20 iyun 2026 15:37
108

Britaniya Ukrayna üçün "Storm Shadow"a alternativ hazırlayır

Böyük Britaniya Ukrayna üçün özünün istehsal edəcəyi və ABŞ komponentlərindən asılı olmayan, həmçinin daha ucuz başa gələn uzaqmənzilli raketlər hazırlayır.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Krallığın Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, MBDA, "MGI Engineering" və "Rotron Aerospace" şirkətlərinə məxsus üç sistem yaxın aylarda Britaniya və Ukraynada sınaqdan keçiriləcək.

Gözlənilir ki, cəbhədə istifadə ediləcək bu silahlar Ukrayna ordusuna bir il ərzində təhvil veriləcək.

Yeni raketlərin dəyəri, çox güman ki, MBDA-nın "Storm Shadow" qanadlı raketlərindən təxminən iki dəfə aşağı olacaq.

Bundan əlavə, qeyd olunub ki, yeni raketlərin tərkibində heç bir ABŞ komponenti olmayacaq və onlar ABŞ məlumatlarından istifadə etməyəcəklər. Bu, ABŞ-nin müdafiə sənayesindən həddindən artıq asılılıqdan narahatlığını bildiriən Britaniya hökumətinin əsas tələbi idi.

Döyüş başlığı nəzərə alınmadan bir raketin qiymətinin təxminən 400 min funt sterlinq (529 320 ABŞ dolları) olacağı gözlənilir.

Nəşrin mənbələrinin məlumatına görə, müsabiqədə iştirak edən hər üç şirkət sifarişi aldıqdan artıq 3-4 ay sonra ayda ən azı 40 raket istehsal etməyə hazır olduqlarını bildiriblər.