Almaniyanın müdafiə naziri Boris Pistorius Litvada NATO-nun şərq cinahının müdafiəsinə həsr olunmuş “Freedom Shield” hərbi təlimlərini izləyib.
“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Belarus sərhədindən təxminən 20 kilometr məsafədə yerləşən Pabrade hərbi poliqonunda keçirilən təlimlərdə ümumilikdə səkkiz NATO ölkəsindən 2900-dək hərbçi və 800-ə yaxın hərbi texnika iştirak edir. Onlardan 2300-ü Almaniya Silahlı Qüvvələrinin (Bundesver) hərbçiləridir.
Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının tətbiqi və onlara qarşı mübarizə üsulları sınaqdan keçirilir. Bu məqsədlə 300-dən çox drondan istifadə olunur. Dronların tanklar və digər ənənəvi silah sistemləri ilə birlikdə tətbiqi NATO-nun şərq cinahında mümkün döyüş şəraitinin mümkün qədər real şəkildə canlandırılmasına xidmət edir.
Almaniya Rusiya-Ukrayna müharibəsindən sonra Litvada Bundesver qüvvələrinin daimi yerləşdirilməsi barədə öhdəlik götürüb. Plana əsasən, Almaniyanın tank briqadası 2027-ci ilədək təxminən 4800 hərbçi və 200 mülki əməkdaşdan ibarət tam döyüş qabiliyyətli birləşmə kimi formalaşdırılmalıdır. Hazırda Litvada təxminən 1800 Bundesver əməkdaşı xidmət edir.