Yaponiya hökuməti 1978-ci ildən bəri ilk dəfə xarici vətəndaşlar üçün viza rüsumlarını artırmaq qərarına gəlib. Yeni tariflərə əsasən, bəzi vizaların qiyməti beş dəfəyədək bahalaşacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "The Japan Times" nəşri hökumətin müvafiq qərarına istinadən məlumat yayıb.
Məlumata görə, birdəfəlik viza üçün rüsum hazırkı 3 000 yendən 15 000 yenə (təxminən 32 manatdan 160 manata), çoxdəfəlik viza üçün isə 6 000 yendən 30 000 yenə (təxminən 63 manatdan 316 manata) qaldırılacaq.
Yeni rüsumlar 2026-cı il iyulun 1-dən və ya həmin tarixdən sonra təqdim edilən müraciətlərə şamil olunacaq.
Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi bildirib ki, bu qərar ölkədə yüksək inflyasiya və milli valyutanın dəyərinin zəifləməsi ilə əlaqədardır.
Hökumət əlavə gəlirləri yapon dili proqramlarının genişləndirilməsinə, eləcə də ölkədə qanunsuz qalma hallarına qarşı mübarizənin gücləndirilməsinə yönəltməyi planlaşdırır.