Xəbər verdiyimiz kimi, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov yaxın zamanlarda Azərbaycana ilk dövlət səfərinə gələcək. Prezident Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyev ilə ikitərəfli görüş keçirəcək, həmçinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edəcək. Səfər çərçivəsində bir sıra sənədlərin, həmçinin dövlət başçıları tərəfindən Birgə Bəyannamənin imzalanması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, AZƏRTAC səfər ərəfəsində Azərbaycan-Türkmənistan münasibətlərinə qısa nəzər yetirir.
Müasir beynəlxalq münasibətlər sistemində yeni regional güc mərkəzlərinin formalaşması fonunda Azərbaycanın Mərkəzi Asiya regionu, xüsusən də geostrateji tərəfdaşı olan Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr müstəsna əhəmiyyət kəsb edir. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar”.
Siyasi dialoq və diplomatik dinamika
Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksək etimad mühiti iki ölkənin intensiv xarakter daşıyan yüksəksəviyyəli qarşılıqlı səfərlərində və davamlı siyasi dialoqda aydın şəkildə özünü göstərir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu münasibətlərə toxunaraq bildirib: “Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk”.
Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.
Türkmənistan tərəfi də eyni intensivliklə qarşılıqlı münasibətlərə töhfə verir. 2023-cü ildə Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ildə Qəbələdə keçirilən sammitdə iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafını təsdiqləyən mühüm hadisələrdəndir. Qəbələ şəhərində keçirilən tədbir regional əməkdaşlıq formatlarının genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Bu yüksək etimad mühitinin rəmzi olaraq, liderlərin qarşılıqlı diplomatik jestləri və hədiyyələri xalqlararası mənəvi bağları möhkəmləndirir. Bu xüsusda, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısı İlham Əliyevə “Taus” ləqəbli şöhrətli “Axaltəkə” atını hədiyyə etməsi dövlətlərarası ali ehtiramın göstəricisidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin də Qurbanqulu Berdiməhəmmədova Qarabağ atını hədiyyə etməsi bütövlükdə Türk dünyasında köklü tarixi ənənələrin yaşadılmasının və Bakı ilə Aşqabad arasındakı əbədi dostluğun müasir diplomatiya tarixinə həkk olunan parlaq rəmzləridir.
Azərbaycan və Türkmənistan arasında hüquqi-normativ baza da kifayət qədər geniş və əhatəlidir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənədin imzalanması əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. Bu sənəd bazasının daha da genişləndirilməsi isə 2026-cı ilin iyunun 22-23-də Sərdar Berdiməhəmmədovun Azərbaycana gözlənilən ilk rəsmi dövlət səfəri çərçivəsində nəzərdə tutulur. Bu tarixi səfərin iki ölkə arasında gələcək əməkdaşlığın prioritetlərini müəyyən edən yeni fəaliyyət proqramı formalaşdıracağı gözlənilir.
Bununla yanaşı, Azərbaycan və Türkmənistanın beynəlxalq münasibətlər sistemində neytrallıq siyasətinə sadiqliyi də ortaq strateji mövqelərdən biri kimi çıxış edir. Hər iki dövlətin bu prinsipə ardıcıl şəkildə hörmətlə yanaşması ikitərəfli münasibətlərin sabitliyini və qarşılıqlı etimad mühitini daha da gücləndirən əsas amillərdən sayılır.
İqtisadi və tranzit göstəriciləri
Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-loqistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir.
Belə ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə üzərindən keçən tranzit yüklərin həcmi 15 faiz artaraq 2,344 tona çatıb. Regional daşımaların intensivləşməsinin bariz nümunəsi olaraq, 2026-cı ilin mayın 12-də Türkmənistanın ilkin quru yük gəmisi olan “Gadamly” təntənəli şəkildə Bakı Limanına daxil olub. Gəminin Bakı-Türkmənbaşı marşrutu üzrə müntəzəm konteyner daşımalarına qoşulması regionun loqistika potensialını ciddi şəkildə stimullaşdıracaq.
Nəqliyyat sektorunda bu aktivlik fonunda ticari əlaqələr də öz dinamikasını qoruyur. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon dollar olaraq qeydə alınıb.
Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.
“Dostluq” yatağı və qlobal ixrac
Karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi, birgə işlənməsi və dünya bazarlarına çıxarılması Bakı–Aşqabad münasibətlərinin strateji istiqamətlərindən birini təşkil edir. 2021-ci ildə Xəzər dənizdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında anlaşma memorandumunun imzalanması regionun sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Azərbaycan Türkmənistanın zəngin enerji resurslarının Qərbə ötürülməsində mühüm tranzit tərəfdaşıdır. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng infrastruktur layihələri Türkmənistan resurslarının dünya bazarına inteqrasiyasında mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə enerji təhlükəsizliyinin gücləndirilməsinə deyil, eyni zamanda, Xəzər regionunda iqtisadi əlaqələrin və regional tərəfdaşlığın inkişafına xidmət edir.
İki ölkə arasında dostluğun daha bir nümunəsi isə Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün nəzərdə tutulan 8 min tonluq neftdaşıyan tankerin tikintisidir. 2023-cü ildən tikintisinə başlanılan tankerin inşası üzrə işlər tamamlanıb. Elə “Dostlug” adı daşıyan tankerin yaxın vaxtlarda istismara verilməsi planlaşdırılır.
Qarabağın bərpasına Türkmənistanın töhfəsi və mədəni əlaqələr
Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Xatırladaq ki, 2025-ci il oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Məscidin inşası hazırda sürətlə davam etdirilir.
Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Bu proses qarşılıqlı mədəni tədbirlərlə də müşayiət olunur. 2025-ci ilin oktyabrında Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyət Günləri, eləcə də 2026-cı ilin iyununda Aşqabad və Arxadağ şəhərlərində təşkil olunan Azərbaycan Mədəniyyət Günləri ölkələrimizin zəngin mədəni irsinin tanıdılmasına, xalqlar arasında mənəvi bağların daha da güclənməsinə mühüm töhfə verib.
Bundan əlavə, ötən ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Avazada keçirilən beynəlxalq forumda iştirak edib. Eyni zamanda, səfər çərçivəsində Q.Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüş keçirilib, fondlar arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Çoxtərəfli diplomatiyadan regional sabitliyə
Azərbaycan və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi mötəbər qlobal və regional təşkilatlar çərçivəsində nümayiş etdirdiyi qarşılıqlı dəstək iki ölkənin xarici siyasət kurslarının tam sinxronluğundan xəbər verir. Bu çoxtərəfli diplomatiya parlamentlərarası sıx təmaslarla da möhkəmləndirilir. Xüsusilə, son olaraq 2026-cı ilin mayın 15-də Özbəkistanın Buxara şəhərində keçirilən spikerlərin görüşü qanunverici orqanlar səviyyəsindəki dialoqun və siyasi etimadın yüksək göstəricisidir.
Azərbaycan və Türkmənistanın formalaşdırdığı bu strateji ox təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır. Şərq-Qərb dəhlizinin funksionallığında əsas həlqə olan bu tərəfdaşlıq regional sabitliyin və logistik təhlükəsizliyin qarantına çevrilir.
Münasibətlərin bu yüksələn dinamikası fonunda gözlənilən dövlət səfəri əldə olunmuş razılaşmaları hüquqi müstəvidə möhkəmləndirərək, bu strateji tərəfdaşlığın institusional əsaslarını daha da sarsılmaz edəcək.