19 iyun 2026 11:15
130

Rəqəmsal transformasiya: Dayanıqlı gələcəyə hesablanmış strateji yol

Atılan addımlar Azərbaycanın qlobal rəqəmsal xəritədə mövqeyini möhkəmləndirməklə yanaşı, daxili resursların daha səmərəli idarə olunmasına zəmin yaradacaq

Müasir dünyada texnologiya artıq sadəcə alət deyil, dövlətlərin gücünü, rəqabət qabiliyyətini və gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas faktordur. Xüsusilə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma sahəsində aparılan islahatlar ölkələrin iqtisadi, sosial və idarəetmə sistemlərinin keyfiyyətini birbaşa formalaşdırır. Bu baxımdan Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya siyasəti strateji əhəmiyyət daşıyır. Ölkəmizdə qlobal rəqəmsal trendləri yaxından izləməklə yanaşı, bu texnologiyaların cəmiyyət və iqtisadiyyat üçün məsuliyyətli, təhlükəsiz və balanslaşdırılmış şəkildə inteqrasiyasına xüsusi önəm verir. Qlobal çağırışlara cavab olaraq süni intellekt və rəqəmsal texnologiyaların tətbiq edilməsi, bu sahədə strateji baxış ortaya qoyulması birbaşa Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir.

Dövlət başçısı ötən ilin mart ayında  “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiqləyib. Sənəd ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədi daşıyır. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac var. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranıb.

Prezident İlham Əliyev ötən ilin dekabrında “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nı da təsdiqləyib. Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının (4IR) əsas texnologiyalarının - süni intellekt, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s. sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Bu ssenariyə əsasən, iqtisadiyyatın inkişaf tələblərinə uyğun rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiyanın daha geniş tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib.

Prezident İlham Əliyev "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir: "Belə ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir. Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir".

Göründüyü kimi, ölkəmiz Dördüncü Sənaye İnqilabının regional mərkəzlərindən birinə çevrilməyi hədəfləyir. Dördüncü Sənaye İnqilabının Təhlili və Kooperasiyası Mərkəzi (4SİM) vasitəsilə qlobal texnoloji şirkətlərlə əməkdaşlıq qurulur. Süni intellektin iqtisadiyyata, xüsusilə kənd təsərrüfatı, logistika və energetika sektorlarına inteqrasiyası iqtisadi səmərəliliyi artırır. Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IRIA) tərəfindən yerli startaplara qrantların verilməsi, vergi güzəştləri və "Texnopark" rezidentliyi kimi imkanlar rəqəmsal sahibkarlığı stimullaşdırır.

Balanslaşdırılmış keçidin ən vacib şərti sözsüz ki, cəmiyyətin və işçi qüvvəsinin bu dəyişikliklərə hazırlanmasıdır. Ali təhsil müəssisələrində süni intellekt, data analitikası və kibertəhlükəsizlik üzrə yeni fakültə və proqramlar açılır. SABAH magistratura proqramları və xarici universitetlərlə ikili diplom layihələri bu sahədə kadr potensialını gücləndirir. Bununla yanaşı, süni intellektin əmək bazarında müəyyən peşələri sıradan çıxarma riskinə qarşı dövlət və özəl sektor əməkdaşlığı ilə vətəndaşların rəqəmsal bacarıqlarının artırılması proqramları icra olunur. Azərbaycanın yanaşmasında texnoloji kor-koranəlik yoxdur. Süni intellektin tətbiqində etika və insan amili mərkəzdə dayanır. Balans dedikdə: Texnoloji tərəqqi ilə milli təhlükəsizlik maraqlarının qorunması, avtomatlaşdırma ilə mövcud iş yerlərinin qorunması və yenilərinin yaradılması, qlobal təcrübənin daxili bazarın spesifik xüsusiyyətlərinə adaptasiyası və s. nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın bu yeni və strateji sahədə öz baxışına malik olduğunu və qlobal rəqabətdə layiqli yer tutmaq niyyətini nümayiş etdirir.

Süni intellektin inkişafı baxımından ölkənin böyük və ya kiçik olması həlledici faktor deyil. Əsas məsələ düzgün prioritetlərin seçilməsi, resursların səmərəli səfərbər olunması və dəyişikliklərə operativ reaksiya verə bilməkdir. Bu baxımdan yeni rəqəmsal arxitektura Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda da müasir, innovativ və dayanıqlı dövlət kimi mövqeyini daha da  möhkəmləndirəcək.

Sevinc Azadi, “İki sahil”