22 iyun 2026 15:52
117

Etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirən səfər

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu səfər, eyni zamanda Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, Xəzər regionunda qarşılıqlı fəaliyyətin güclənməsinə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan xalqlarını ortaq etnik köklər, dil birliyi, zəngin mədəni irs, tarixi bağlılıq və ümumi mənəvi dəyərlər birləşdirir: “Əsrlərin sınağından çıxmış bu qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın etibarlı təməlinə çevrilib. Məhz bu möhkəm əsas üzərində formalaşan Azərbaycan-Türkmənistan əlaqələri son illərdə məzmun və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə yüksəlib. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu gücləndirib. Türkmənistan da öz növbəsində Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri kimi regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində fəal iştirak edir. Bu baxımdan Bakı ilə Aşqabad arasında əlaqələrin genişlənməsi yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin möhkəmlənməsinə xidmət edir”.

Deputat qeyd edib ki, Azərbaycan–Türkmənistan münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər və intensiv siyasi dialoq mühüm rol oynayır: “Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikası bunun əyani göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistana 2 rəsmi və 5 işgüzar səfər həyata keçirib. Dövlətimizin başçısının 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə iştirakı isə regional əməkdaşlığın yeni formatlar üzrə inkişafına verilən önəmin bariz ifadəsi olub. Bu görüş Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya əməkdaşlığının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı münasibətlərin inkişafına Türkmənistan tərəfi də eyni fəallıqla töhfə verir. Belə ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Bakıya səfər etmişdi. Bundan əlavə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov son illərdə Azərbaycana bir neçə dəfə səfər edərək ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Xüsusilə onun 2025-ci ildə Qəbələ şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan parlament rəhbərlərinin görüşü çərçivəsində ölkəmizə səfəri Türk dünyasında siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından diqqətçəkən hadisələrdən biri olub. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət rəhbərləri arasında qarşılıqlı etimad, xalqlarımızı birləşdirən ortaq dəyərlər və üst-üstə düşən milli maraqlar gələcək illərdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə möhkəm əsas yaradır”.

S.Salmanova bildirib ki, Azərbaycan və Türkmənistan arasında formalaşmış əməkdaşlığın mühüm dayaqlarından biri də zəngin hüquqi-normativ bazadır: “İki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və mədəni sahələri əhatə edən 100-dən çox ikitərəfli sənəd imzalanıb. Həmin sənədlər dövlətlərarası münasibətlərin ardıcıl inkişafı üçün möhkəm institusional zəmin formalaşdırmaqla yanaşı, əməkdaşlığın gələcək istiqamətlərini də müəyyənləşdirir. Hüquqi bazanın davamlı şəkildə təkmilləşdirilməsi Bakı ilə Aşqabad arasında əlaqələrin strateji xarakter daşıdığını və uzunmüddətli perspektivə hesablandığını göstərir. Azərbaycan və Türkmənistan beynəlxalq münasibətlər sistemində də bir-birinin etibarlı tərəfdaşı kimi çıxış edirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və digər nüfuzlu beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir. Bu amil dövlətlərimizin xarici siyasət prioritetlərinin bir çox məsələlərdə üst-üstə düşdüyünü, regional və qlobal proseslərə münasibətdə ortaq yanaşmalar sərgilədiyini təsdiqləyir. Xüsusilə Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq hüququn fundamental prinsiplərinin qorunması məsələlərində Bakı ilə Aşqabadın mövqeləri yaxınlığı ilə seçilir”.

“İkitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası da mühüm rol oynayır. Azərbaycan və Türkmənistan parlamentləri arasında formalaşmış səmərəli əməkdaşlıq qanunverici orqanlar səviyyəsində siyasi dialoqun genişlənməsinə, humanitar əlaqələrin dərinləşməsinə və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələndirilmiş fəaliyyət Azərbaycan–Türkmənistan strateji tərəfdaşlığının mühüm tərkib hissəsinə çevrilib”, - deputat söyləyib.

Parlamentari söyləyib ki, Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin bugünkü yüksək səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət kursu müstəsna rol oynayır:  “Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi nüfuzunu daha da möhkəmləndirib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri də dövlət başçıları arasında formalaşmış yüksək etimadın, qarşılıqlı hörmətin və strateji baxışın növbəti təzahürüdür. Bu səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində iki qardaş ölkə arasında əməkdaşlıq bundan sonra da daha da genişlənəcək, Xəzər regionunda sabitliyin, enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə, eyni zamanda Türk dünyasında həmrəyliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfələr verəcək”.