19 iyun 2026 14:33
97

Gənclərin İnkişaf və Karyera Mərkəzi şəhərsalma və memarlıq sahəsində gənclərin iştirakını genişləndirməyi hədəfləyir

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) şəhərsalma, memarlıq və mədəni irsin qorunması istiqamətində fəaliyyətlərini genişləndirməyi planlaşdırır.

GİKM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayeva “İki sahil”ə açıqlamasında bildirib ki, qurumun əsas məqsədi gənclərin potensialını üzə çıxarmaq, onların şəxsi və peşəkar inkişafını dəstəkləmək, eyni zamanda cəmiyyətin inkişafında fəal iştirak edən məsuliyyətli və təşəbbüskar gənclərin formalaşmasına töhfə verməkdir.

Onun sözlərinə görə, 2026-cı ilin ilk yarısında ölkənin 20 şəhər və rayonunda bu istiqamətdə keçirilən fəaliyyətlərə 2000-ə yaxın gənc cəlb olunub. İlin ikinci yarısında isə şəhərsalma, memarlıq irsi və mədəni irsin qorunması mövzularını əhatə edən tədbirlərin Bakı və regionlarda davam etdirilməsi nəzərdə tutulur.

N.Rzayeva qeyd edib ki, gənclərin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, həmçinin onların sahənin mütəxəssisləri ilə bir araya gəlməsi məqsədilə infoturlar, ekskursiyalar, görüşlər, təlimlər və digər maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

O vurğulayıb ki, fəaliyyətlərin əhatə dairəsinin daha da genişləndirilməsi, daha çox gəncin bu təşəbbüslərə cəlb edilməsi və onların yaşadıqları regionların inkişafında fəal iştirakının təşviqi əsas hədəflər sırasındadır.

Nuranə Rzayevanın fikrincə, bu kimi layihələr gənclərin yalnız maariflənməsinə deyil, həm də yaşadıqları mühitin inkişafında daha fəal və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına mühüm töhfə verir.