Avropa İttifaqı blok daxilində banklar arasında vəsaitlərin hərəkətinə mane olan tənzimləyici məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, "Financial Times" bu barədə Avropa Komissiyasının hesabat layihəsinə istinadla xəbər yayıb.
Hesabata görə, Aİ bank sektorunun rəqabət qabiliyyəti ilə bağlı hesabat layihəsində yer alan təkliflər Avropa kredit təşkilatlarının Amerika rəqibləri ilə müqayisədə səmərəliliyini artırmağa yönəlib. Xüsusilə, kredit reytinqi olmayan şirkətlərə ipoteka və kreditlər üçün kapital tələblərinin yumşaldılması ehtimalı nəzərdən keçirilir.
Qeyd olunur ki, sənəddə həmçinin bank əmanətlərinin sığortalanması sistemində islahatların aparılması və investisiya şirkətləri üçün kapital tələblərinin yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.
Avropa Bank Federasiyasının məlumatına görə, mövcud tənzimləyici məhdudiyyətlər kreditləşməni dayandırır və Aİ-nin investisiya boşluğu ildə 1,4 trilyon avro olaraq qiymətləndirilir.
Təşkilat hesab edir ki, mövcud sistem bankları milli törəmə müəssisələrdə artıq kapital və likvidlik saxlamağa məcbur edir.