17 iyun 2026 19:48
272

Revanşistlərin qaçış manifesti: Siyasi meydandan tarixin zibilliyinə

Robert Koçaryanın növbəti seçki dalğasından sonra "aradan çıxmaq", məsuliyyətdən yayınmaq cəhdləri sadəcə fərdi qorxu deyil, bütöv bir cinayətkar klanın iflasının bariz nümunəsidir

Siyasətdə məğlubiyyəti qəbul etmək hər liderin bacardığı bir fəzilət deyil. Xüsusilə də tarixin qanlı səhifələrində, Xocalı faciəsində, Qarabağın işğalında və Ermənistan daxilindəki 1 mart qırğınlarında birbaşa əli olan bir personajdan söhbət gedirsə, bu, qaçılmazdır. Robert Koçaryanın növbəti seçki (və ya siyasi böhran) dalğasından sonra "aradan çıxmaq", məsuliyyətdən yayınmaq cəhdləri sadəcə fərdi qorxu deyil, bütöv bir cinayətkar klanın iflasının bariz nümunəsidir. Koçaryan illərdir Ermənistan cəmiyyətinə özünü "xilaskar", "dəmir iradəli rəhbər" kimi sırımağa çalışırdı. Lakin hər siyasi sınaqdan və növbəti səsvermə fiaskosundan sonra onun ilk reaksiyası reallıqla üzləşmək deyil, Moskvaya, yaxud xaricdəki digər təhlükəsiz sığınacaqlara qaçmaq trayektoriyası cızmaq olub. Seçki qutularından çıxan nəticələr Koçaryanın "xarici qüvvələrin dəstəyi ilə geri dönmək" planlarını alt-üst edəndə onun daxili auditoriya üçün bəyan etdiyi "sona qədər mübarizə" tezisləri sabun köpüyü kimi yox olur. Qondarma bəyanatların, xalqı küçələrə səsləyən pafoslu çıxışların pərdəarxasında isə tamamilə fərqli bir mənzərə formalaşır: Hava limanına tərəf yönələn baxışlar və şəxsi təhlükəsizlik zəmanəti axtarışları.

Robert Koçaryanın seçkidən dərhal sonra siyasi arenanı tərk etmək, ölkədən kənara boylanmaq cəhdləri bir neçə mühüm məqamı üzə çıxarır: Koçaryan yaxşı anlayır ki, onun rəhbərlik etdiyi revanşist qüvvələrin Ermənistan xalqı arasında real dayağı yoxdur. Xalq keçmişin korrupsiya və qan üzərində qurulmuş sisteminə qayıtmaq istəmir. Siyasi immuniteti itirmək Koçaryan üçün birbaşa məhkəmə zalı və həbsxana deməkdir. 1 mart hadisələri və qanunsuz varlanma ittihamları hələ də onun başının üstündə Demokl qılıncı kimi asılıb. Ölkədən qaçmağa çalışmaq – bu ittihamlardan yayınmaq cəhdidir.

Koçaryanın seçki sonrası manevrləri, Moskva və İrəvan arasında qalan sıxışmışlığı göstərir ki, onun rəhbərlik etdiyi "Qarabağ klanı" artıq Ermənistanın siyasi gələcəyində heç bir rol oynaya bilməz. Erməni cəmiyyəti nə qədər manipulyasiyaya məruz qalsa da, Koçaryanın şəxsi ambisiyaları və canını qurtarmaq cəhdləri üçün alət olmaq istəmir. Nəticə etibarilə, Robert Koçaryanın hər seçki fırtınasından sonra "aradan çıxmaq" taktikası onun siyasi karyerasının epiloqudur. Bir zamanlar İrəvanı dəmir yumruqla idarə etdiyini iddia edən şəxs, bu gün sadəcə qanundan və xalqın qəzəbindən gizlənməyə yer axtaran bir siyasi qaçqın kimidir. Görünür bu qaçış statusu onun tarixdəki son statusu olacaq.

Bir faktı da qeyd edək ki, Ermənistanın ən böyük oliqarxlarından sayılan, Serj Sarkisyanla şəxsi münasibətləri olan Qaqik Sarukyanın da İrəvanı tərk etməyə cəhd göstərməsi onun "vətənpərvərliyinin" dərəcəsindən xəbər verir. Amma onun da qaçış cəhdi uğursuz olub. Hüquq-mühafizə orqanları ona qarşı xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma ittihamı ilə cinayət işi açıldığını və ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər. Hələ bu da azmış kimi, özünü hər zaman "xalqın adamı", "sözübütöv lider" kimi təqdim edən Sarukyan qanundan qaçan və axtarışda olan oğlunun 8 iyun tarixində İrəvana qayıdacağını və ədalətə təslim olacağını dəfələrlə seçki kampaniyasında bəyan edib. Bu, əslində kampaniya dövründə Sarukyanın guya qanunun aliliyinə hörmətini göstərən gediş idi. Amma sözlə əməl üst-üstə düşmədiyi üçün oliqarxın siyasi nüfuzu ciddi zərər gördü. Çünki onun oğlu nəinki ölkəyə qayıtdı, Sarukyan özü də Ermənistandan qaçmağa cəhd göstərdi.

Sevinc Azadi, “İki sahil”