22 iyun 2026 13:18
112

Samux rayonunda ilin ilk məhsul festivalı keçirilib

20 iyun tarixində Samux rayonunda III Ərik Festivalı və Aqrar Biznes Festivalı keçirilib. Samux Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət və özəl qurumların nümayəndələri, fermerlər, sahibkarlar, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, rayon sakinləri və qonaqlar iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Samux parkında təşkil olunan festivalda rayonun zəngin kənd təsərrüfatı potensialı, milli-mənəvi dəyərləri və mədəni irsi nümayiş etdirilib. Tədbir çərçivəsində milli mətbəximizin təamları təqdim olunub, fermerlərin yetişdirdiyi müxtəlif ərik növləri, ərikdən hazırlanan mürəbbələr, şirələr və digər məhsullar xüsusi stendlərdə sərgilənərək qonaqların marağına səbəb olub.

“Aqrar Biznes Festivalı” çərçivəsində kənd təsərrüfatı sahəsində tətbiq olunan müasir texnologiyalar, innovativ avadanlıqlar və aqrar təyinatlı texnikalar nümayiş etdirilib. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən toxum, gübrə, bitki mühafizə vasitələri və digər məhsullar sərgilənərək fermerlərə ətraflı məlumat verilib.

Festival çərçivəsində Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının təşviqi və maarifləndirilməsi məqsədilə xüsusi stend təşkil olunub. Stenddə Dövlət Proqramının əsas məqsəd və hədəfləri, aqrar sahədə nəzərdə tutulan yeniliklər, fermer və sahibkarlar üçün yaradılan imkanlar barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirin rəsmi açılış mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli iştirak ediblər.

Açılış mərasimində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də kənd təsərrüfatının dəstəklənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bağçılıq sahəsi sürətlə inkişaf edir. Qeyd olunub ki, Samux rayonunda ərik bağlarının sahəsi 500 hektardan artıqdır və burada 16 müxtəlif ərik sortu yetişdirilir.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxışında aqrar sahənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının aqrar sektorda məhsuldarlığın artırılması, innovasiyaların tətbiqinin genişləndirilməsi, emal sənayesinin inkişafı və fermerlərin gəlirlərinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Nazir müavini həmçinin Aqrar Biznes Festivallarının fermerlər, dövlət qurumları və özəl sektor nümayəndələri arasında əməkdaşlığın genişlənməsinə, yeni texnologiyaların və dövlət dəstəyi mexanizmlərinin təşviqinə mühüm töhfə verdiyini vurğulayıb. Qeyd edilib ki, cari dövrədək bölgələrdə 93 Aqrar Biznes Festivalı, o cümlədən ötən ildən hazırkı dövrədək festivallar çərçivəsində 20 bölgədə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirəsi keçirilib.

Festival çərçivəsində fermerlərin maarifləndirilməsi məqsədilə məlumatlandırma tədbirləri də təşkil olunub. Tədbirdən bir gün əvvəl Samux rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə 9 dövlət və özəl qurumun nümayəndələri iştirak edərək fermer və sahibkarları aqrar sahədə mövcud dəstək mexanizmləri, güzəştli maliyyələşdirmə imkanları, aqrar sığorta, məşğulluq və özünüməşğulluq proqramları, peşə təhsili və kadr hazırlığı, fitosanitar və baytarlıq təhlükəsizliyi, eləcə də su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırıblar.

Festivalın rəsmi hissəsindən sonra festival iştirakçıları üçün konsert proqramı təqdim olunub. Festival atəşfəşanlıq nümayişi ilə başa çatıb.