İçərişəhərdə “El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyət Həftəsinin açılış mərasimi olub.
“İki sahil” xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Argentinanın Azərbaycandakı səfirliyi, Azərbaycan Rəqs Şurasının (AzDC) dəstəyi ilə təşkil olunan tədbirin ilk günü Argentinanın Bayraq Gününə həsr edilib.
Açılış mərasimində çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi tədbir barədə məlumat verib. Səfir festivalın Azərbaycan və Argentina arasında mədəni əlaqələrin inkişafına, yaradıcılıq mübadiləsinin genişlənməsinə və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycan Rəqs Şurasının prezidenti, Xalq artisti Təranə Muradova bildirib ki, bu il qurumun fəaliyyətinin 5 illiyi tamam olur və ilk dəfə olaraq Azərbaycanda tanqo festivalı təşkil edilir. “Ümid edirəm ki, bu festival sonuncu olmayacaq. Son beş il ərzində müxtəlif rəqs janrları üzrə festivallar keçirmişik. Bu dəfə isə dünyada məşhur olan tanqonu seçdik. Məqsədimiz Azərbaycanda yalnız milli və klassik rəqslərin deyil, xoreoqrafiya sənətinin bütün istiqamətlərinin inkişafına töhfə verməkdir. Festivalın təşkilat komitəsinin fəaliyyətini ayrıca qeyd etmək istərdik. Beynəlxalq mədəni və rəqs təşəbbüslərinin prodüseri və kuratoru Artur Ostrolutski tərəfindən layihənin hazırlanması istiqamətində böyük həcmdə iş görülüb”– deyə Xalq artisti əlavə edib.
Tanınmış xoreoqraf Eldar Cəfərov vurğulayıb ki, bir il ərzində Azərbaycanda müxtəlif rəqs janrlarını əhatə edən yeddi beynəlxalq festivalın keçirilməsi nəzərdə tutulub. O, tədbirin təkcə tanqo həvəskarlarını deyil, bütövlükdə Argentina mədəniyyətinə maraq göstərən insanları da bir araya gətirdiyini deyib.
“Metropolitango Award” layihəsinin təsisçisi və təşkilatçısı Barbara Cicero, xoreoqraf Valentin Reşetnikov festivalın beynəlxalq əhəmiyyətindən və tanqo sənətinin mədəniyyətlərarası dialoqdakı rolundan danışıblar.
Gecənin bədii hissəsində dünyaşöhrətli tanqo maestroları, əfsanəvi Solo Tango Orquesta orkestri və La Argenta Ensamble kollektivi çıxış edərək tamaşaçılara zəngin musiqi proqramı təqdim ediblər.
Festival çərçivəsində tanqo orkestrlərinin konsertləri, açıq hava milonqaları, beynəlxalq yarışlar, ustad dərsləri, Argentina folkloru ifaçılarının çıxışları, film nümayişləri və müxtəlif mədəni layihələr nəzərdə tutulub.