19 iyun 2026 09:14
95

Konqres yeni hərbi xərclər paketini təsdiqləməsə...

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı həyata keçirilən əməliyyatla bağlı yaranan əlavə xərclərin qarşılanması üçün Konqresdən 80 milyard dollar ayrılmasını istəyib.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq qanunvericilərlə telefon danışığında Pentaqonun əməliyyatdan sonrakı xərcləri ödəmək üçün əlavə maliyyəyə ehtiyac duyduğunu qeyd edib.

Hərbi rəsmilər xəbərdarlıq ediblər ki, Konqres yeni hərbi xərclər paketini təsdiqləməsə, Pentaqonun bu yay əməliyyatlar üçün vəsaiti tükənə bilər.

Eyni zamanda, Konqres üzvləri Prezident Donald Tramp administrasiyasından fevralın 28-də başlanmış İrana qarşı əməliyyatın ümumi dəyəri barədə ətraflı məlumat təqdim etməyi tələb edirlər.

Qanunvericilər, həmçinin əməliyyat zamanı istifadə olunan sursat və hərbi ehtiyatların ABŞ-nin digər regionlardakı təhlükələrə cavab imkanlarına təsir göstərə biləcəyindən narahat olduqlarını bildiriblər.