22 iyun 2026 14:23
61

Azərbaycan Alpinizm Federasiyasının üzvləri Dolomit dağlarında Monte Paterno zirvəsinə yüksəliblər

Bakı — Azərbaycan Alpinizm Federasiyasının üzvləri Məmmədova Fidan və Səfərova Sima 18–19 iyun tarixlərində İtaliya Respublikasının şimalında yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dolomit dağlarında növbəti uğurlu dağçılıq fəaliyyətini həyata keçiriblər.

“İki sahil” xəbər verir ki, federasiya üzvləri Tre Cime di Lavaredo (Tre Çime di Lavaredo — “Lavaredonun üç zirvəsi”) massivində yerləşən, 2744 metr hündürlüyə malik Monte Paterno zirvəsinə məşhur De Luca–Innerkofler Via Ferrata marşrutu üzrə uğurla yüksəliblər. Texniki xüsusiyyətləri, qayalıq keçidləri, ekspozisiyalı hissələri və Birinci Dünya Müharibəsi dövründən qalmış tarixi tunelləri ilə seçilən bu marşrut Dolomitlərin ən maraqlı və populyar via ferrata marşrutlarından biridir. Via ferrata sığorta trosları, metal pilləkənlər və dayaqlarla təchiz edilmiş qayalıq dağ marşrutlarına verilən addır. Yüksəliş zamanı iştirakçılar mürəkkəb dağ relyefi, sıldırım qayalıqlar və yüksək dağ şəraitinin yaratdığı çətinlikləri uğurla dəf edərək zirvəyə çatıblar. Zirvədən Tre Cime di Lavaredo, Cadini di Misurina və ətraf Dolomit silsilələrinin möhtəşəm mənzərələri müşahidə olunub.

Səfər çərçivəsində federasiya üzvləri regionun dağçılıq infrastrukturu, via ferrata sistemləri və təhlükəsizlik yanaşmaları ilə də yaxından tanış olublar. Bu fəaliyyət Azərbaycan alpinizm və dağçılıq idmanının beynəlxalq dağ regionlarında təmsil olunmasına, həmçinin federasiya üzvlərinin texniki hazırlığının və dağ təcrübəsinin artırılmasına mühüm töhfə verir.

Azərbaycan Alpinizm Federasiyası idmançılarımızı əldə etdikləri nəticə münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar və təhlükəsiz yüksəlişlər arzulayır.