19 iyun 2026 13:49
100

Şuşa Bəyannaməsi Türk dünyasının birliyi baxımından da böyük əhəmiyyət daşıyır

Cari ilin iyun ayında Azərbaycan və Türkiyə xalqları iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərinin tarixində mühüm yer tutan Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümü qeyd edir. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan bu sənəd iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır.

Şuşa Bəyannaməsinin məhz Azərbaycanın mədəniyyət paytaxtı olan, Qarabağımızın incisi Şuşa şəhərində imzalanması xüsusi rəmzi məna daşıyır. İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra azad edilmiş Şuşa şəhəri Türk dünyasının birlik, həmrəylik və qardaşlıq rəmzinə çevrilmişdir. Bəyannamənin burada imzalanması Azərbaycan və Türkiyə xalqlarının ortaq tarixə, mədəniyyətə, dilə, mənəvi dəyərlərə söykənən münasibətlərinin əbədi, o cümlədən sarsılmaz olduğunu bir daha nümayiş etdirmişdir.

Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və informasiya kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəddə iki dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı təhdid yaranacağı təqdirdə bir-birinə qarşılıqlı dəstək göstərməsi prinsipi də öz əksini tapır. Bu baxımdan, Bəyannamə təkcə ikitərəfli münasibətlərin hüquqi bazasını möhkəmləndirmir, həm də regionda dayanıqlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə vermişdir.

Ümumiyyətlə, Azərbaycan–Türkiyə münasibətləri uzun illərdir ki, “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulub. Ulu Öndər Heydər Əliyevin söylədiyi bu tarixi ifadə iki qardaş ölkənin münasibətlərinin əsas ideoloji dayağına çevrilmişdir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu münasibətlər daha da inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Şuşa Bəyannaməsi isə tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymaqla bu prosesin məntiqi nəticəsi hesab olunur.

Bəyannamə davamlı sülhlə yanaşı, eyni zamanda regionda inteqrasiyaya yol açır. Burada əsas məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da Azərbaycan–Türkiyə münasibətlərinin əsas istiqamətlərindəndir. Birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələləri üzrə koordinasiya iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Xüsusilə 44 günlük müharibəs dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən parlaq təzahürlərindən biri hesab olunur.

Şuşa Bəyannaməsi Türk dünyasının birliyi baxımından da böyük əhəmiyyət daşıyır. Bu sənəd türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə, ortaq maraqların müdafiəsinə və regional əməkdaşlıq mexanizmlərinin güclənməsinə mühüm stimul vermişdir. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin sürətlənməsinə də müsbət təsir göstərir.

Beləliklə, bu gün Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin yol xəritəsi kimi çıxış edir. Təsadüfi deyil ki, Bəyannamənin imzalanmasından sonra Şuşada hər il 15 uyun tarixində ənənəvi olaraq konfransalar keçirilir. Bundan sonrakı dövrdə də iki qardaş dövlət arasında əlaqələrin daha da möhkəmlənəcəyi, birgə layihələrin genişlənəcəyi və dünyamızın formalaşmaqda olan yeni siyasi arxitekturası fonunda dayanıqlı regional inkişafın təmin edilməsində birgə fəaliyyətin davam etdiriləcəyini əminliklə söyləmək olar.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı