18 iyun 2026 21:36
104

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

QMİ sədri Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə görüşüb

İyunun 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadı və Dikasteriyanın İslam Bürosunun rəhbəri Ata Laurent Basanese ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri, Özbəkistanın Azərbaycandakı səfiri və Azərbaycanın Müqəddəs Taxt-Tacındakı səfiri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görüşdə Azərbaycan ilə Vatikan arasında münasibətlərin tarixi inkişafına toxunub. O bildirib ki, bu əlaqələrin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Şeyxülislam Roma Papası II İoann Pavelin Azərbaycana səfərini xatırladaraq, onun müsəlman ölkəsinə səfər edən ilk Papa olduğunu qeyd edib. Həmçinin Papa Fransiskin Azərbaycana səfərinin ölkədə mövcud olan tolerantlıq və multikultural mühitin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Çıxışda Heydər Əliyev Fondunun fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr çərçivəsində müxtəlif dini abidələrin, o cümlədən kilsələrin bərpası istiqamətində mühüm işlər görülüb. Qeyd olunub ki, Azərbaycanın həyata keçirdiyi bərpa və quruculuq siyasəti ölkənin tolerantlıq və multikulturalizm modelinin mühüm göstəricisidir.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikulturalizm siyasətinin bu gün beynəlxalq miqyasda nümunə kimi qəbul edildiyini vurğulayıb, ölkədə bütün dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını bildirib.

O, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə dinlərarası dialoqa verdiyi töhfələrdən bəhs edərək, ölkənin bu istiqamətdə bir sıra nüfuzlu tədbirlərdə model kimi təqdim olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclis sədrinin müavini Musa Qasımlı ölkələr arasında dini münasibətlərin möhkəmliyini və dinlərarası dialoqun inkişafının vacibliyini vurğulayıblar.

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakad Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir. O, Roma papaları II İoann Pavel və Fransiskin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Kardinal qeyd edib ki, imzalanmış sənədlər və əməkdaşlıq memorandumu dinlərarası dialoqun inkişafına mühüm töhfə verir. O, müasir dövrdə dinlərarası dialoqun sülhün, qarşılıqlı anlaşmanın və qardaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Görüşdə Azərbaycanın tolerantlıq ənənələri yüksək qiymətləndirilib, ölkənin dinlərarası harmoniya və multikultural dəyərlərin təşviqində mühüm rol oynadığı qeyd olunub.

Kardinal çıxışının sonunda Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzularını çatdırıb, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Sonda qonağın şərəfinə ziyafət verilib.