“Son aylarda ABŞ–Azərbaycan münasibətlərində müşahidə olunan dinamika Vaşinqtonla Bakı arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu göstərir. Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublar, dövlət başçıları arasında formalaşmış birbaşa siyasi dialoq, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, ABŞ Konqresinin nümayəndələrinin Bakıya səfərləri və iqtisadi-təhlükəsizlik sahələrində genişlənən əməkdaşlıq iki ölkə münasibətlərinin keyfiyyətcə yeni məzmun qazandığını təsdiqləyir. Məhz bu fonda ABŞ Konqresində müəyyən dairələrin, xüsusilə erməni lobbisinin təsiri altında fəaliyyət göstərən konqresmen Bred Şermanın təşəbbüsləri getdikcə daha çox siyasi marginallığın nümunəsi kimi görünür”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi əhəmiyyətin növbəti təsdiqi oldu. Məktubda ABŞ lideri xüsusilə vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən sonra iki ölkə münasibətlərinin yenidən canlandırılması istiqamətində ciddi addımlar atılıb və bu proses 2026-cı ilin fevralında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilə yeni mərhələyə yüksəlib. Tramp enerji təhlükəsizliyi, regional bağlantılar, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini xüsusi qeyd edib. Bununla yanaşı, Prezident İlham Əliyevin Donald Trampın təşəbbüsü ilə yaradılmış və Qəzza münaqişəsindən sonrakı bərpa proseslərinə dəstək məqsədi daşıyan “Board of Peace” təşəbbüsünə qoşulmaq barədə məktubu da diqqət çəkir. Azərbaycanın bu təşəbbüsə təsisçi üzv kimi qoşulması Vaşinqtonun Bakını regional deyil, qlobal proseslərdə etibarlı tərəfdaş kimi qiymətləndirdiyini göstərir.
Millət vəkilinin sözlərinə görə, 2026-cı ilin fevralında imzalanmış ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri yeni institusional müstəviyə çıxardı. Sənəd enerji, nəqliyyat, Orta Dəhliz, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik, müdafiə sənayesi, terrorizmlə mübarizə və humanitar minatəmizləmə kimi istiqamətləri əhatə edir. Xartiya tərəflərin yalnız siyasi deyil, iqtisadi və texnoloji tərəfdaşlıq modelinə keçdiyini göstərir. Əslində, bu sənəd Azərbaycanın Cənubi Qafqazda sabitlik və bağlantıların əsas təminatçısı kimi qəbul edilməsinin nəticəsidir. ABŞ üçün Azərbaycan artıq yalnız enerji tərəfdaşı deyil. Bakı Orta Dəhlizin əsas qovşağı, Avrasiyanın logistika xəritəsində mühüm aktor və regional təhlükəsizlik arxitekturasının vacib elementidir.
Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin ötən gün ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadehi qəbul etməsi də bu prosesin tərkib hissəsidir. Görüş zamanı ikitərəfli münasibətlərin uğurlu inkişafı, Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusi diqqət Hamadehin Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin ləğvi ilə bağlı qanun təşəbbüsünün müəlliflərindən biri olmasına yönəlib. Bu, ABŞ siyasi dairələrində Azərbaycana münasibətdə daha praqmatik və realist yanaşmanın gücləndiyini göstərən mühüm siqnaldır. Əslində, son bir ildə ABŞ Konqresinin müxtəlif nümayəndə heyətlərinin Azərbaycana səfərləri, yüksək səviyyəli təmasların intensivləşməsi və ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi Vaşinqtonun region siyasətində yeni reallıqları qəbul etdiyini nümayiş etdirir.
“Məhz bu müsbət dinamika fonunda konqresmen Bred Şermanın son təşəbbüsləri diqqəti cəlb edir. ABŞ Konqresində erməni lobbisinin ən fəal nümayəndələrindən biri kimi tanınan Şerman uzun illərdir ki, Azərbaycana qarşı məhdudlaşdırıcı təşəbbüslərin müəlliflərindən biri kimi çıxış edir. Son günlər onun Türkiyə və Azərbaycana münasibətdə maliyyə və investisiya məhdudiyyətləri nəzərdə tutan növbəti təşəbbüslə çıxış etməsi də həmin siyasətin davamıdır. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, bu təşəbbüslər artıq ABŞ administrasiyasının formalaşdırdığı ümumi siyasi xəttlə üst-üstə düşmür. Vaşinqton Azərbaycanla strateji tərəfdaşlığı genişləndirdiyi, enerji və nəqliyyat layihələrində əməkdaşlığı artırdığı, sülh prosesini dəstəklədiyi bir vaxtda Şermanın təşəbbüsləri daha çox daxili lobbi maraqlarına xidmət edən siyasi jest təsiri bağışlayır. Təsadüfi deyil ki, onun son anti-Azərbaycan təşəbbüsləri Konqresdə ciddi dəstək qazana bilməyib və əvvəlki illərlə müqayisədə təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib”,-deyən millət vəkili əlavə edib ki, bu gün ABŞ–Azərbaycan münasibətlərinin inkişaf trayektoriyasını müəyyən edən əsas amil geosiyasi reallıqlardır. Enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, regional sabitlik, Yaxın Şərqdə və Avrasiyada dəyişən qüvvələr nisbəti Vaşinqton və Bakını daha sıx əməkdaşlığa sövq edir.
“Azərbaycan öz suverenliyini tam bərpa etmiş, regionun əsas iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilmiş, beynəlxalq etibara malik dövlət kimi ABŞ üçün strateji əhəmiyyətini daha da artırıb. Buna görə də ikitərəfli münasibətlərin gələcəyini artıq ayrı-ayrı lobbi qruplarının təşəbbüsləri deyil, tərəflərin ortaq maraqları və uzunmüddətli strateji hesablamaları müəyyən edir. Son hadisələr göstərir ki, ABŞ–Azərbaycan münasibətləri artıq strateji tərəfdaşlığın institusional əsaslarının formalaşdığı və qarşılıqlı maraqlara söykənən yeni inkişaf mərhələsinə daxil olub. Bu şəraitdə Şerman kimi siyasətçilərin təşəbbüsləri daha çox keçmiş geosiyasi təsəvvürlərin davamı kimi görünür və yeni reallıqlar fonunda əvvəlki təsir gücünü itirir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.