Rəşad Əbləsənov: Ümumilikdə 40-dan çox xidmətin elektronlaşdırılması təmin olunmuş, 35-dən çox dövlət qurumu ilə qarşılıqlı məlumat mübadiləsi təşkil edilmişdir
Müasir dövrdə rəqəmsal transformasiya dövlət idarəçiliyinin əsas inkişaf istiqamətlərindən biri kimi çıxış edir. İnformasiya texnologiyalarının geniş tətbiqi idarəetmədə şəffaflığın artırılmasına, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına mühüm töhfə verir. Bu baxımdan daşınmaz əmlak sahəsində aparılan rəqəmsallaşma prosesi yalnız texnoloji yenilənmə deyil, eyni zamanda əmlak münasibətlərinin daha çevik, etibarlı və müasir prinsiplər əsasında tənzimlənməsinə xidmət edən strateji islahat istiqamətidir.
Son illər ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı, kadastr məlumatlarının idarə olunması, elektron xidmətlərin genişləndirilməsi və məlumat bazalarının inteqrasiyası sahəsində mühüm addımlar atılıb. Bununla yanaşı, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması, məlumat təhlükəsizliyinin təmin edilməsi, süni intellekt və digər innovativ həllərin tətbiqi kimi məsələlər də gündəmdə xüsusi yer tutur.
Əmlak sahəsində rəqəmsal transformasiyanın mövcud vəziyyəti, həyata keçirilən layihələr, qarşıda duran hədəflər və bu istiqamətdə gözlənilən yeniliklərlə bağlı suallarımızı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əbləsənova ünvanladıq.

-Əmlak sahəsində rəqəmsallaşma prosesinin əsas prioritetləri hansılardır və bu istiqamətdə hansı konkret nəticələr əldə olunub?
-Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 27 fevral 2026-cı il tarixində “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Fəaliyyət planına əsasən, ölkəmizdə milli innovasiya ekosisteminin gücləndirilməsi, rəqəmsal idarəetmənin və iqtisadiyyatın transformasiyasının sürətləndirilməsi ilə bağlı bir sıra hədəf göstəricilər, məqsəd və prioritet istiqamətlər müəyyən edilərək bu istiqamətdə zəruri işlərin görülməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Bununla əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sözügedən Sərəncam və Fəaliyyət Planının tələblərinə uyğun olaraq əmlak sahəsində rəqəmsal idarəetmə, süni intellekt və innovasiyaların tətbiqi ilə bağlı tədbirlərin sistemli və planlı şəkildə həyata keçirilməsi məqsədilə zəruri layihələndirmə işləri görülərək icrasına başlanılmışdır. Belə ki, əmlak sahəsində rəqəmsallaşma prosesləri üzrə əsas prioritetlər daşınmaz əmlakın dövlət kadastrı və reyestri üzrə dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların keyfiyyətinin artırılması, “Dövlət məlumat hövzəsi”nə sözügedən məlumatların inteqrasiya edilməsi, habelə dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, proaktiv şəkildə təqdim edilməsi, süni intellekt əsaslı yeni dövlət xidmətlərinin yaradılması və “Mygov” platforması üzərindən təqdim edilməsi kimi tədbirlər müəyyən edilmişdir.
Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər çərçivəsində daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində ümumilikdə 40-dan çox xidmətin elektronlaşdırılması təmin olunmuş, 35-dən çox dövlət qurumu ilə qarşılıqlı məlumat mübadiləsi təşkil edilmişdir. Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində göstərilən dövlət xidmətləri nəticəsində təqdim edilən 10-dan çox sənəd (çıxarış, texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, müvafiq arayış və bildirişlər) elektronlaşdırılmışdır. Həmçinin sözügedən sahədə daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması məqsədilə bir sıra yeni informasiya sistemləri hazırlanmış və mövcud informasiya sistemlərinin funksionallığı artırılmışdır. Bunun nəticəsində qeydiyyat orqanlarında kağız dövriyyənin qismən aradan qaldırılmasına nail olunmuşdur. Hazırda qeydiyyat idarələrində kağız dövriyyənin tam aradan qaldırılması istiqamətində işlər davam etdirilməkdədir.
-Elektron qeydiyyat və kadastr sistemlərinin tətbiqi vətəndaşların xidmətlərə çıxışını nə dərəcədə asanlaşdırıb?
-Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində müvafiq informasiya sistemlərinin tətbiqi və inkişaf etdirilməsi nəticəsində sözügedən sahədə təqdim edilən dövlət xidmətlərinə əlçatanlıq əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, həyata keçirilmiş rəqəmsallaşma tədbirləri nəticəsində əvvəlki dövrlərdə orta hesabla 1 ay ərzində vətəndaşlar tərəfindən həyata keçirilən 100000-dən çox fiziki addım hazırda tam elektron formada həyata keçirilməkdədir.
Qeyd etmək istərdim ki, proseslərin elektron formada həyata keçirilməsi vətəndaşlarımıza vaxt və xərclərə qənaət etməyə, xidmətlərdən istənilən yerdən və istənilən vaxt istifadə etməyə imkan verir. Həmçinin xidmətlərin daha sürətli, şəffaf və əlçatan olmasını təmin edərək sənədləşmə işlərini sadələşdirir və müraciətlərin izlənilməsini asanlaşdırır.
- Rəqəmsallaşma çərçivəsində məlumat bazalarının inteqrasiyası hansı səviyyədədir və bu proses hansı çətinliklərlə qarşılaşır?
- Ölkə başçısı tərəfindən imzalanmış 12 sentyabr 2018-ci il tarixli müvafiq Fərmana əsasən “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalara əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində Əmlak Məsələləri Dövlət Xidməti və Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən 35-dən çox dövlət qurumu arasında müvafiq inteqrasiyalar təmin edilməklə 100-dən çox məlumat mübadiləsi təşkil edilmişdir. Bunun nəticəsində hüquqi və fiziki şəxslər tərəfindən müvafiq dövlət qurumlarına müraciət edilərkən qanunla ərizəyə əlavə edilməli olan daşınmaz əmlakın dövlət reyestri və kadastrına dair müvafiq sənəd (və ya məlumatların) fiziki formada kağız əsaslarla təqdim edilməsi zərurəti aradan qaldırılmışdır. Hazırda digər dövlət qurumları ilə qarşılıqlı şəkildə məlumat mübadilələrinin təşkili istiqamətində tədbirlər davam etdirilməkdədir.
Bununla belə, inteqrasiya proseslərində rast gəlinən əsas çətinliklər dövlət qurumları tərəfindən müxtəlif dövrlərdə formalaşmış bəzi məlumat bazalarının texniki standartlarının, məlumat tamlığının, keyfiyyətinin və aktuallığının dövrün tələblərinə tam cavab verməməsidir. Odur ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda bu problemlərin həlli üçün vahid rəqəmsal arxitekturanın və məlumat idarəetmə standartlarının tətbiqi nəzərdə tutulmuşdur. Bu çərçivədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə məlumatların vahid standartlara salınması, keyfiyyətinin yüksəldilməsi, təkrar qeydlərin aradan qaldırılması, fərqli mənbələrdən gələn məlumatların uyğunlaşdırılması istiqamətində işlərə başlanılmışdır.
-Elektron xidmətlərdə baş verən texniki problemlər və gecikmələr necə aradan qaldırılır?
-Mövcud elektron xidmətlərdə yarana biləcək texniki problemlərin öncədən aşkar edilərək operativ həlli məqsədilə İqtisadiyyat Nazirliyi yanında İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən davamlı olaraq monitorinqlər həyata keçirilməkdədir. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin 195 Çağrı Mərkəzinə bu istiqamətdə daxil olan müraciətlər qeydiyyata alınır və operativ şəkildə texniki problemin həlli təmin edilir. Həmçinin istifadəçi müraciətlərinin təhlili əsasında elektron xidmətlərin mütəmadi olaraq yenilənməsi və optimallaşdırılması istiqamətində işlər aparılır.
-Rəqəmsal sistemlərdə vətəndaş məlumatlarının təhlükəsizliyi necə təmin olunur?
-Təhlükəsizlik standartlarına uyğun olaraq vətəndaşlara dair daşınmaz əmlak məlumatlarının qorunması üçün texniki və proqram təminatı səviyyəsində zəruri tədbirlər həyata keçirilməkdədir. Həmçinin hüquqi tədbirlərin tətbiqi nəticəsində vətəndaşlara dair daşınmaz əmlak məlumatlarının məxfiliyinin və təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün zəruri işlər görülür.
Bu istiqamətdə təhlükəsizliyin ən yüksək səviyyəyə çatdırılması məqsədilə 2026-2028-ci illər çərçivəsində aidiyyəti dövlət qurumları ilə birgə kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətdə kompleks tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
-Əmlak sahəsində nə vaxt tam rəqəmsal sistemə keçid gözlənilir və bu istiqamətdə əsas maneələr nələrdir?
