22 iyun 2026 20:20
89

Təhsil naziri: Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır

Hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır.

"Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram. Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. İnsan uğur əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət, tələbkarlıq və narahatlıq tələb edir", - Emin Əmrullayev bildirib.

Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da Trend İnformasiya Agentliyində, APA İnformasiya Agentliyində və "Xəzər TV" televiziya kanalında yayımlanacaq.