19 iyun 2026 14:57
90

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərin maarifləndirilməsi istiqamətində geniş fəaliyyət həyata keçirilib -

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ilboyu gənclərin şəhər mühiti, memarlıq irsi və dayanıqlı inkişaf prinsipləri barədə bilik və bacarıqlarının artırılması məqsədilə silsilə tədbirlər həyata keçirib.

GİKM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayeva “İki sahil”ə açıqlamasında bildirib ki, təşkil olunan seminarlar, sərgilər, infoturlar, ekskursiyalar, intellektual yarışlar və maarifləndirici görüşlər vasitəsilə gənclər Azərbaycanın memarlıq irsi, şəhərsalma ənənələri və müasir urban inkişaf yanaşmaları barədə geniş məlumat əldə ediblər.

Onun sözlərinə görə, xüsusilə tarixi abidələrə təşkil olunan infoturlar, muzey ziyarətləri və memarlıq irsinə həsr edilmiş sərgilər gənclərin milli-mədəni irsin qorunmasına marağını daha da gücləndirib. Eyni zamanda “Şəhərsalma siyasətində tarixi abidələrin inteqrasiyası: davamlı inkişaf və mədəni irsin qorunması” mövzusunda keçirilən seminarlar bu istiqamətdə maarifləndirici təsiri ilə seçilib.

N. Rzayeva qeyd edib ki, regionlarda keçirilən görüşlər də gənclərin şəhərsalma və memarlıq sahəsində biliklərə çıxış imkanlarını genişləndirib, onların ekspertlərlə birbaşa ünsiyyətinə və yeni bacarıqlar qazanmasına şərait yaradıb.

O əlavə edib ki, bu təşəbbüslər uzunmüddətli perspektivdə şəhərsalma mədəniyyətinin inkişafına, memarlıq irsinin qorunmasına, ictimai iştirakçılığın güclənməsinə və ölkənin urban inkişafında fəal rol oynayan peşəkar gənc nəslin formalaşmasına mühüm töhfə verəcək.