-Hazırda Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanına əsasən “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Sistemə dair Əsasnamə layihəsi və normativ hüquqi akt layihələrinin təsdiqi, habelə adıçəkilən informasiya sisteminin texnoloji olaraq hazırlanması istiqamətində işlər başa çatdırıldıqdan sonra sözügedən sahədə ərizələrin qəbulu, emalı, hüquqi-texniki ekspertizası və nəticələrin təqdim edilməsi ilə bağlı bütün proseslərin tam rəqəmsallaşdırılması təmin ediləcəkdir.
-Süni intellekt və yeni texnologiyaların tətbiqi əmlak idarəçiliyində hansı dəyişikliklərə səbəb olacaq?
-“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılmasında əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində rəqəmsal idarəetməyə keçidin təmin edilməsi ilə yanaşı bu sahədə süni intellekt texnologiyalarının tətbiq edilməsidir.
Sistem daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və kadastr uçotu üzrə əlaqəli inzibati prosedur və xidmətlərin vahid elektron platforma üzərindən süni intellekt texnologiyalarının tətbiqi əsasında həyata keçirilməsini nəzərdə tutur. Süni intellektin tətbiqi üzrə konseptual yanaşma daşınmaz əmlakın qeydiyyatı və kadastr proseslərində obyektivliyin təmin olunmasına, insan faktorunun minimuma endirilməsinə, qərar qəbuletmə proseslərinin sürətləndirilməsinə, hüquqi və texniki səhvlərin qarşısının alınmasına xidmət edəcəkdir.
Belə ki, sistemə hüquqların dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsas tələblər (sənədi verən orqanın səlahiyyəti, sənədin hüquqi qüvvəsi və verilmə tarixi, əmlakın texniki göstəriciləri, yerləşmə mövqeyi, torpaq təyinatı, məhdudiyyət və mühafizə zonaları və s.) daxil edilərək süni intellekt alətləri vasitəsilə hər bir ərizənin avtomatik hüquqi-texniki ekspertizası aparılacaqdır. Ekspertiza nəticəsində hüquqların qeydiyyatı ilə bağlı uyğunluq dərəcəsi müəyyən edilərək bunun əsasında qeydiyyatın aparılması, əlavə yoxlama və ya imtina barədə sistem tərəfindən əsaslandırılmış qərar tövsiyəsi veriləcəkdir. Xüsusilə sözügedən rəqəmsal həllər daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsində prosesin tam avtomatlaşmasına şərait yaratmış olacaqdır.
Həmçinin süni intellekt texnologiyalarının tətbiqi hüquqmüəyyənedici sənədlərdə göstərilən texniki göstəricilərlə faktiki ölçmələr və mövcud kadastr məlumatları arasında avtomatik müqayisənin aparılmasına imkan verəcəkdir. Aşkar edilən uyğunsuzluqlar barədə elektron bildiriş qeydiyyat və kadastr əməliyyatlarını aparan vəzifəli şəxslərə əlavə yoxlama üçün yönləndiriləcək və ya sənədi təqdim edən quruma və ya şəxsə rəsmi elektron üsulla təqdim ediləcəkdir. Bu yanaşma məlumatların dəqiqliyinin artırılmasına və kadastr uçotunda sistemli səhvlərin qarşısının alınmasına xidmət edəcəkdir.
Sistemdə məlumatların bütövlüyünün qorunması məqsədilə ziddiyyətli və məntiqi cəhətdən uyğun olmayan məlumatlar əsasında qeydiyyatın aparılması sistem tərəfindən avtomatik istisna ediləcəkdir. Qeydiyyat yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra mümkün olacaqdır ki, bu da məlumat keyfiyyətinə və hüquqi təhlükəsizliyə mühüm töhfə verəcəkdir.
Ümumilikdə süni intellekt texnologiyalarının tətbiqi daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahəsində müasir, şəffaf və etibarlı idarəetmə modelinin formalaşdırılmasına imkan verəcəkdir. Bu yanaşma beynəlxalq standartlara uyğun olmaqla yanaşı, hüquqi uyğunluğun təmin edilməsinə, əməliyyat səmərəliliyinin artırılmasına və institusional risklərin azaldılmasına xidmət edəcəkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycanın iqtisadi inkişaf strategiyası uzunmüddətli əsaslara söykənir - Sahil Kərimli
Azərbaycan öz güclü əlaqələri ilə regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilib