Bu səbəbdən müasir dövrdə yalnız peşəkar mütəxəssis hazırlığı deyil, erkən yaşlardan texnoloji düşüncə tərzinin formalaşdırılması da vacib hesab olunur
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, süni intellektin isə qlobal iqtisadiyyatın və cəmiyyətlərin gələcəyini formalaşdıran əsas qüvvələrdən birinə çevrildiyi müasir dövrdə ölkələrin rəqabət üstünlüyü artıq yalnız təbii resurslar və ya ənənəvi iqtisadi göstəricilərlə deyil, bilik, innovasiya və insan kapitalının səviyyəsi ilə müəyyən olunur. Məhz bu baxımdan süni intellekt sahəsində güclü ekosistemin qurulması, yüksəkixtisaslı kadr potensialının formalaşdırılması və rəqəmsal bacarıqların genişləndirilməsi strateji əhəmiyyət daşıyan məsələlər sırasındadır.
Azərbaycan da bu qlobal transformasiyanın fəal iştirakçısı kimi süni intellekt texnologiyalarının inkişafı və tətbiqini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Süni İntellekt Strategiyasında təhsil, insan kapitalının inkişafı, innovasiya mədəniyyətinin təşviqi və rəqəmsal savadlılığın artırılması mühüm hədəflər kimi qarşıya qoyulub. Bu məqsədlərə nail olmaq üçün həyata keçirilən təşəbbüslər ölkədə yeni bilik iqtisadiyyatının formalaşdırılmasına, innovativ düşüncənin təşviqinə və gələcəyin peşələrinə hazırlığın gücləndirilməsinə xidmət edir.
Milli Süni İntellekt Mərkəzinin həyata keçirdiyi “Neyron” təhsil platforması və “AI Community” təşəbbüsü məhz bu strateji baxışın praktiki təzahürüdür. “Neyron” süni intellekt və rəqəmsal texnologiyalar sahəsində müasir biliklərin daha geniş auditoriyaya çatdırılmasını, fərdlərin peşəkar inkişafını və əmək bazarının yeni tələblərinə uyğun bacarıqlar qazanmasını hədəfləyir. “AI Community” isə ölkənin süni intellekt ekosisteminin formalaşmasına töhfə vermək məqsədilə mütəxəssisləri, tədqiqatçıları, tələbələri və texnologiyaya maraq göstərən bütün şəxsləri vahid əməkdaşlıq platformasında bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır.
“İki sahil” qəzetinin bu təşəbbüslərin məqsədləri, perspektivləri və Azərbaycanın rəqəmsal transformasiya prosesində oynayacağı rol barədə suallarını Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə cavablandırır.

- Azərbaycan Respublikasının Süni İntellekt Strategiyasında təhsil və insan kapitalının inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. “Neyron” platformasının yaradılması ideyası hansı ehtiyaclardan qaynaqlanıb və bu layihə Strategiyanın hədəflərinə necə töhfə verir?
- Süni intellekt texnologiyaları həyatımızın bütün sahələrinə sürətlə inteqrasiya olunduqca, bu sahədə bilik və bacarıqların erkən yaşlardan formalaşdırılması strateji əhəmiyyət daşıyır. Bu gün uşaqlar və gənclər müxtəlif rəqəmsal texnologiyalardan istifadə etsələr də, süni intellektin necə işlədiyi, hansı prinsiplərə əsaslandığı və gələcəyin peşələrinə necə təsir göstərəcəyi barədə sistemli bilik əldə etmək imkanları məhduddur.
“Neyron” məhz bu ehtiyacdan yaranıb. Platformanın məqsədi süni intellekti sadəcə istifadə olunan texnologiya kimi deyil, başa düşülən və öyrənilən bir sahə kimi təqdim etməkdir. Layihə Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş süni intellekt savadlılığının artırılması, insan kapitalının inkişafı və gələcək bacarıqların formalaşdırılması istiqamətlərinə töhfə verməyi hədəfləyir. “Neyron” vasitəsilə daha geniş auditoriyanın süni intellekt mövzusunda məlumatlılığının artırılması və gələcəyin rəqəmsal iqtisadiyyatı üçün hazırlıqlı nəslin formalaşdırılması nəzərdə tutulur.
- “Neyron” platformasının ən mühüm fərqləndirici xüsusiyyətləri hansılardır? Platforma istifadəçilərə fərdiləşdirilmiş və effektiv öyrənmə imkanlarını hansı mexanizmlər vasitəsilə təqdim edir?
- “Neyron”un əsas fərqləndirici xüsusiyyəti süni intellekt sahəsində bilikləri şagirdlər üçün sadə, anlaşıqlı və maraqlı formada təqdim etməsidir. Platforma nəzəri biliklərlə yanaşı, interaktiv fəaliyyətlər və praktik tapşırıqlar vasitəsilə öyrənmə prosesini daha cəlbedici edir. Azərbaycan dilində hazırlanmış məzmunun təqdim olunması isə şagirdlərin mövzunu daha rahat mənimsəməsinə şərait yaradır.
Platformanın hazırlanması zamanı ən vacib yanaşmalardan biri də ənənəvi uzunmüddətli və məlumatyüklü “blog formatı”ndan uzaq durmaq olub. Bunun əvəzinə dərslər məntiqi və ardıcıl hissələrə bölünüb ki, mövzular şagirdlərə mərhələli şəkildə təqdim olunsun. Bu yanaşma yeni anlayışların daha rahat qavranılmasına, diqqətin qorunmasına və öyrənmə prosesinin daha effektiv təşkilinə imkan verir.
Platforma istifadəçilərin bilik səviyyəsini və öyrənmə tempini nəzərə alaraq mərhələli öyrənmə yanaşması tətbiq edir. Müxtəlif formatlı tapşırıqlar, qiymətləndirmə elementləri və interaktiv fəaliyyətlər vasitəsilə şagirdlər mövzuları öz sürətlərinə uyğun şəkildə mənimsəyə bilir, əldə etdikləri bilikləri isə praktik tətbiqlərlə möhkəmləndirirlər. Bu yanaşma öyrənmə prosesinin daha effektiv və davamlı olmasına kömək edir.

- Süni intellekt texnologiyalarının təhsil prosesinə inteqrasiyası dünya miqyasında sürətlə genişlənməkdədir. Bu kontekstdə “Neyron”un ölkəmizdə rəqəmsal təhsil mühitinin inkişafına hansı yenilikləri gətirəcəyini düşünürsünüz?
- Dünyada təhsil sistemləri artıq süni intellekt dövrünün tələblərinə uyğun transformasiya olunur. Bu proses yalnız texnologiyadan istifadə etməyi deyil, texnologiyanı anlamağı və onunla işləmə bacarıqlarını da əhatə edir.
“Neyron”un əsas yeniliyi süni intellekt mövzusunu məktəb yaşlı istifadəçilər üçün əlçatan və sistemli şəkildə təqdim etməsidir. Platforma şagirdlərə gələcəyin texnologiyalarını daha erkən yaşda tanımaq, analitik düşüncə bacarıqlarını inkişaf etdirmək və rəqəmsal dünyaya daha hazırlıqlı olmaq imkanı yaradır. Bununla yanaşı, platforma ölkədə süni intellekt savadlılığının genişlənməsinə, rəqəmsal təhsil mühitinin zənginləşməsinə və gələcək bacarıqların inkişafına töhfə verə biləcək yeni yanaşma təqdim edir.
- Platformanın hədəf auditoriyası kimlərdir? Müxtəlif yaş qrupları və peşə istiqamətləri üzrə istifadəçilər üçün hansı imkanlar nəzərdə tutulub?
“Neyron”un əsas hədəf auditoriyasını məktəb yaşlı şagirdlər təşkil edir. Platforma xüsusilə 5–11-ci sinif şagirdlərinin süni intellekt və rəqəmsal bacarıqlar üzrə ilkin biliklər əldə etməsinə dəstək vermək məqsədilə hazırlanıb.
Bununla yanaşı, platformadan valideynlər, müəllimlər və süni intellekt sahəsi ilə tanış olmaq istəyən digər istifadəçilər də faydalana bilərlər. Məzmun məktəblilərin yaş xüsusiyyətləri və öyrənmə ehtiyacları nəzərə alınaraq hazırlandığından, onların süni intellekt texnologiyalarını daha yaxşı anlamasına və gələcək rəqəmsal bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır.
Platforma eyni zamanda şagirdlərin gələcək peşə seçimləri ilə bağlı məlumatlılığının artırılmasına da töhfə verir. Süni intellekt üzrə biliklərin erkən yaşlardan formalaşdırılması gələcəkdə məlumat analitiki, maşın öyrənməsi mühəndisi, məlumat alimi (data scientist), proqram təminatı mühəndisi, robototexnika mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi, məhsul meneceri və digər texnologiya yönümlü peşələrə marağın yaranmasına və bu sahələr üzrə karyera imkanlarının daha yaxşı başa düşülməsinə kömək edir. "Neyron" platformasını Milli Süni İntellekt Mərkəzinin gənc nəslin gələcəyə hazırlanması istiqamətində həyata keçirdiyi strateji təşəbbüslərdən biri kimi qiymətləndirirəm. Platforma yalnız təhsil aləti kimi deyil, həm də şagirdlərin gələcək peşə seçimlərinə dair məlumatlılığının artırılmasında mühüm vasitə qismində çıxış edir. Süni intellekt sahəsində biliklərin erkən yaşlardan formalaşdırılması məlumat analitiki, maşın öyrənməsi mühəndisi, məlumat emalı, proqram təminatı mühəndisi, robototexnika mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və məhsul meneceri kimi yüksək tələbatlı texnologiya peşələrinə gənc auditoriyanın marağını formalaşdırır.
