artırır.

       44 günlük İkinci Qarabağ müharibəsində dünya bir daha bu birliyin, həmrəyliyin şahidinə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” mesajını verdi. Tarixi Zəfərimiz birliyimizin təcəssümü kimi dəyərləndirilir. Bu gün bu birliyimiz Şuşa Bəyannaməsinin hər bir müddəasında öz əksini taparaq əbədiliyini, sarsılmazlığını bir daha nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında bu əminliyi də ifadə etmişdir ki, bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”. Bəyannamə siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın, hərbi əməkdaşlığın və strateji tərəfdaşlığın ən yüksək nümunəsi olmaqla Türk dünyasının birliyini və gücünü nümayiş etdirir.

 Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov