23 iyun 2026 01:51
104

Ankarada iyunun 28-dən iyulun 11-dək aksiyaların keçirilməsi qadağan olunub

Türkiyənin Ankara vilayətinin rəhbərliyi 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək 36-cı NATO zirvəsi çərçivəsində şəhər ərazisində təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, bu çərçivədə 28 iyun yerli vaxtla saat 00:00-dan 10 iyul saat 23:59-dək toplantı, nümayiş yürüşü, mətbuat açıqlaması, etiraz, stend açma, çadır qurma və bənzər aksiya və tədbirlər qadağan edilib.

"İcazə olmadan dron uçuşları da qadağa çərçivəsində olacaq", - məlumatda bildirilib. Əlavə edilib ki, NATO zirvəsi çərçivəsində qonaqların qalacağı yerlərdə, toplantı məkanlarında və nümayəndə heyətlərinin keçid marşrutlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Zirvənin keçiriləcəyi ərazilər, nümayəndə heyətinin qalacağı yerlər və keçid marşrutları başda olmaqla, müəyyən edilmiş həssas bölgələrə səlahiyyətsiz nəqliyyat vasitələrinin və şəxslərin girişi məhdudlaşdırılacaq:

"Açıq və qapalı məkanlarda keçiriləcək toplantı və nümayiş yürüşü, mətbuat açıqlaması, aclıq aksiyası, oturaq aksiya, etiraz, mitinq, stend açma, çadır qurma, bildiriş və broşür paylama, afişa, plakat asma kimi aksiya və tədbirlər də qadağan edilib".