Bizim strateji baxışımızda "Neyron" platformasını məhdud bir vasitə kimi deyil, vahid təhsil ekosisteminin tərkib hissəsi kimi inkişaf etdirməkdir. Bu məqsədlə növbəti mərhələdə platformanın AI Academy ilə inteqrasiya çərçivəsində inkişaf etdirilməsi nəzərdə tutulur. Sözügedən əməkdaşlıq məktəblilər üçün formalaşdırılan ilkin bilik bazasının sonrakı mərhələlərdə sistematik şəkildə dərinləşdirilməsinə, fasiləsiz öyrənmə prosesinin qurulmasına və istifadəçilərin süni intellekt sahəsində ixtisaslaşmış bilik əldə etməsinə şərait yaradacaq.
AI Academy ölkəmizdə süni intellekt sahəsində bilik və bacarıqların inkişafına yönəlmiş aparıcı təhsil təşəbbüslərindən biri kimi çıxış edir. Akademiyanın əsas missiyası müxtəlif yaş qruplarından olan şəxslərə, tələbələrə, mütəxəssislərə və bu sahəyə maraq göstərən hər kəsə süni intellekt üzrə nəzəri və praktiki biliklər qazandırmaq, eləcə də onların müasir texnologiyalarla işləmək bacarıqlarını sistematik şəkildə inkişaf etdirməkdir.
- “Neyron”un tətbiqi nəticəsində ölkədə süni intellekt və rəqəmsal bacarıqlar üzrə kadr hazırlığına uzunmüddətli perspektivdə hansı təsirlərin olacağını gözləyirsiniz?
- Süni intellekt və rəqəmsal texnologiyalar gələcək əmək bazarını formalaşdıran əsas amillərdən biridir. Bu səbəbdən müasir dövrdə yalnız peşəkar mütəxəssis hazırlığı deyil, erkən yaşlardan texnoloji düşüncə tərzinin formalaşdırılması da vacib hesab olunur.
“Neyron”un uzunmüddətli məqsədi gələcəyin mütəxəssisləri üçün möhkəm təməl yaratmaqdır. Platforma vasitəsilə şagirdlərdə analitik düşüncə, problem həll etmə, alqoritmik yanaşma və rəqəmsal savadlılıq kimi bacarıqların inkişaf etdirilməsi hədəflənir. İnanırıq ki, bu istiqamətdə atılan addımlar gələcəkdə süni intellekt, data elmi, proqramlaşdırma və digər yüksək texnologiya sahələrində daha hazırlıqlı insan kapitalının formalaşmasına töhfə verəcək. Məqsəd yalnız bugünün deyil, həm də gələcəyin rəqəmsal iqtisadiyyatı üçün lazım olan bacarıqların inkişafına dəstək olmaqdır.

- Süni intellekt ekosisteminin formalaşdırılması ölkənin innovasiya potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “AI Community” layihəsinin əsas məqsədi və strateji missiyası barədə məlumat verərdinizmi?
-“AI Community” Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən mütəxəssisləri, tədqiqatçıları, biznes və dövlət qurumlarının nümayəndələrini, tələbələri, süni intellekt tətbiqçilərini, eləcə də bu sahəyə maraq göstərən şəxsləri vahid milli platforma ətrafında birləşdirən təşəbbüsdür.
İcmanın əsas məqsədi bilik və təcrübə mübadiləsini gücləndirmək, peşəkar əlaqələrin və əməkdaşlıqların qurulmasına şərait yaratmaq, yerli istedadların inkişafını dəstəkləmək, süni intellekt savadlılığını artırmaq və innovativ ideyaların real layihə və həllərə çevrilməsini təşviq etməkdir. Uzunmüddətli perspektivdə isə Azərbaycanda güclü, açıq və davamlı süni intellekt ekosisteminin formalaşdırılması hədəflənir.
- Layihə çərçivəsində mütəxəssislərin, tədqiqatçıların, tələbələrin və bu sahəyə maraq göstərən şəxslərin bir araya gətirilməsi hansı imkanlar yaradacaq? Bu əməkdaşlıq modelindən hansı nəticələr gözlənilir?
