“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb.
“İki sahil” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən xəbər verir ki, 10–11 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən sonra uşaqlar “Nilado Green” çay plantasiyasına ekskursiya ediblər. Sonra psixoloqlar tərəfindən tanışlıq, ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş təlim, eləcə də stolüstü oyun saatı keçirilib.
İkinci gün uşaqlar Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə əraziyə yerləşdirilən xüsusi idman alətlərindən istifadə etməklə səhər idmanına qatılıblar.
Gün ərzində “Gənc Psixoloqlar" İctimai Birliyinin psixoloqları ilə görüş, uşaq parkında əyləncə proqramı və “face-art” fəaliyyəti təşkil olunub.
ASAN Radio və ASAN TV-nin təşkilati dəstəyi ilə keçirilən konsert proqramında estrada müğənnisi Elçin Cəfərovun çıxışı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin aktyorlar İlkin Həsəni və Elşən Orucov şəhid övladları ilə görüşüblər.
Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.
Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel
Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC
Dəstəkçilər: “Badamlı" və “Milla”
Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV