19 iyun 2026 15:26
150

“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib - FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində maarifləndirici tədbir keçirib.

“İki sahil” xəbər verir ki, tədbirin məqsədi gənclər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması, bu cinayətin doğurduğu risklər barədə maarifləndirmə aparılması və insan alverinə qarşı mübarizədə ictimai dəstəyin gücləndirilməsidir.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emin Əsədov, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri və layihənin rəhbəri Mahirə Əmirhüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tərbiyə işləri üzrə direktor müavini, tarix elmləri namizədi Murad Muradov, eləcə də kollecin müəllim və tələbə heyəti iştirak ediblər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı çıxış edərək insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik, profilaktik tədbirlər və mövcud mexanizmlər barədə ətraflı məlumat verib. Bildirilib ki, insan alverinə qarşı səmərəli mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda cəmiyyətin hər bir üzvünün məlumatlılığı, fəal mövqeyi və birgə səyləri ilə mümkündür.

Layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxışında insan alveri cinayətinin mahiyyəti, cinayətkarların vətəndaşları müxtəlif üsullarla bu cinayətə necə cəlb etmələri, eləcə də bu təhlükədən qorunma yolları barədə danışıb. O, iştirakçıları bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri haqqında da məlumatlandırıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, insan alverinə qarşı mübarizədə maarifləndirmənin və ictimai məlumatlılığın artırılmasının vacibliyi bir daha vurğulanıb.

Qeyd edək ki, “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.