- Layihə çərçivəsində müxtəlif təcrübə, bilik və baxışlara malik iştirakçıların bir araya gətirilməsi daha geniş əməkdaşlıq imkanları yaradacaq. Tədqiqatçıların elmi yanaşması, mütəxəssislərin texniki və praktiki təcrübəsi, tələbələrin yeni ideyaları, biznes nümayəndələrinin real ehtiyacları, dövlət qurumlarının strateji baxışı, müxtəlif sahələrdə çalışan süni intellekt tətbiqçilərinin təcrübəsi və bu sahəyə maraq göstərən şəxslərin potensialı vahid platformada birləşəcək.
Bu əməkdaşlıq modeli bilik və təcrübə mübadiləsini sürətləndirəcək, yeni peşəkar əlaqələrin qurulmasına, mentorluq imkanlarının genişlənməsinə və ortaq təşəbbüslərin yaranmasına şərait yaradacaq. Eyni zamanda, akademik mühit, biznes, dövlət və cəmiyyət arasında əlaqələrin güclənməsi mövcud ehtiyacların daha düzgün müəyyən edilməsinə və elmi ideyaların praktik həllərə çevrilməsinə imkan verəcək.
Nəticədə real problemlərə yönəlmiş süni intellekt həllərinin hazırlanması, birgə tədqiqat və layihələrin həyata keçirilməsi, yerli istedadların inkişafı, yeni bilik və bacarıqların formalaşması, innovativ təşəbbüslərin dəstəklənməsi gözlənilir. Uzunmüddətli perspektivdə isə bu model Azərbaycanda əməkdaşlığa açıq, dayanıqlı və real nəticələr yaradan süni intellekt ekosisteminin formalaşmasına töhfə verəcək.

- “AI Community”nin fəaliyyətində bilik və təcrübə mübadiləsinin təşviqi üçün hansı mexanizmlərdən istifadə olunacaq? İcmanın üzvləri üçün hansı praktiki imkanlar nəzərdə tutulur?
- “AI Community” çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi üçün onlayn platformadan, tematik görüşlərdən, seminar və müzakirələrdən, praktiki vörkşoplardan, eləcə də ekspert çıxışlarından istifadə olunması nəzərdə tutulur. Bu fəaliyyətlər vasitəsilə icma üzvləri süni intellekt sahəsindəki yeniliklərlə tanış ola, müxtəlif sahələrdə əldə olunan təcrübələri öyrənə və öz biliklərini digər iştirakçılarla paylaşa biləcəklər.
İcma üzvləri,həmçinin yeni peşəkar əlaqələr qurmaq, ortaq maraqları olan şəxslərlə bir araya gəlmək, birgə layihə və təşəbbüslərdə iştirak etmək, eləcə də real ehtiyac və problemlər ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
Məsələn, icma çərçivəsində təşkil olunan seminar və müzakirələrdə mütəxəssislər müxtəlif layihələrdə əldə etdikləri təcrübələri paylaşa, iştirakçılar isə yeni süni intellekt alətləri, tətbiq sahələri və praktiki yanaşmalarla tanış ola biləcəklər. Əsas məqsəd bilik mübadiləsinin yalnız nəzəri səviyyədə qalmaması, yeni əməkdaşlıqlara, layihələrə və praktik həllərə çevrilməsidir.
- Dünyada süni intellekt sahəsində uğurlu icma modelləri mövcuddur. “AI Community” layihəsində beynəlxalq təcrübənin tətbiqi və qlobal əməkdaşlıq istiqamətində hansı planlar var?
- “AI Community” layihəsində beynəlxalq təcrübənin öyrənilməsi və yerli ekosistemin ehtiyaclarına uyğun tətbiqi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Bu məqsədlə dünyada fəaliyyət göstərən uğurlu süni intellekt icmalarının təcrübəsinin araşdırılması, onların əməkdaşlıq, bilik mübadiləsi və innovasiya modellərindən faydalanılması planlaşdırılır. Qlobal əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin, tədqiqatçıların və texnologiya təşkilatlarının icmanın tədbir və müzakirələrinə cəlb edilməsi, xarici icmalarla əlaqələrin qurulması, birgə tədbir, layihə və təcrübə mübadiləsi imkanlarının yaradılması nəzərdə tutulur.
Bu əməkdaşlıqlar vasitəsilə icma üzvləri qlobal süni intellekt trendləri, yeni texnologiyalar və beynəlxalq tətbiq nümunələri ilə daha yaxından tanış ola biləcəklər. Eyni zamanda, yerli mütəxəssislərin və layihələrin beynəlxalq platformalarda tanıdılması, Azərbaycanın süni intellekt ekosisteminin qlobal şəbəkələrə inteqrasiyası və yeni tərəfdaşlıqların formalaşdırılması hədəflənir.
Yaqut Ağaşahqızı, “İki sahil”